Azərbaycan diasporasının Hallein şəhərində mühüm görüşü baş tutub Hadisə

Azərbaycan diasporasının Hallein şəhərində mühüm görüşü baş tutub

Avstriya Respublikasının mədəniyyət paytaxtı kimi tanınan Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Avstriya Azərbaycanlıları Cəmiyyəti növbəti dəfə mühüm beynəlxalq əməkdaşlıq addımı atıblar. Diaspor təşkilatlarının rəhbərliyi Salzburg bölgəsinə daxil olan Hallein şəhərinin bələdiyyə başçısı cənab Alexander Stangassinger ilə rəsmi görüş keçirib. Görüş, Azərbaycan diasporasının Avstriyada artan nüfuzunu və mədəniyyətlərarası inteqrasiyaya verdiyi töhfəni bir daha nümayiş etdirdi.

Görüş zamanı cənab Stangassinger Azərbaycan nümayəndə heyətini səmimi şəkildə qarşılayaraq, onların fəaliyyətinə olan marağını və hörmətini ifadə edib. Azərbaycan Evi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbərliyi bələdiyyə başçısına Avstriyada yaşayan Azərbaycan icması, onların təşkilatlanma prosesi, mədəni tədbirləri və cəmiyyətin sosial həyatına inteqrasiyası barədə ətraflı məlumat təqdim ediblər.

Tərəflər arasında aparılan fikir mübadiləsi zamanı qarşıdan gələn aylarda reallaşdırılması planlaşdırılan layihələr və diaspora strategiyasının əsas hədəfləri müzakirə olunub. Azərbaycan diasporasının üzərində işlədiyi layihələr xüsusilə mədəniyyətlərarası dialoqun inkişafı, Azərbaycan mədəniyyətinin tanıdılması, və Avstriya cəmiyyətinə fəal inteqrasiya istiqamətində nəzərdə tutulub.

Bu kontekstdə cənab Stangassinger Azərbaycan diasporasının gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və birgə dəyərlərin formalaşdırılmasının vacibliyindən danışıb. O, Hallein şəhəri olaraq gələcək əməkdaşlıq və tədbirlərin həyata keçirilməsində dəstəyə hazır olduqlarını ifadə edib.

Görüşün sonunda Azərbaycan nümayəndələri Hallein bələdiyyə başçısına Azərbaycanı əks etdirən simvolik hədiyyələr, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən nəşrlər təqdim ediblər. Bu hədiyyələr Avstriyada Azərbaycan haqqında ictimai məlumatlılığın artırılmasına və müsbət imicin formalaşmasına xidmət edir.

Bu səviyyəli görüş, Azərbaycan diasporasının Avropadakı fəaliyyəti çərçivəsində strateji yanaşma, diplomatik çeviklik və mədəniyyət əsaslı diplomatiya ilə formalaşan nümunəvi fəaliyyətin parlaq göstəricilərindəndir.

Cavid