COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq - ŞƏRH İqtisadiyyat

COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq - ŞƏRH

Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir məkan kimi tanınır.

Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

O bildirib ki, son onillikdə ölkəmizin paytaxtında keçirilmiş beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, maraqlı bir mənzərənin şahidi olarıq.

"Belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərində keçirilməsi bizə nə verir? Azərbaycan bu platformalardan məharətlə yararlanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdıra bilir. Bu tədbirlər vasitəsilə apardığımız təbliğatla bizə düşmən mövqedə olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz, xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üst edilir - buraya gələn insanlar Azərbaycanı və azərbaycanlıları daha yaxından tanıdıqdan sonra, yanlış təbliğatlar vasitəsilə onlara aşılanmış neqativ baxışlar pozitiv baxışlarla əvəzlənir.

Belə tədbirlərin keçirilməsindən sonra geriyə qayıdan insanlar öz ölkələrində əhatələrində olanlara Azərbaycan və azərbaycanlılar barəsində gerçəkləri çatdıraraq, ölkəmiz və millətimiz haqqında müsbət fikirlər formalaşdırırlar".

Ekspertin sözlərinə görə, son 20 ildə bu platformalardan istifadə edərək, Azərbaycan Qarabağ həqiqətlərini bütün dünyaya çatdırdı.

"Erməni vəhşiliyinin bütün dünyaya çılpaqlığı ilə çatdırılmasında ölkəmizdə keçirilən tədbirlərin rolu az olmadı. Bu illər ərzində keçirilən beynəlxalq tədbirlərin xətti ilə bura gələn hər kəs bu münaqişədə kimin haqlı, kimin haqsız və işğalçı olduğuna inanıb geri dönürdü. Biz bu gün də dünyanın ən nüfuzlu tədbirlərini ölkəmizdə məmuniyyətlə keçiririk.

Bu ilin sonunda COP29 kimi böyük bir tədbirin burada keçirilməsi o deməkdir ki, tədbirin keçirildiyi günlərdə bütün dünyanın gözü Azərbaycanda və onun paytaxtı Bakıda olacaq. Torpaqlarımızın işğaldan tam azad edildiyi indiki dönəmdə belə bir nəhəng tədbirin Azərbaycanda keçirilməsinin siyasi dvidendləri yetərincə böyükdür. Bu forumun Azərbaycanda keçirilməsi, eyni zamanda, Azərbaycanda yaşıl enerji istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq", - deyə o qeyd edib.