"Yaşıl" sukuk iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək - ICMA-nın icraçı direktoru İqtisadiyyat

"Yaşıl" sukuk iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək - ICMA-nın icraçı direktoru

"Yaşıl" sukukdan istifadə miqyasının genişləndirilməsi iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Kapital Bazarları Assosiasiyasının (ICMA) icraçı direktoru Brayan Pasko İİB Qrupunun Ər-Riyadda keçirilən illik müşavirələri çərçivəsində keçirilən "yaşıl" və dayanıqlı sukuk vasitəsilə iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi üzrə panel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növ islami ekvivalenti olan maliyyə sənədidir.

"Son illərdə dayanıqlı istiqrazlar, əsasən, "yaşıl" istiqrazlar Paris Sazişinin məqsədlərinin maliyyələşdirilməsi üçün daha vacib vasitələrdən birinə çevrilib. "Yaşıl" və dayanıqlı sukuk tətbiqinin miqyasının genişləndirilməsi iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmaq, "yaşıl" yerli kapital bazarının inkişafını dəstəkləmək, eləcə də, digər ekoloji və sosial problemləri həll etmək üçün özəl və dövlət sektorlarının maliyyə cəlb etməsinə daha çox kömək edəcək", - o deyib.

B.Pasko qeyd edib ki, bu gün dayanıqlı sukuk üzrə rəhbər prinsiplərin işə salınması dayanıqlı və islami maliyyələşdirmənin mühüm artım seqmentlərində beynəlxalq səviyyədə razılaşdırılmış standartların müəyyən edilməsi və dəstəklənməsində daha bir vacib addımdır.

"Biz bu mühüm rəhbər prinsiplərin hazırlanmasında İİB və London Fond Birjası qrupu ilə əməkdaşlıq imkanlarına çox şadıq. Bazar iştirakçıları və digər maraqlı tərəflərlə gələcək qarşılıqlı fəaliyyəti səbirsizliklə gözləyir və ümid edirik bu gün dərc olunmuş praktik prinsiplər sıfır tullantı yolumuzun maliyyələşdirilməsi üçün daha bir katalizator ola bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.