Bakıda Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin təqdimatı olub Mədəniyyət

Bakıda Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin təqdimatı olub

"YARAT" Müasir İncəsənət Mərkəzi və Qafqaz Səyyar Fotoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə muzeyin təqdimatı və açıq mühazirə keçirilib.
Təqdimat zamanı aparıcı müasir (regional və beynəlxalq səviyyədə tanınmış və yaradıcılığa yeni başlayan) fotoqrafların ən son əsərlərinin slayd-şousu nümayiş olunub.
Foto ustaların əsərlərinin nümayişi ilə yanaşı, tədbirə Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradzenin "Cənubi Qafqazda fotoqrafiya sənəti və Avropa mədəni innovasiyaları ilə əlaqə" adlı açıq mühazirəsi dinlənilib.
Səyyar Fotoqrafiya Muzeyi – Gürcüstan və Cənubi Qafqazın fotoqrafiya sənətinin tanınmış nümayəndəsi Aleksandr Roinaşvilinin ixtirasıdır. XIX əsrin ikinci yarısında muzey Gürcüstan və Rusiya şəhərlərinə səyahət edərək, hər kəsi öz zəngin kolleksiyası ilə tanış edirdi. İndiki dövrümüzdə muzey öz adət-ənənələrinə sadiq qalır, bununla yanaşı qurum fotoqrafiya sənəti ilə bağlı ictimaiyyət üçün müxtəlif mühazirələr təşkil edir.