“Tramp Venesuelada çəkindirmə bərpa edir” Gündəm

“Tramp Venesuelada çəkindirmə bərpa edir”

“Venesuelada Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ABŞ-ın 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında göstərilən Monro Doktrinasının “Tramp əlavəsi”nin faktiki işə salınmasıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, bu addım ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı strateji üstünlüyünü yenidən bərpa etmək məqsədi daşıyır və təkcə Kuba, Kolumbiya və Meksikaya deyil, həmçinin Pekin və Moskvaya açıq çağırışdır:

“Baş verənlərdən ən çox narahat olan ölkələrdən biri Çinidir.Pekin Maduronun razılığı ilə Venesuela neftinin əsas alıcılarından biri idi və Çin şirkətləri nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. ABŞ-ın dəstəklədiyi siyasətçi Venesuelaya rəhbər təyin olunarsa, Çin bu ölkənin zənginliklərindən faydalana bilməyəcək.Tramp administrasiyasının təhdidləri yalnız Latın Amerikası ilə məhdudlaşmır.ABŞ prezidenti Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq Danimarkanı hədələyib, Kanadaya qarşı da oxşar mesajlar verib. Eyni zamanda ABŞ Avropa İttifaqını zəiflətmək və iqtisadi rəqiblər sırasından çıxarmaq niyyətindədir.Tramp administrasiyasının hədəfində təkcə Latın Amerikası deyil.Venesuelada Maduronun hakimiyyətdən uzaqlaşdırılması ABŞ-ın maraqları ilə uyğun təhlükəsizlik nizamına sadiqliyinin açıq göstəricisi kimi qəbul ediləcək və qlobal çəkindirmənin yenidən bərpası cəhdidir”.

Günel Elxan