Türkiyə sahillərində tankerə hücum: istintaq başlayıb Gündəm

Türkiyə sahillərində tankerə hücum: istintaq başlayıb

Pilotsuz uçuş aparatı (PUA) Türkiyə sahillərində Palau bayrağı altında üzən neft tankerinə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ortadoğu Gazetesi" qəzeti məlumat yayıb.

"Elbus" gəmisinin Kastamonudan 50 km məsafədə üst hissəsinə ziyan dəyib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Tanker İnebolu limanına yedəklənir. Ətraflı yoxlama planlaşdırılır.

Nəşr qeyd edir ki, hücumun mənbəyi və dəyən ziyanın miqyası istintaq başa çatdıqdan sonra müəyyən ediləcək. Hakimiyyət orqanları hücumun mahiyyətini və bölgədəki təhlükəsizlik vəziyyətini yaxından izləyir.

Son aylarda Qara dənizdə bir neçə tanker Ukrayna dronları tərəfindən hücuma məruz qalıb. Dekabrın 2-də Türkiyə sahillərindən 148 km aralıda Rusiya bayrağı altında üzən "Midvolqa 2" tankerinə hücum edilib. Pilotsuz təyyarənin zərbəsi nəticəsində tankerin üst quruluşu və digər hissələri zədələnib. Pilotsuz təyyarənin qalıqları gəminin göyərtəsinə düşüb. İki dənizçi - gəmi kapitanı və ikinci mühəndis - qəlpə yaraları alıb.

Bundan əvvəl Qara dənizdə Virat və Kairos tankerlərinə, eləcə də Afrika sahillərində MERSIN gəmisinə hücum edilmişdi. Kreml hücumları "qəzəbli" adlandırıb.

Məryəm Quliyeva