İranın hücum ehtimalı: İsrailin narahatlığı nədən qaynaqlanır? Gündəm

İranın hücum ehtimalı: İsrailin narahatlığı nədən qaynaqlanır?

Baş nazir Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı mesajını çatdırmağı xahiş edib.

Xarici media yazır ki, bu tələbi İsrailin Baş naziri Rusiya Prezidenti ilə son telefon danışıqları zamanı səsləndirib. Netanyahu İranın İsrailin hücumunun qarşısını almaq üçün İsrailə qabaqcadan hücum edə biləcəyindən qorxaraq Putindən bu mesajı Tehrana çatdırmasını istəyib.

Kremlin saytında yer alan məlumata görə, Putin və Netanyahu arasında son telefon danışığı 2025-ci il noyabrın 15-də baş tutub.

İran və İsrail arasındakı münasibətlər uzun illərdir ki, yüksək gərginlik səviyyəsində davam edir. Son dövrlərdə yayılan məlumatlarda İranın İsrailə qarşı hərbi hücum ehtimalı gündəmə gətirilsə də, hazırkı regional və daxili şərtlər bunun real olduğunu deməyə əsas verirmi?

“İranın İsrailə hücumu ehtimalı real görünmür”

Deputat Azər Allahverənov bildirib ki, İran və İsrail münasibətləri hələ də gərgin olaraq qalır və konkret proqnozlar vermək çətindir: “Hər hansı ölçülüb-biçilməyən addım hərbi münaqişəyə səbəb ola bilər. İranın ilk olaraq İsrailə hücum edəcəyi barədə məlumatlar diqqətlə qiymətləndirilməlidir. İsrailə məxsus informasiya agentlikləri tərəfindən yayılan məlumatlar və bəzi saytların verdiyi xəbərlər həmişə dəqiq olmaya bilər. Saxta informasiyanın yayılması yüksəkdir və bu, ya vəziyyətin daha da gərginləşməsinə, ya da əksinə sakitləşməsinə xidmət edə bilər.

İranın açıq hərbi əməliyyata başlaması indiki şəraitdə inandırıcı deyil. İranın hərbi potensialı böyükdür, lakin İsrail strateji düşməndir və hər hansı zərbəyə adekvat cavab verməyə hazırdır. Adətən zərbələrin birinci endirilməsi məlum olsa da, cavablar daha sonra müşahidə olunur. İranın İsrailə hücum etməsi ciddi fəlakətlə nəticələnə bilər. Bu səbəbdən münasibətlərin gərgin saxlanılması və radikal addımlardan çəkinilməsi daha ağıllı strategiyadır.

İranın daxili ictimai-siyasi mühiti, iqtisadi narazılıqlar və bəzi əyalətlərdəki gərginlik radikal hərbi addımlar üçün əlverişli deyil. Adətən zərbələr birbaşa olmur, proksi qüvvələr vasitəsilə də həyata keçirilə bilər. Buraya Həmas, Husitlər və digər radikal dini qruplar daxildir. Pragmatik düşüncəyə malik liderlər açıq hərbi əməliyyatlardan çəkinir. Keçən il baş vermiş 12 günlük müharibə zamanı zərbələr geniş istifadə olunub. İndi isə daha çox soyuqqanlı və strateji qərarlar həlledici olacaq. Proqnozlaşdırıldığı kimi İranın birinci hücum etməsi barədə fikirlər sadəcə olaraq fikir olaraq qalacaq və yaxın vaxtlarda qarşıdurmanın qaynar fazaya keçdiyinə şahid olmayacağıq”.

“İran İsrail məsələsini özü həll etməyə hazırlaşır”

Politoloq Tofiq Abbasov diqqətə çatdırıb ki, İsrailin dünya miqyasında mənfi imici yalnız son dövrlərin nəticəsi deyil. Onun sözlərinə görə, bu, ölkənin qonşularına qarşı davamlı olaraq güc tətbiq etməsi, xuliqanlıq xarakterli hərəkətlər göstərməsi və regional siyasətdə dominant mövqeyini qorumağa çalışması ilə bağlıdır: “İsrailin baş naziri Binyamin Netanyahu bir çox müharibələrin ilhamvericisi kimi çıxış edir və açıq şəkildə öyünür ki, İsrail eyni anda 7 istiqamətdə hərbi əməliyyatlar aparır. Bu, həm regionda, həm də beynəlxalq aləmdə onun imicinin xeyli mənfi istiqamətdə formalaşmasına səbəb olub”.

Tofiq Abbasov İran-İsrail münasibətlərinə dair də fikirlərini bölüşüb. O bildirib ki, İran üçün İsrail təkcə onun daxili təhlükəsi deyil, bütün Orta Şərq regionu üçün ciddi problem olaraq qalır: “İran həmişə narahat olub ki, İsraili Amerika idarə edir. Lakin indiki proseslər göstərir ki, İsrail və Yəhudi lobbisi artıq ABŞ-ni öz maraqlarına uyğun siyasət yürütməsinə təsir edə bilir. Bu səbəbdən ötən ilin yayında İrana qarşı hücumlar həyata keçirildi. Ancaq İran bu hücumlara inanmır, çünki proseslərdə məntiqli və şəffaf bir əsas yoxdur. Qətərlə danışıqlar aparılarkən Qətərə hücum olunması bunu göstərir. İran isə öz işini görməyə, strateji mövqeyini qorumağa davam edir. İran bu dəfə İsrail məsələsini özü həll etməyə cəhd göstərəcək: “Beynəlxalq siyasətdə və münaqişələrdə belə bir prinsip var – uzun sürən riskdən daha dəhşətli, lakin qısa və konkret nəticəyə gətirən addımlar daha məsləhətlidir. İranın hərbi və strateji hazırlıqları yüksək səviyyədədir.

Ölkədə iğtişaşlar da müşahidə olunur. Bu iğtişaşların arxasında isə əsasən Amerika və İsrail dayanır. Ötən ilin 12 günlük müharibəsində İsrail məğlub oldu, İran qalib gəldi. Lakin İsrail səhv etdi – gücünü artıq göstərərək, strateji ərazilərində ciddi zərbələr aldı və şəhərləri risk altında qaldı. Bu, İran üçün dərs oldu ki, məsələnin həlli üçün aktiv addım atmalıdır.

İran və ya Türkiyə regionda İsrail problemini həll edə biləcək yeganə tərəflərdir. İsraildə demokratik, stabil bir hakimiyyət qurulmasa və sionistlər hakimiyyətdən getməsələr, ölkə ciddi böhranla üzləşə bilər. İran isə bu situasiyadan strateji üstünlük qazanmaq üçün hazır vəziyyətdədir və regiondakı balansı öz xeyrinə dəyişməyə çalışacaq. Bütün bu proseslər regionda gərginliyin davam etməsinin əsas səbəblərindən biridir və yaxın zamanlarda hər hansı bir açıq hərbi qarşıdurmanın baş verəcəyi ehtimalı hələ ki real görünmür. İndiki şəraitdə hər iki tərəf proqnozlaşdırılmış və soyuqqanlı siyasət yürüdür. Əsas qərarverici faktor liderlərin strateji düşüncəsidir, emosional və ani hərəkətlər deyil. Məhz bu səbəbdən İranın birinci hücum edəcəyi ilə bağlı iddialar daha çox spekulyasiya xarakteri daşıyır və real vəziyyətlə uyğun gəlmir.

İsrailin regiondakı siyasəti və beynəlxalq imici, eləcə də İranın strateji mövqeyi yaxın perspektivdə Yaxın Şərqdə gərginliyin davam edəcəyini göstərir, lakin açıq hərbi qarşıdurmanın baş verməsi ehtimalı hələlik məhduddur”.

“İranın qabaqlayıcı zərbəsi yüksək ehtimal deyil”

Politoloq Elman Telmanoğlu söyləyib ki, İranın İsrailə qarşı qabaqlayıcı zərbə endirməsi nəzəri baxımdan mümkündür, lakin bu ssenari yüksək ehtimallı deyil.

Onun sözlərinə görə, Tehran belə bir addımı yalnız İsrail tərəfindən özünə qarşı “qaçılmaz və genişmiqyaslı hücum təhlükəsi” gördüyü halda ata bilər: “İranın hərbi-siyasi doktrinası əsasən birbaşa deyil, dolayı zərbələrə əsaslanır. Tehran adətən İsrailə qarşı təzyiqi Livandakı Hizbullah, Yəməndəki husilər, eləcə də İraq və Suriya ərazisində fəaliyyət göstərən proksi qüvvələr vasitəsilə göstərir. Birbaşa İran ərazisindən İsrailə zərbə yalnız iki halda mümkündür. Əgər İran İsrailin yaxın vaxtlarda ona qarşı genişmiqyaslı hücuma başlayacağına qəti əmin olarsa və ya daxili və regional nüfuzunu qorumaq üçün zəif görünməmək məcburiyyəti hiss edərsə.

Bu baxımdan qabaqlayıcı hücum ehtimalı mövcud olsa da, belə bir addım ABŞ-ın münaqişəyə açıq şəkildə qoşulması riskini artırır.Bu isə İran üçün strateji fəlakət anlamına gələ bilər”.

Elman Telmanoğlu İsrailin narahatlıqlarının isə bir neçə əsas səbəbdən qaynaqlandığını bildirib. Onun fikrincə, əsas risklərdən biri səhv hesablanma ehtimalıdır: “İsrailin İran obyektlərinə mümkün hücum planları Tehranda “qaçılmaz hücum” kimi qəbul edilə və İranı tələsik preventiv addım atmağa sövq edə bilər. İsrail üçün daha ciddi təhlükə çoxcəbhəli müharibə ssenarisidir.

İranın təkbaşına hücumundan daha çox risk eyni vaxtda Livandan Hizbullah, Qəzzadan silahlı qruplar, eləcə də İraq və Yəməndən raket və dron hücumlarının başlamasıdır. Bu isə İsrailin müdafiə sistemlərini ciddi şəkildə yükləyə bilər. Qəzza müharibəsindən sonra region artıq kifayət qədər gərgindir və kiçik bir insident belə genişmiqyaslı regional müharibəyə çevrilə bilər. Rusiya İranla sıx siyasi və hərbi əlaqələrə malikdir və eyni zamanda İsraillə birbaşa dialoqu qoruyub saxlayan nadir aktorlardandır. Bu addım İsrailin “biz müharibə istəmirik” mesajını dolayı yolla Tehrana ötürmək cəhdi kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə tərəflər açıq müharibədən daha çox psixoloji və diplomatik savaş aparırlar. İsrailin əsas məqsədi İranı qabaqlayıcı addımdan çəkindirmək, İranın məqsədi isə deterrensiyanı qorumaqdır. Regionda barıt çoxdur, kibrit isə hər iki tərəfin əlindədir, amma hələlik heç kim onu yandırmağa tələsmir”.

Günel Elxan