Rusiya ilə bağlı bədbin proqnoz İqtisadiyyat

Rusiya ilə bağlı bədbin proqnoz

Yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək, eləcə də yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq. Bu sözləri Rusiyada parlament seçkisinin yekununu şərh edən politoloq Elxan Şahinloğlu deyib. Siyasi şərhçinin fikrincə, Rusiyada parlament seçkisinin nəticəsi hakim partiya üçün sevindirici xəbər olduğu qədər, həm də düşündücü nəticədir: "Rusiyada parlament seçkisində gözlənildiyi kimi, sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu. İlkin hesablamalara görə, hakim partiya administrativ resurs və şəxsən Prezident Vladimir Putinin dəstəyi sayəsində parlamentdə konstitusiyalı çoxluğa malik olacaq. Bu, hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq".
Politoloq seçkilərin mühüm bir nəticəsi kimi Rusiyada liberal ideyanın tam iflasa uğradığını bildirib: "Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 və ya 2 faiz ətrafında nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilməyib. Bu nəticədə özlərinin də günahı var. Rusiyalı liberallar vahid ideya ətrafında birləşə bilmir, nəticədə hamısı qapı arxasında qalır".
Politoloq İlqar Vəlizadə isə deyib ki, Rusiya sanksiyalar altındadır, ölkədə müəyyən çətinliklər yaşanır. Əlbəttə ki, ölkədə idarəetmə mexanizmini işlək etmək üçün yeni üsullar lazımdır. Ona görə də istisna olunmur ki, Rusiyada yeni nazirliklər yaradılacaq, bəziləri isə ləğv olunacaq. Ekspertin qənaətinə görə, yeni parlament seçkiləri Rusiyadakı partiyaların paritetliyini bir daha ortaya qoydu: "Sözügedən partiyalar mövcud parlamentdə hansı proporsiyalarla təmsil olunmuşdularsa, yeni parlamentdə də həminki ilə təmsil olunacaqlar. Bu o deməkdir ki, Vahid Rusiya Partiyası öz hakimliyini qoruyub saxlayacaq. Hakimiyyət islahatlar proqramı hazırlayıb və bu daha çox idarəçiliklə bağlı sahələri əhatə edəcək. Söhbət hazırda mövcud inzibati strukturun dəyişilməsindən gedir. Bildiyiniz kimi, Rusiya sanksiyalar altındadır, ölkədə müəyyən çətinliklər yaşanır. Əlbəttə ki, idarəetmə mexanizmini işlək etmək üçün yeni üsullar lazımdır. Ona görə də istisna olunmur ki, yeni nazirliklər yaradılacaq, bəziləri isə ləğv olunacaq. Bunun üçün isə parlamentin rəyi olduqca vacibdir".
Politoloq referendumdan sonra Rusiyadakı mövcud digər siyasi partiyaların ənənəvi müxalifət rolunda qalacağını deyib: "Bu partiyalar illərdir ki, özlərini konstruktiv müxalifət kimi göstəriblər. Çox güman ki, bu proses indiki şəraitdə də davam edəcək. Ancaq bu, siyasi sistemin daha da radikallaşmasına imkan verməyəcək. Çünki radikal partiyalar parlamentdə təmsil olunmayıblar. Belə cərəyanlar parlamentdən kənar fəaliyyətlərini davam etdirəcəklər. Ola bilsin ki, bu fəaliyyət ölkədə hansısa destruktiv proseslərə gətirib çıxarsın. Lakin bunun əsas proseslərə elə də ciddi təsiri olmayacaq".
Qeyd edək ki, Rusiyada keçirilən parlament seçkisinin ilkin nəticələrinə əsasən, Vahid Rusiya Partiyası 65.1 faiz səslə liderliyini qoruyub. Rusiya Kommunist Partiyası 10.4, Rusiya Liberal Demokrat Partiyası isə 10.2 faiz səslə 2-3-cü yerləri bölüşürlər.