Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək Mədəniyyət

Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, professor, Dövlət mükafatı laureatı, Xalq artisti, Ramiz Quliyevlə gənclərin görüşü və konsert proqramı təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir məşhur sənətkarın yaradıcılıq və müəllimlik fəaliyyətinin 60 illik yubileyinə həsr olunacaq.

“MədəniyyətimİZ” layihəsi çərçivəsində reallaşacaq görüş Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği ilə bağlıdır.

Tədbirdə “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Görüşün bədii hissəsində isə ifaçı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim olunacaq.