ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45

İranda insanların kütləvi etiraz aksiyaları davam edir və vəziyyət getdikcə gərginləşir. Bəzi insanlar buna müxtəlif sosial problemlərin, narazılıqların səbəb olduğunu deyir, bəziləri isə bu aksiyaların altında siyasi məqsədlərin yatdığını önə sürür.
Prosesin sonu necə ola bilər?
“Xalq Cəbhəsi” İranda baş verənləri siyasi ekspertlərlə müzakirə edib.
“Bu dəfəki proseslər daha mütəşəkkil və ardıcıl xarakter daşıyır”
Politoloq Aytən Qurbanovanın sözlərinə görə, etirazların coğrafiyası, iştirakçıların sayı və təşkilatlanma səviyyəsi onu deməyə əsas verir ki, bu dəfəki proseslər əvvəlkilərlə müqayisədə daha mütəşəkkil və ardıcıl xarakter daşıyır: “Bu isə hadisələrin yalnız sosial-iqtisadi narazılıqlardan qaynaqlanan təsadüfi çıxışlar kimi qiymətləndirilməsini yetərli etmir və paralel olaraq xarici maraqların mümkün təsir mexanizmlərini gündəmə gətirir. Xüsusilə də, ABŞ Prezidenti Donald Trampın İranda etirazçılara qarşı zorakılıq tətbiq ediləcəyi təqdirdə hərbi müdaxiləyə hazır olduqlarına dair verdiyi açıqlamalar regionda baş verən proseslərin təsadüfi deyil, planlı siyasi təzyiq strategiyasının tərkib hissəsi olduğunu düşünməyə əsas verir”.
Mövcud dinamika göstərir ki…
A.Qurbanova deyib ki, digər diqqətçəkən əsas məqam Netanyahunun ABŞ-yə səfəri ərəfəsində İranda etirazların başlaması və səfərdən dərhal sonra Vaşinqtondan hərbi müdaxilə ehtimalını ehtiva edən bəyanatların səsləndirilməsidir: “Bu ardıcıllıq İran ətrafında baş verənlərin əvvəlcədən razılaşdırılmış ssenari üzrə inkişaf etdiyini ehtimal etməyə imkan verir. Proseslərin mərkəzində isə İsrailin İranla bağlı uzunmüddətli təhlükəsizlik strategiyası dayanır. İsrail üçün prioritet İranın nüvə potensialının neytrallaşdırılmasıdır. Xüsusilə Tehranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarına sahib olması ilə bağlı məlumatlar İsrail tərəfindən birbaşa milli təhlükəsizlik təhdidi kimi qiymətləndirilir. Mövcud dinamika onu göstərir ki, İsrail və müəyyən dərəcədə ABŞ İranda daxili etirazlar fonunda hakimiyyət dəyişikliyinin təşviq edilməsində maraqlı ola bilər. Lakin bu ssenari İran kimi mürəkkəb sosial-siyasi struktura malik ölkə üçün uzunmüddətli qeyri-sabitlik, vətəndaş qarşıdurması və region miqyasında ciddi təhlükəsizlik riskləri deməkdir. Bu amil ABŞ üçün də strateji baxımdan arzuolunan ehtimal hesab edilmir. Məhz buna görə də, rəsmi Vaşinqtonun əsas yanaşması birbaşa hərbi müdaxilədən daha çox, hərbi ritorikanı təzyiq aləti kimi istifadə etməklə İranı nüvə proqramının dayandırılmasına və zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsinə razı salmaqdan ibarətdir”.
Məcburetmə diplomatiyası
Onun bildirdiyinə görə, ABŞ siyasi elitasının Yaxın Şərqdə yeni, uzunmüddətli və yüksək maliyyə xərci tələb edən müharibədə maraqlı olmadığı açıq şəkildə müşahidə olunur: “Bu baxımdan yanaşdıqda, baş verənlər daha çox “məcburetmə diplomatiyası” çərçivəsində qiymətləndirilməlidir. Nəticə etibarilə, mövcud proseslərin gələcək istiqaməti həlledici şəkildə İran siyasi rəhbərliyinin verəcəyi qərardan asılı olacaq. Rəsmi Tehran ya kompromisə gedərək gərginliyin azaldılması yolunu seçəcək, ya da regionu dərin və uzunmüddətli qarşıdurmaya sürükləyə biləcək sərt konfrontasiya xəttinə üstünlük verəcək. Hər iki seçim isə öz növbəsində yalnız İran üçün deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası üçün ciddi nəticələr vəd edir”.
“Aksiyalar siyasi məsələlərə doğru yönəlir”
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, analitik Mübariz Göyüşlü qeyd edib ki, İranda baş verən hadisələr sosial məsələlərdə yaranan problemlərdən qaynaqlanan aksiyalardır: “İranda sosial, iqtisadi vəziyyət yaxşı deyil. İran milli valyutasının dollara nisbətdə dəyərini itirməsi, verilən məlumatlara, aksiyaçıların səsləndirdiyi fikirlərə görə ölkədə bahalaşmanın baş alıb getməsi və s. problemlər bu aksiyaları doğurub. Amma artıq proseslər göstərir ki, aksiyalar siyasi məsələlərə doğru yönəlir, siyasi tələblər səslənilir və hətta bəzi aksiyaçılar Ali dini rəhbərə qarşı fikirlər, radikal şüarlar səsləndirirlər. Mahiyyət siyasi məsələlərə gəlib çıxıb”.
“İran hakimiyyəti devrilə bilər”
M.Göyüşlü bildirib ki, düzdür, Ali dini rəhbər bu aksiyaların yaranmasında xarici təsirlərdən çox, yerli məmurları günahlandırdı, lakin bu da məsələnin qarşısını almır, əksinə, aksiyalar daha da genişlənir: “Hətta verilən məlumatlara görə, tərəflər arasında silahlı qarşıdurma da yaranıb. Bəzi etirazçılar silaha əl atıblar. Yəni çox gərgin bir situasiya yaranıb. Əgər bu şəkildə davam edərsə, yəni etirazçıların tələblərinə əhəmiyyət verilməzsə və ciddi şəkildə tədbirlər görülməzsə, bu, İranda hakimiyyət üçün çox ciddi problemli vəziyyətlərə gətirə bilər. Hətta İran hakimiyyətinin devrilməsi kimi ağır siyasi situasiyanın da yaranması mümkün ola bilər”.
Röya İsrafilova