Hər bir işləyən pensiya kapitalını izləyə bilər İqtisadiyyat

Hər bir işləyən pensiya kapitalını izləyə bilər

Sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında köçürülməsinə nəzarət etmək imkanına malikdir

Tərlan

Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 739 808 nəfərə yüksəlib. Bu ilin 1 aprelinə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,8% artıb. Fondun mətbuat xidmətindən verilən məlumata görə, ilin I rübündə DSMF tərəfindən əlavə olaraq 48 451 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb(APA).
Belə ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan həmin sığortaolunanların 58,7%-i kişi, 41,3%-i isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2%-ni 30 yaşa kimi vətəndaşlar, 24,2%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,9%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,5%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Bu ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı da 2,2% artıb. Hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il aprelin 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil edir. Ümumilikdə, 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran (570), Hindistan (432), Çin (417), Böyük Britaniya (257), Özbəkistan (202) Banqladeş (190) Pakistan (158), Ukrayna (157), Almaniya (152), Filippin (135), Bosniya və Herseqovina (131), Qazaxıstan (123), Türkmənistan (121), İtaliya (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.
"Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində də ardıcıl işlər görülür. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az, www.e-sspf.gov.az saytlarında yerləşdirilib.
Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sığortası üzrə rüblük hesabatının tərtibi üzrə proqram tərtibatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdimetmə daxildir.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.
Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi electron xidmətlərin sayı 19-a çatdırılıb. Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
DSMF bu ilin əvvəlində "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq.
Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.