“Diqqət pozuntusu yalnız zehni deyil” Gündəm

“Diqqət pozuntusu yalnız zehni deyil”

“DƏHP sindromu, diqqət əksikliyi və hiperaktivlik pozuntuları yalnız psixoloji deyil, həm də maddələr mübadiləsi və endokrinoloji problemlərlə əlaqəlidir”.

Bunu klinik psixoloq Gülşən Rüstəmova “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Psixoloqun fikrincə, bu pozuntular varsa, mütləq endokrinoloji müayinədən keçmək lazımdır: “Maddələr düzgün paylanmadıqda sinir hüceyrələri qidalanmır və funksiyalarını düzgün yerinə yetirə bilmir. Eyni zamanda vitamin və mineral çatışmazlığı insanın yuxusuna da təsir edir. Buna görə immun sistemi və qan dövranı da mütləq yoxlanılmalıdır. DƏHPsindromu yeni sindrom deyil, sadəcə son dövrlər sosial şəbəkələrin aktivliyi ilə gündəmə gəlib. İnternet və sosial şəbəkələr bu problemin başlanğıcı deyil. Əslində, dəcəl və diqqəti dağınıq uşaqlar hər zaman olub. Sadəcə sosiallaşma və informasiya vasitələri valideynlərə və mütəxəssislərə bu mövzuda məlumatlı olmağa imkan yaratdı”.

Gülşən Rüstəmova ailələrin üzərinə düşən vəzifəni vurğulayıb:
“Valideyn övladının düzgün böyüməsini istəyirsə, birinci öz üzərində işləməlidir. Övlad kitab oxumağı tələb edirsə, valideynin özü də bunu etməsi vacibdir. Evdə valideyn telefonda və ya sosial şəbəkədə çox vaxt keçirirsə, övlad da bunu nümunə götürəcək. Hər şey valideyndən başlamalıdır. Bu günün gəncləri fərqlidir. Ailə qurmadan əvvəl gənclər artıq psixoloqa müraciət edir və məsləhət alırlar. Mən 24 ildir fəaliyyət göstərirəm və son 10 ildə ailə qurmaya hazırlanan gənc cütlüklərin müraciətləri daha çox artıb. Bu, ümidverici bir haldır, bu gənclər öz sözünü deyəcək. Uşaqlarda diqqət əksikliyi və hiperaktivlik pozuntularının həlli üçün emosional inkişaf, valideyn nümunəsi və düzgün endokrinoloji yanaşma çox önəmlidir. Sosial şəbəkələr yalnız təsir faktorudur, əsas məsuliyyət valideynlərin öz üzərində işləməsindədir”.

Günel Elxan