Qarabağda iqtisadiyyat yenidən qurulur: Ağdamda fabriklər açılacaq İqtisadiyyat

Qarabağda iqtisadiyyat yenidən  qurulur: Ağdamda fabriklər açılacaq

İşğaldan azad olunmuş Qarabağın gələcək iqtisadiyyatında kənd təsərrüfatı ilə yanaşı, sənaye də əsas aparıcı sahə olacaq. Artıq bu regionda sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına (ASP) sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hətta 2 sahibkara sənaye parkının rezidentliyi statusu verilib. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara Sənaye Parkının rezidentinin qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidenti “Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və sair istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar əvvəlcə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.

Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili nəzərdə tutulur. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Əslində Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılması üçün yaxşı imkandır. ASP sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parklarının yaradılması nəzərdə tutulur.

Ağdam Sənaye Parkında sosial zonanın yaradılması işləri də yekunlaşıb. Hazırda Ağdam şəhərinin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir. Belə ki, Ağdam Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir. Parkda sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.

Qarabağda sənaye parkalrının yaradılmasında daha bir məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 800-dək müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.

Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.

Mahir Həmzəoğlu