Bal kimi bal İqtisadiyyat

Bal kimi bal

Bakıda keçirilən yarmarkada 28 ildən sonra satışa Kəlbəcər balı da çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkaya hazırlıq ərəfəsində qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocasən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından sərgi-satış yarmarkasının keçiriləcəyi ünvana daşınıb. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsilə həyata keçirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla, ümumilikdə, 250 arıçı iştirak edir. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib. Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar qatılıblar.
Qeyd edək ki, yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Vətəndaşlar 20 oktyabr - 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər. Yarmarkada keyfiyyətindən asılı olaraq bir kiloqram balın qiyməti 20-50 manat arasında dəyişir.
28 ildən sonra ilk dəfə Bakıdakı yarmarkada satışa Kəlbəcər balı çıxarılıb. Azərbaycanın ən gözəl təbiətinə və zəhgin bitki örtüyünə malik Kəlbəcər rayonu həm də keyfiyyətli balı ilə məşhurdur. Kəlbəcərdə arıçılığın böyük potensialı var. Burada bal 3 dəfə süzülür. Kəlbəcər balı keyfiyyətinə - həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malikdir. Bu, dünyada nadir ballardan biridir. Azərbaycanda 640-dan çox dağ-çəmən, yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər yaylaqlarında bitir. Ona görə də burada balın tərkibi çox keyfiyyətlidir və dünyada bir çox bal növləri ilə rəqabət apara bilər. Gələcəkdə Kəlbəcər balının dünya bazarına çıxarılması da planlaşdırılır.
Qarabağda arıçılığın gələcək inkişafı ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Düşmən işğalından azad edilmiş Laçın və Kəlbəcər rayonunun yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatları köçürülüb. Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin bir müddət öncə Qoçdaş yaylağına köçürülüb. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə və “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları üzrə 10 min baş xırdabuynuzlu heyvan və 500 arı ailəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilib. Qısa müddət keçməsinə baxmayaraq, Kəlbəcər balının yaylaqda ilk süzümü aparılıb və arı təsərrüfatlarında bol məhsul götürülüb. Vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 1000 arı ailəsinin də köçürülməsi perspektiv fəaliyyət planına salınıb.
Qarabağ arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli sahədir, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərir. 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325,0 min, bal istehsalı isə 3604,1 ton artmışdır. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlmişdir.
Arıçılar bir araya gələrək Azərbaycan Arıçılar Assosiasiyası yaradıblar. Dövlət arıçılra maliyyə dəstəyi göstərir, güzəştli şərtlərlə mikrokreditlər verir, subsidiya ayıırır. 5 il ərzində hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya verilir. Hər arıçılıq təsərifuatında təqribən 100-150 arı ailəsi olur, bu hesabla dövlətdən hər il 1000-1500 manat yardım alır, bu da onların dərmanlanmasına və qışda yemləməsinə böyük köməkdir.
Azərbaycanda arıçılıq son illər inkişaf etməyə başlayıb. Əgər 2000-2005-ci illərdə ildə 600 ton bal istehsal edlmişdisə, 2015-ci ildə 2,6 min ton, 2017-ci ildə 3 min, 2018-ci ildə 5 min, 2019-cu ildə 5,8 min tona yüksəlib. Azərbaycanda yaxın gələcəkdə bal istehsalının ildə 10 min tona çatdırılması nəzərdə tutulur. Amma ölkənin potensial imkanları daha yüksək qiymətləndirilir. Belə ki, keçmiş sovetlər dönəmində ölkəmizdə ildə 15 min ton bal istehsal edilirdi. Rəsmi statistikaya əsasən, 2020-ci ildə 32340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olmuşdur.
2000-2019-cu illərdə ildə Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları üzrə arı ailələrinin sayı sayı 32,6 dəfə, 2010-cu ilə nisbətən 2019-cu ildə 3,8 dəfə, 2018-2019-cu illərdə əvvəlki illərə nisbətən 2,2 dəfə artıb. 2019-cu ildə bu rayonlar üzrə arı ailələrinin sayı 60 minə yaxın olub və ölkə üzrə payı 10,56 faizini təşkil edib. Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış və tezliklə öz doğma yurd-yuvalarına dönməyə hazırlaşan arı ailələrinin sayı ölkə üzrə arı ailələrinin sayındakı payı da 3,4 dəfə çoxalıb. Qarabağ balı yüksək keyfiyyətinə görə daha rəqabətqabiliyyətli olacaq. Ölkədə bal istehsalı artacaq ki, bu da həm yerli bazarda bala təlbatı ödəmək baxımından əhəmiyyətlidir, həm də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa və Ərəb ölkələrinin, Yaponiya və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər.

Mahir Həmzəoğlu