Şahin Mustafayev: Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi 950 milyon dolları ötüb İqtisadiyyat

Şahin Mustafayev: Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi 950 milyon dolları ötüb

"Hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb".

APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin “Xalq gündəliyi” qəzetinə müsahibəsində deyib.

Baş nazirin müavini bildirib ki, tərəflər yaşıl enerji, ağıllı enerji şəbəkələri, elektrik avtobusları, sənaye parkları kimi sahələrdə mühüm nəticələr əldə edib.

Şahin Mustafayev bildirib ki, Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi qabaqcıl sahələrdə əməkdaşlığı fəal şəkildə irəlilədir. Hazırda rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, “əşyaların interneti”, sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra Anlaşma Memorandumları imzalanıb.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət idarəçiliyi, biznesin inkişafı və ictimai xidmətlərin modernləşdirilməsinin mühüm istiqaməti kimi müəyyənləşdirib: “Çinin rəqəmsal iqtisadiyyat, ağıllı şəhər quruculuğu və yaşıl-aşağı karbonlu inkişaf sahəsində qabaqcıl təcrübəsini öyrənmək və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik.”