Azərbaycana qarşı ədalətsiz yanaşma: siyasi təzyiq aləti aradan qaldırılır Gündəm

Azərbaycana qarşı ədalətsiz yanaşma: siyasi təzyiq aləti aradan qaldırılır

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Prezident müsahibə zamanı bir çox məsələlərə, problemlərə toxunub. Dövlət başçısı müsahibəsində 907-ci düzəlişlə bağlı da fikirlərini bölüşüb. Bu barədə danışarkən Prezident İlham Əliyev Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olduğunu ifadə edib.

Millət vəkilləri və politoloqlar Prezidentin 907-ci düzəlişlə bağlı söylədiklərindən yola çıxaraq bu istiqamətdə fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.

“O administrasiya Azərbaycanla münasibətlərdə maraqlı deyildi”

Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ABŞ ilə münasibətlərin düzgün qurulmaması bu düzəlişin qəbul edilməsində rol oynadı: “Ancaq bununla belə həmin düzəlişin tərəfdarı, təşəbbüskarı olan şəxsin Co Baydenin sonradan ABŞ-nin vitse-prezidenti və prezidenti olması düzəlişin uzun müddət qalmasına səbəb oldu. O administrasiya Azərbaycanla münasibətlərdə bir o qədər maraqlı deyildi. Əksinə, erməni lobbisinin təsiri altında münasibətlərdə mümkün qədər gərginlik, soyuqluq yaratmağa çalışırdı”.

“Konqresdə düzəlişin tamamilə aradan qaldırılması üzərində iş gedir”

A.Mirzəzadə qeyd edib ki, ancaq Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycanla münasibətləri ABŞ-nin xarici siyasətində əsas prioritetlərdən birinə çevirdi və Prezident Trampın imzası ilə bu il 907-ci düzəlişin bir illiyə dayandırılmasının özü Azərbaycan xarici siyasətinin uğurlarından biri kimi qiymətləndirilə bilər: “Həmçinin artıq Konqresdə düzəlişin tamamilə aradan qaldırılması üzərində iş gedir. ABŞ administrasiyası bu məsələdə maraqlıdır. ABŞ ilə Azərbaycan arasında strateji məsələlərin həlli ilə bağlı İşçi Qrup yaradılıb. Bu, onu göstərir ki, Azərbaycanın apardığı xarici siyasət, Azərbaycanın ABŞ siyasi elitası ilə sıx işləməsi Azərbaycana qarşı ədalətsizliyin aradan qalxması üçün geniş yol açdı”.

“Cənab Prezident dövlətçiliyimizi uğurla möhkəmləndirir”

Deputat hesab edir ki, bu, bir daha beynəlxalq birliklə, dünyanın aparıcı dövlətləri ilə daim sıx işləmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq lazım olduğunu göstərir: “Bunun üçünsə ilk növbədə milli dövlətin özü güclü olmalıdır. O dövlət ki, onu Ulu Öndər Heydər Əliyev yaratdı, o dövlət ki, onu bu gün cənab Prezident uğurla möhkəmləndirir, müstəqilliyimizi əbədi edir və böyük dövlətlər Azərbaycanla münasibət qurmaqda maraqlı olduqlarını ortaya qoyurlar”.

“907-ci düzəliş Azərbaycana qarşı ədalətsiz yanaşmanın göstəricisidir”

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, Prezident cənab İlham Əliyevin 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan-ABŞ münasibətlərini real prizmadan dəyərləndirməyə imkan verir: “907-ci düzəliş uzun müddət Azərbaycana qarşı ədalətsiz, selektiv yanaşmanın göstəricisi olub. ABŞ Konqresi tərəfindən, xüsusilə, erməni diasporunun təsiri ilə qəbul edilən qətnamə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, işğal faktorunu təhrif edərək məhz işğala məruz qalan tərəfə tətbiq edilib. Bu isə ikili standartlar anlayışının klassik nümunəsi kimi qiymətləndirilməlidir”.

“Bayden administrasiyası ilə bağlı tənqidi fikirləri tam əsaslı yanaşmadır”

Deputatın sözlərinə görə, biz müxtəlif zamanlarda rəsmi Vaşinqton tərəfindən sözügedən düzəlişin dondurulmasının şahidi olmuşuq: “Bu isə birmənalı şəkildə Birləşmiş Ştatların geosiyasi maraqları çərçivəsində reallaşıb. Yəni 11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstandakı hərbi əməliyyatları üçün Azərbaycanın strateji üstünlüklərindən yararlanmaq istəyi ABŞ prezidentlərini öz səlahiyyətlərindən istifadə edərək 907-ci düzəlişin tətbiqini dayandırılması zərurətini yaradırdı. Bu səbəbdən proses keçici olaraq dondurulurdu. Lakin Birləşmiş Ştatların prezident Bayden dövründə Əfqanıstandan çəkilməsi həmin düzəlişin yenidən aktivləşdirilməsi ilə nəticələndi. Bu kontekstdə cənab Prezident İlham Əliyevin Bayden administrasiyasına yönəlik tənqidi fikirləri tam əsaslı yanaşmadır”.

Bakı-Vaşinqton münasibətlərində yeni səhifə

G.Ağamalı əlavə edib ki, ancaq hazırda Bakı-Vaşinqton münasibətlərində tamamilə yeni bir səhifə açılıb: “Geridə qoyduğumuz il ölkə rəhbərimizin ABŞ-yə səfəri və səfər çərçivəsində məhz 907-ci düzəlişin dondurulması ilə bağlı ABŞ Prezidenti Donald Trampla razılaşması ikitərəfli əlaqələrimizin məhz dəyərlər üzərində qurulacağının göstəricidir. İnanırıq ki, qarşıdakı dövrdə ABŞ Konqresi bu ədalətsiz yanaşmanı birdəfəlik ləğv etməklə münasibətlərimizin daha sağlam təməllər üzərində inkişafına stimul verəcək”.

“Bu düzəliş ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə olunurdu”

Politoloq Tural İsmayılov deyib ki, 907-ci düzəliş ABŞ Konqresində qəbul edilən və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran hüquqi sənəddir: “Onun mahiyyəti ondan ibarət idi ki, Azərbaycan guya Ermənistanla münaqişədə “blokada” siyasəti yürüdür və buna görə də yardım ala bilməz. Halbuki, bu düzəliş açıq-aşkar erməni lobbisinin təsiri ilə qəbul edilmişdi və illərlə ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə olunurdu”.

“ABŞ-nin siyasəti prinsiplərə deyil, öz maraqlarına əsaslanır”

T.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, 11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxdı: “Bu səbəbdən Amerika administrasiyası düzəlişin tətbiqini dayandırdı və 2024-cü ilə qədər bu vəziyyət davam etdi. Lakin missiya başa çatdıqdan sonra Bayden administrasiyası düzəlişi yenidən işə saldı. Bu, bir daha göstərir ki, ABŞ-nin siyasəti prinsiplərə deyil, yalnız öz maraqlarına əsaslanır. Azərbaycan lazım olanda tərəfdaş, lazım olmayanda isə təzyiq hədəfi kimi təqdim olunur. Politoloq baxışından bu, Qərbin ikili standartlarının bariz nümunəsidir. Əslində, düzəlişin iqtisadi təsiri yoxdur. Çünki Azərbaycan müstəqil enerji siyasəti, güclü iqtisadiyyatı və regional layihələri ilə özünü təmin edir. Amma siyasi baxımdan bu addım ABŞ-nin etibarsız tərəfdaş olduğunu göstərir”.

“Bayden-Blinken administrasiyasının bu davranışı nankorluq və strateji korluqdur”

O əlavə edib ki, Azərbaycan isə öz milli maraqlarını qorumaqda qətiyyətlidir, müstəqil siyasət yürüdür və heç bir xarici gücün diktəsinə boyun əymir: “Bayden-Blinken administrasiyasının bu davranışı həm nankorluq, həm də strateji korluqdur. Çünki Azərbaycan regionda sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq üçün mühüm ölkədir. ABŞ-nin bu cür qərəzli addımları yalnız öz nüfuzunu zəiflədirdi, Azərbaycan isə mövqeyini daha da gücləndiridi”.

Röya İsrafilova