İxrac və idxal azalır... İqtisadiyyat

İxrac və idxal azalır...

Ölkənin xarici ticarət dövriyyəsində ciddi azalma qeydə alınıb

Son illər Azərbaycanın xarici ticarət dövriyyəsində artım meyilləri müşahidə olunub. Amma son 1 ildə əvvəlindən həm xarici ticarət dövriyyəsi, həm ixrac, həm də idxalda ikirəqəmli azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında ölkənin hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac və 144 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 9,9 milyard ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6,2 milyard dollarını və ya 62,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 3,7 milyard dollarını (37,5 faizini) isə idxal məhsullar təşkil edib. Nəticədə 2,482 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20 faiz, real ifadədə 13,9 faiz, o cümlədən idxal 20,2 faiz, ixrac isə 10,8 faiz azalıb.
2024-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 26,2 faiz, real ifadədə 33,3 faiz azalaraq 673,7 milyon dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 21,6 faizi İtaliya, 15,2 faizi Türkiyə, 9,2 faizi Rusiya, 7,7 faizi Çin, 6,5 faizi İsrail, 5,2 faizi Hindistan, 4,3 faizi Almaniya, 2,3 faizi Tailand, 1,8 faizi Gürcüstan, 1,7 faizi ABŞ, 1,6 faizi Bolqarıstan, 1,4 faizi İran, 1,3 faizi Tunis, hər biri 1,2 faiz olmaqla Rumıniya və Çexiya, hər biri 1,1 faiz olmaqla Fransa, Portuqaliya, Ukrayna və Belarus, 13,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 33,2 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 10,5 faizini İsrailə, 7,6 faizini Hindistana, 4,0 faizini Almaniyaya, 3,8 faizini Rusiyaya, 3,4 faizini Tailanda, 2,7 faizini Gürcüstana, 2,4 faizini Bolqarıstana, 2,0 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Rumıniya və Çexiyaya, 1,3 faizini Yunanıstana, hər biri 1,0 faiz olmaqla Polşa və Fransaya, 0,9 faizini İndoneziyaya, hər biri 0,8 faiz olmaqla Xorvatiya və İspaniyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,5 faiz), Türkiyəyə (22,3 faiz), Gürcüstana (8,9 faiz), Ukraynaya (3,6 faiz), Qırğızıstana (3,1 faiz), İsveçrəyə (3,0 faiz), Türkmənistana (2,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,0 faiz), ABŞ-a (1,8 faiz), Qazaxıstana (1,7 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), İspaniyaya (1,2 faiz), Rumıniyaya (1,0 faiz), Belçikaya (1,0 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstündür.
İdxalda Çin önə keçib. Əəvvəllər bu sırada ilk yerdə Rusiya idi. Qonşu ölkədəki müharibə ticaətə də mənfi təsir göstərib. Çinin Azərbaycanla əlaqələrinin genişlənməsi, İpək yolunda aktivləşməsi və məhsullarının daha rəqabət qabiliyyətli olması bu ölkədən Azərbaycana idxalın artmasına şərait yaradıb. Belə ki, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 20 faizi Çin, 17,8 faizi Rusiya, 14,5 faizi Türkiyə, 4,9 faizi Almaniya, 4,1 faizi ABŞ, 3,5 faizi İran, 2,9 faizi İtaliya, 2,6 faizi Belarus, 2,4 faizi Koreya, 2,2 faizi Türkmənistan, 2,1 faizi Ukrayna, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 1,4 faizi Fransa, 1,3 faizi Hindistan, 1,0 faizi Vyetnam, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Özbəkistan və Braziliya, 11,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşür.
Zəngəzur dəhlizinin açılması ilə Azərbaycana idxalın payında Çin və Türkiyənin rolunun daha da artacağı gözləniləndir. Çünki ən əlverişli İpək yolunun bərpa olunması ilə Çindən gələn yüklər Qazaxıstan, Azərbaycan, Zəngəzur dəhlizi, Naxçıvan və Türkyə üzərindən Avropaya qədər daşına biləcək. Bu yol həm qısadır, həm daha ucuz olacaq, həm vaxt baxımından yüklər daha tez mənzil başına çatacaq. Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yaradılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
Yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 5 milyard 842 milyon dollaradək yüksəlib. Son illər ölkəmizin türk dövlətləri ilə apardığı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, hətta Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5 dəfə artıb.
Bəs Azərbaycandan ixrac niyə azalır və hansı məhsullar üzrə azalma var? 2024-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 23,7 faiz, tütün – 3,5 dəfə, 3 meyvə və tərəvəz şirələri – 28,7 faiz, bitki yağları – 3,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 83,2 faiz, kartof – 26,0 faiz, pambıq lifi – 2,2 dəfə, mineral gübrələr – 51,6 faiz, sement klinkerləri – 16,6 faiz, bentonit gili – 10,9 faiz artmış, şəkər ixracı isə – 48,8 faiz, meyvə və tərəvəz konservləri – 9,5 faiz, çay – 13,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 43,9 faiz, polipropilen – 24,8 faiz, polietilen – 35,1 faiz, emal olunmamış alüminium – 43,0 faiz, pambıq ipliyi – 45,5 faiz, qara metallardan borular – 40,4 faiz, qara metallardan çubuqlar – 3,7 faiz azalıb.
2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında təzə meyvə idxalı 26,6 faiz, bitki yağları – 51,5 faiz, şokolad və şokolad məhsulları – 20,5 faiz, unlu qənnadı məmulatları – 24,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,9 faiz, mal əti – 2,3 dəfə, təzə tərəvəz – 52,8 faiz, qara metallardan borular – 95,4 faiz, hesablama maşınları, blok və qurğuları – 60,3 faiz, yük avtomobilləri – 33,1 faiz, sintetik yuyucu vasitələr – 1,0 faiz, qara metallardan çubuqlar – 4,0 faiz, mebellər – 94,2 faiz, mineral gübrələr – 2,1 dəfə, məişət kondisionerləri – 2,4 dəfə, paltaryuyan maşınlar – 16,8 faiz, polipropilen – 56,7 faiz artıb.
Maraqlıdır ki, son 1 ildə bir sıra mühüm ərzaq məhsullarının idxalında ciddi azalma qeydə alınıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında buğda idxal 40,5 faiz, xam şəkər – 19,3 faiz, kartof – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 9,7 faiz, çay – 29,3 faiz, siqaretlər – 50,9 faiz, minik avtomobilləri – 8,6 faiz, dərman vasitələri – 23,0 faiz, polad prokatı – 11,5 faiz, rezin şinlər – 28,6 faiz, polietilen – 22,5 faiz, qara metallardan künclüklər – 13,7 faiz, məişət soyuducuları – 1,3 faiz, avtobuslar – 23,9 faiz, sement – 13,9 faiz azalıb.
Xüsusən də buğda idxalındakı 40% azalma diqqət çəkməyə bilməz. Xüsusən də ölkədə yerli taxıl istehsalında böyük artım qeydə alınmadığı bir halda. Qarşıdan isə taxıl biçimi mövsümü gəlir. Bu il yağış bol olub, məhsuldarlığın yüksək olacağını gözləmək olar. Hər halda 2023-cü ildə ölkədə 3 milyon ton taxıl istehsal edilib. Növbəti illərdə Azərbaycanda taxıl istehsalının artacağı proqnozlaşdırılır. Buna baxmayaraq yerli istehsal təlabatı ödəmir və bu il də xaricdən taxıl almalı olacağıq. Bu il Rusiyada taxıl istehsalının azalacağı gözlənilir və qonşu ölkə müharibə ilə əlaqədar olaraq taxıl ixracını məhdudlaşdırıb. Amma bütün bunlarla yanaşı, Azərbaycanda taxıl və unla bağlı hər hansı qıtlıq gözlənilmir, başqa ölkələrdən, o cümlədən Qazaxıstandan taxıl almaq üçün maliyyə imkanlarımız var. Hökumət digər iqtisadi rıçaqlar vasitəsilə də bu sahədə bazardakı vəziyyətə uyğun olaraq qərarlar qəbul etmək, taxıl və unun qiymətlərini tənzimləmək gücündədir.

Mahir Həmzəoğlu