Şeyxülislamdan novruz təbriki Hadisə

Şeyxülislamdan novruz təbriki

Allahşükür Paşazadə: "Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Əziz həmvətənlərim!
Sizi qarşıdan gələn xalqımızın qədim və gözəl bayramı - Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, bol-bol bayram sevinci diləyirəm.
Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır".
Şeyxin sözlərinə görə, Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır: "Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir. Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir.
Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun qədəmləri mübarək olsun!"