Azərbaycan və Türkiyə arasında yeni saziş: qardaş ölkələrin enerji əməkdaşlığı güclənir Gündəm

Azərbaycan və Türkiyə arasında yeni saziş: qardaş ölkələrin enerji əməkdaşlığı güclənir

Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq müxtəlif istiqamətlərdə güclü əməkdaşlığa malikdir və zaman keçdikcə bu əməkdaşlıq daha da irəliyə daşınır. Elə bir neçə gün öncə Azərbaycan və Türkiyə arasında 15 il müddətinə təxminən 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan yeni qaz sazişi imzalanıb.

Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Sazişə görə Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə Türkiyəyə tədarük ediləcək.

“Xalq Cəbhəsi” sözügedən sazişin əhəmiyyəti ilə bağlı millət vəkillərinin, iqtisadçıların fikirlərini öyrənib.

“İki qardaş ölkənin enerji əməkdaşlığı güclənəcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Türkiyə və Azərbaycan arasında bağlanan yeni qaz sazişi iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsinə və eyni zamanda Azərbaycan ilə Türkiyə arasında enerji əməkdaşlığının gücləndirilməsinə imkan verəcək: “Türkiyə Azərbaycandan enerji alan əsas ölkələrdən biridir və Azərbaycanın mavi qazı hazırda 14 ölkəyə nəql edilir. O cümlədən məhz TANAP vasitəsilə Azərbaycanın mavi qazı Türkiyə bazarına çıxarılır. Amma yeni anlaşmaya əsasən Azərbaycanın Türkiyəyə ixracedici mavi qazın həcmini artırması nəzərdə tutulur”.

“Azərbaycan qazının nəql imkanları genişdir”

V.Bayramov əlavə edib ki, bu da nəticə etibarı ilə Azərbaycanın Türkiyə bazarındakı mövqeyinə və payına birbaşa təsir göstərəcək: “Ona görə də enerji əməkdaşlığı birmənalı şəkildə iki ölkə arasında strateji münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu bir daha təsdiq edir. Bu, ondan xəbər Azərbaycan mavi qazının nəql imkanları kifayət qədər genişdir. Xüsusən də Türkiyə bazarı dayanıqlı bir bazardır. Çünki mavi qaza tələbin yüksək olduğu bazarlardan biridir. Bu, bir tərəfdən Türkiyənin enerji təhlükəsizliyinin güclənməsi, digər tərəfdən isə Azərbaycan mavi qazının qardaş ölkə bazarına daxil olmasına imkan verəcək. Bu da hər iki ölkə üçün də iqtisadi baxımdan faydalı hesab olunur”.

“Türkiyə Avropaya qaz ixracı habına çevriləcək”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib ki, bu sazişin imzalanması ölkəmizin qaz ixracını daha da diversifikasiyalaşdıracaq: “Həmçinin Türkiyəni Avropaya qaz ixracı habına çevirəcək. Türkiyə qazı alaraq gələcəkdə Avropa ölkələrinə də ixrac edə bilər. Bu baxımdan, sözsüz ki, ölkəmizin qaz ixracı coğrafiyası da genişlənə bilər. Buna gələcəkdə digər türk dövlətləri də qoşula biləcək. Bu da qardaş Türkiyənin həm qaz təminatını yaxşılaşdıracaq, həm də Türkiyənin digər ölkələrə qaz ixracını təmin edəcək və gəlirlərinə təsir edəcək. Ölkəmiz bu istiqamətdə qaz ixracatçısı kimi dünyada nüfuzunu artırır, yerini, mövqeyini möhkəmləndirir, potensialını yüksəldir”.

“İqtisadiyyatımız yeni gəlirlər əldə edəcək”

E.Kərimli bildirib ki, digər tərəfdən gələcəkdə qaz tranzitindən də əlavə tranzit haqları əldə edəcək ki, bu da iqtisadiyyatımızın yeni gəlirlərin əldə olunmasını təmin edəcək: “Hesab edirəm ki, qaz ixracatımızın həm də həcm olaraq ilbəil artırılması nəzərdə tutulur. Bu gün dünyada tək qazın əldə edilməsi deyil, həm də satışı məsələsi var ki, ölkəmiz də addım-addım bu istiqamətdə geniş bazar münasibətləri, xarici iqtisadi əlaqələr qurur və qazını dünya bazarına sata bilir. Bu da qeyd etdiyim kimi xarici ticari əlaqələrimizin və xarici ticarət dövriyyəmizin artmasına müsbət təsir göstərir”.

“Ən böyük çəkiyə sahib ölkələrdən biri...”

İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, 15 il müddətinə 33 milyard kubmetr həcmində qazın tədarük olunmasını illərə böldükdə, əslində, o qədər də böyük həcm deyil: “Onsuz da Azərbaycan Türkiyəyə öz qazını ixrac edir və ixraclar arasında ən böyük çəkiyə sahib olan ölkələrdən biri məhz Türkiyədir. Bu kontekstdə hansısa təəccüblü bir məqam yoxdur. Qarşıdakı dönəmdə isə uzunmüddətli bir dövrün olması daha çox Türkiyənin sığortalı davranması anlamına gəlir. Ümumiyyətlə, Azərbaycan tək Türkiyəyə qarşı deyil, dünyanın bütün ölkələrinə qarşı etibarlı tərəfdaş mövqeyi tutub. Heç zaman öz resursundan və ondan olan asılılıqdan müxtəlif məqsədlər üçün istifadə etməyib. Türkiyə də qardaş ölkə olduğundan bu söhbət, ümumiyyətlə, müzakirə edilə bilməz”.

“Risk və maneə yoxdur”

E.Əmirov bu gün Azərbaycanın illik 50 milyard kubmetrdən artıq qaz hasilat etdiyini bildirərək əlavə edib ki, onun da yarıdan çoxu 25 milyard kubmetrdən artıq ixrac olunur: “Yəni belə bir ortamda 25 milyard kubmetrdən artıq qaz ixrac edən bir ölkə üçün təbii ki, bu həcmdə ixracın da reallaşdırılması hər hansısa bir risk və problem daşımır. Təbii ki, risklər hər zaman var. Risklər boru kəməri ilə bağlı, geosiyasi şoklarla bağlı, regionda hər hansısa bir qaynar nöqtələrin yaranması ilə bağlı ola bilər. Amma bu faktorlardan kənar ölkəmizin öz öhdəliklərini yerinə yetirməsi üçün hər hansısa bir risk və maneə yoxdur”.

Prosesin Türkiyə üçün əhəmiyyəti

İqtisadçı diqqətə çatdırıb ki, Türkiyə üçün bu prosesin ən böyük əhəmiyyəti odur ki, Türkiyə bilir ki, nə baş verirsə versin Azərbaycan qardaş, etibarlı tərəfdaş olaraq fasiləsiz öz öhdəliyini yerinə yetirəcək və Türkiyə də bununla öz qaz idxal istiqamətində diversifikasiya prosesini daha da möhkəmləndirəcək: “Azərbaycan üçünsə qazı Türkiyəyə satdı, Avropaya satdı, yəni kimə satdı o qədər də əhəmiyyətli deyil. Azərbaycanın onsuz da qazı onun sata biləcəyi həcmdədir. Hətta bu gün Azərbaycan mövcud qazından 2 dəfə artıq hasilat həyata keçirə bilərsə belə onu da asanlıqla sata bilər. Sadəcə həm qaz hasilat həcmləri buna imkan vermir, eyni zamanda, qaz boru kəmərləri. Amma mövcud hasilat həcmi və mövcud boru kəmərləri, eyni zamanda, Azərbaycandan qaz istəyən tərəflər hazırda balanslı şəkildə ölkənin qaz ixrac prosesini uğurla həyata keçirməsinə imkan verir”.

Röya İsrafilova