

Ağdərə rayonunun inzibati ərazisində həyata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən aralıda bərk tullantılar poliqonu tikiləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
Məlumata görə, rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq. Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.