“Şahdəniz” platformasından hasilat dayandırılacaq İqtisadiyyat

“Şahdəniz” platformasından hasilat dayandırılacaq

İkinci dayaq bloku ilin birinci yarısında dənizdə quraşdırılmaq üçün yola salınacaq
Bu ilin ikinci yarısında "Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq "Şahdəniz" platformasının, həmçinin Səngəçal terminalındakı Şahdəniz qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. Bu barədə BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib. O bildirilib ki, plana əsasən "Şahdəniz" platformasından hasilat dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Həmin proqramın hazırlığına 2016-cı ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil olunub.
"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından ("Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Çıraq", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək", - deyə T.Bayatlı qeyd edib.
O əlavə edib ki, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür. Xatırladaq ki, sonuncu dəfə "Şahdəniz" platformasının dayandırılması proqramı "Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq 2015-ci ilin avqustunda həyata keçirilib.
"Şahdəniz-2" üçün tikilən ikinci dayaq bloku bu ilin birinci yarısında dənizdə quraşdırılmaq üçün yola salınacaq. Bu barədə Tamam Bayatlı deyib. "Şahdəniz-2" üçün tikilən ikinci dayaq blokunun inşası artıq yekunlaşıb. Hazırda blok üzrə bəzi sınaqlar keçirilir və son tamamlama işləri görülür. Ümumilikdə, "Şahdəniz-2" üçün tikilən iki platformanın bütün dayaq blokları və üst modullarının bu ilin sonuna kimi dənizdə quraşdırılması nəzərdə tutulur", - deyə Tamam Bayatlı əlavə edib.
Xatırladaq ki, "Şahdəniz-2" üçün tikilən iki platformadan - hasilat və dikborular platformasının dayaq bloku ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınmışdı. "BOS Shelf", "Star Gulf" və "Saipem" konsorsiumu tərəfindən inşa edilən dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Dayaq bloku 12 hasilat dikborusundan, 3 ixrac dikborusundan və monoetilen qlikol (MEQ) üçün xüsusi ayrılmış bir idxal dikborusundan ibarətdir. Dayaq bloku dənizin 94 metr dərinliyində quraşdırılıb.
Qeyd edək ki, ilk dəfə olaraq "Şahdəniz-2" platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və "Amec-Tekfen-Azfen" tikinti-quraşdırma sahəsində həyata keçirilib. "Şahdəniz-2"yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropadakı alıcılara çatdırılacaq. Yataqdan gündəlik 120 min barrelədək kondensat hasil edilməsi nəzərdə tutulur.
Bu il "Azəri-Çıraq-dərinsulu Günəşli" (AÇG) yatağının heç bir platformasının dayandırılması proqramı həyata keçirilməyəcək. Tamam Bayatlı bildirilib ki, platformaların dayandırılması üzrə planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparıla bilməsi üçün həyata keçirilir. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir.
"Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür. AÇG üzrə 2017-ci ilin illik iş proqramı və büdcəsinə yatağın heç bir platformasının dayandırılması proqramı daxil edilməyib", - deyə T.Bayatlı əlavə edib. Xatırladaq ki, ötən ilin sentyabrında AÇG yatağının işlənməsi layihəsinin illik iş proqramının bir hissəsi olaraq "Dərinsulu Günəşli" platformasının və noyabrda isə "Şərqi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.