Nicat İmanov: Vergi qanunvericiliyinə edilən dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edir - MÜSAHİBƏ Müsahibə

Nicat İmanov: Vergi qanunvericiliyinə edilən dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edir - MÜSAHİBƏ

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir. Bu dəfə təqdim olunan paketdə əməkhaqqı gəlirləri üzrə yeni vergi mexanizminin tətbiqi, elektro və hibrid avtomobillərinin ƏDV-yə cəlb olunması, neft və qaz hasilatına sabit mədən vergisinin gətirilməsi, eləcə də benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması diqqət çəkən əsas istiqamətlərdəndir.

Yeni dəyişikliklər paketi, eyni zamanda, vergi yükünün optimallaşdırılması, rəqəmsal inzibatçılığın genişləndirilməsi, investisiya fəaliyyətinin stimullaşdırılması və fiskal dayanıqlığın gücləndirilməsi kimi hədəfləri özündə birləşdirir. Dəyişikliklər paketi biznes mühiti, ekspertlərlə yanaşı geniş ictimaiyyətin də diqqət mərkəzindədir.

Bu dəyişikliklərin iqtisadi əsaslarını, gözlənilən təsirlərini və sahibkarlıq mühitinə gətirəcəyi yenilikləri aydınlaşdırmaq məqsədilə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovdan müsahibə alıb:

- Nicat müəllim, vergi qanunvericiliyinə növbəti dəyişikliklər layihəsi artıq Milli Məclisdədir. Sualı ondan başlamaq istərdik ki, Vergi Məcəlləsinə hər il dəyişiklik edilir. Tez-tez edilən dəyişikliklər biznesin planlaşdırılmasında çətinlik yaratmır ki? Qanunvericiliyin sabitliyini təmin etmək üçün hansı addımlar atılır?

- Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən bir sistemdir. Qlobal və regional iqtisadiyyatda baş verən transformasiyalar, eləcə də dövlətin müəyyən etdiyi iqtisadi siyasət və prioritetlər, ölkə iqtisadiyyatının özündə baş verən struktur dəyişiklikləri vergi siyasətinə birbaşa təsir göstərir. Bu səbəbdən, vergi siyasəti, inzibatçılığı və vergi dərəcələri ilə bağlı dəyişikliklərə ehtiyac yarandıqda, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər üzrə layihə hazırlanır.

Bundan başqa, dəyişikliyi zəruri edən əsas amillər ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, sahibkarlarla keçirilən görüşlərdə verilən və dövlət qurumları tərəfindən məqbul hesab edilən təkliflər, habelə vergi nəzarəti zamanı aşkar edilən vergidən yayınma halları ilə bağlı məqamlardır.

Bu dəyişikliklər heç vaxt “dəyişiklik xatirinə” edilmir, onların hər biri iqtisadiyyatın ehtiyaclarından, vergi inzibatçılığının təkmilləşdirilməsi zərurətindən və sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədindən qaynaqlanır.

Bundan başqa, dəyişikliklərin əhəmiyyətli hissəsi bir qayda olaraq biznes subyektlərinin vergi yükünün optimallaşdırılmasına, yəni əlverişli vergi mühitinin formalaşmasına xidmət edən istiqamətdə çıxış edir. Bu dəyişikliklər ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq formalaşdırılır.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” vergi siyasətinin əsas istiqamətlərini müəyyən edir. Strategiyada investisiyalar üçün daha əlverişli vergi mühitinin yaradılması, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin gücləndirilməsi, vergi inzibatçılığının rəqəmsallaşdırılması və iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması kimi prioritetlər xüsusi vurğulanır. Bununla yanaşı, investisiya və kapital qoyuluşlarının artırılması məqsədilə vergi təşviqi alətlərindən daha səmərəli istifadə olunması da strateji hədəflər sırasında yer alır.

Eyni zamanda, dövlət başçısının fərmanları ilə 2023-cü ildə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, 2024-cü ildə balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi və vergitutma məqsədləri üçün amortizasiya və təmir xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyən edilib. Beləliklə, müvafiq tapşırıqların icrası da həmçinin qanunvericilik aktlarında müvafiq dəyişikliklərin edilməsini zəruri edir.

Beləliklə, ümumilikdə qiymətləndirdikdə, qanunvericilikdə edilən dəyişikliklər vergi inzibatçılığında sərtləşmə və ya vergi yükünün artması ilə nəticələnmədiyindən, bu dəyişikliklərin biznes mühitinə əlavə çətinlik yaratması gözlənilmir. Biznes subyektləri orta müddətli dövr üçün vergi siyasətindəki istiqamətləri məhz sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş prioritetlərə əsaslanaraq əvvəlcədən dəyərləndirə bilirlər. Strategiyada vergi yükünün azaldılması və daha əlverişli mühitin formalaşdırılması kimi hədəflər müəyyən olunduğu üçün, bu yanaşma biznes üçün maliyyə və investisiya əməliyyatlarının planlaşdırılmasında daha çox əminlik və imkan yaradır.

- Bu il dəyişikliklərdə diqqət çəkən əsas məqamlardan biri Naxçıvan Muxtar Respublikasında işğaldan azad edilmiş ərazilərlə eyni vergi və sosial sığorta rejiminin tətbiqidir. Bu qərar regionda investisiya fəallığına, biznes mühitinə və məşğulluğa necə təsir göstərəcək?

- Builki dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasının əldə edəcəyi güzəştlər sistemi geniş bir paketi əhatə edir. Bu dəyişiklik ölkə başçısının təsdiq etdiyi dövlət proqramının icrasından irəli gələrək həyata keçiriləcək. Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiqlənmiş təfsilatlı Tədbirlər Planına əsasən verilmiş tapşırığın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan MR-ə də şamil edilməsi nəzərdə tutulur.

Bu dəyişiklik Naxçıvan MR-nın iqtisadiyyatında öz müsbət nəticələrini daha tez verəcək. Bildiyiniz kimi, Naxçıvanda hazır infrastruktur var, təsərrüfat obyektləri, müəssisələr, əmlak kompleksləri mövcuddur və aktiv biznes subyekti dərhal bu güzəştlərdən faydalanacaqlar.

Biznes üçün ödəmli olan hissə bundan ibarətdir ki, onlar birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tamamilə azad edilir. Təsisçilərin investisya imkanlarını genişləndirmək üçün dividend gəlirləri də vergidən müddətli azad edilir.

Dəyişiklik nəticəsində Naxçıvan MR-də iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq mühitinin canlanması, ölkə iqtisadiyyatına inteqrasiyası, investisiya axınına müsbət təsirləri, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi hədəflənir.

- Növbəti ildən muzdlu şəxslərin əməkhaqqı gəlirləri üzrə yeni vergi yanaşmasının tətbiqinin əsas arqumentləri və riskləri nələrdir?

- Əvvəlcə bu islahatın qısa mahiyyətini xatırlatmaq istəyirəm. Bildiyiniz kimi, 1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması ilə işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşmasına nail olmaq idi. Bununla belə islahatın mühüm xüsusiyyəti onun multiplikativ effektində idi. Bu islahatla əmək haqqı fondunun böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək pensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiya kapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əmək haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi də əsas hədəflərə daxil idi. Həmçinin güzəştlər ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə böyüməsinə də mühüm töhfə verib.

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 481,4 min vahid və ya 89,2% artaraq 2025-ci ilin noyabr ayının 1-nə 1 milyonu keçib və cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib.

Həmçinin 2018-ci illə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Digər mühüm məqam Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin (transfert) xüsusi çəkisi 35,6%-dən 17,5%-dək azalıb.

Qeyd olunmalıdır ki, müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və iş yerlərinin rəsmiləşdirilməsinə, “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə verib.

İslahatın nəticəsində əmək müqaviləsi ilə işləyən şəxslərin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, indi isə bu islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsi dayanır. Bu məqsədlə müvafiq sahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması nəzərdə tutulur.

Əlbəttə, mərhələli keçid və aşağı dərəcəli daimi vergi rejimi tətbiq edilməsəydi, əmək gəlirləri üzərində yaranan fiskal yük əmək münasibətlərinin “kölgə”yə çəkilməsinə səbəb olardı. Hesab edirik ki, təklif edilən yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir.

- Gələn ildən neft və qaz hasilatına sabit mədən vergisinin tətbiqi, eləcə də benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması nəzərdə tutulur. Bu dəyişikliklərin əsas iqtisadi arqumenti və məqsədi nədir?

- Neft-qaz məhsulları istisna olmaqla, digər malların ölkə daxilində istehsalına aksiz və mədən vergiləri onların dəyərinə yox, miqdarına əsasən müəyyən edilir. Bu zaman həmin malların qiyməti dövlət tərəfindən tənzimlənir ki, mədən vergisi maya dəyərinin, aksiz vergisi isə satış qiymətinin formalaşmasında rol oynayır.

Lakin bazarda baş verən qiymət dəyişiklikləri dövlət büdcəsinin vergi gəlirlərinin proqnozlaşdırılmasına təsir etmədiyi halda, istehsalçının əməliyyat planlamasını və proqnoz verməsini çətinləşdirir. Bu da onun əməliyyat effektivliyinə nail olmasını stimullaşdıran mexanizmi zəiflədir. Eyni zamanda, vergilərin malların dəyərinə əsasən hesablanması istehsalçılar üçün həmin malların idxalı ilə müqayisədə iqtisadi baxımdan daha az səmərəli olur.

Buna görə də, neft-qaz sahəsində mədən və aksiz vergilərinin topdansatış qiymətindən faizlə deyil, istehsal həcmindən asılı olaraq sabit məbləğdə hesablanması nəzərdə tutulur. Bu yanaşma həm büdcə gəlirlərinin sabitliyini təmin edir, həm də istehsalçının əməliyyat planlamasını və iqtisadi səmərəliliyini artırır.

Benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılmasına gəldikdə, deyə bilərəm ki, mövcud tənzimləməyə əsasən yanacağa görə müəyyən edilmiş 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı İcbari Tibbi Sığorta Fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliklə həmin məbləğin Fonda təqdim edilən hissəsinin ləğv edilməsi və yol vergisinin dərəcəsinə əlavə edilməklə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Bundan əlavə, “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanına əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılması nəzərdə tutulur. Bu fondun mədaxil mənbələrindən biri olaraq, avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə tətbiq olunan yol vergisinin müəyyən hissəsi nəzərdə tutulur.

- Elektro və hibrid avtomobillərin ƏDV-yə cəlb edilməsi ictimai müzakirələrə səbəb olub. Bu addımın iqtisadi və fiskal əsaslandırması nədən ibarətdir?

- 2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur. Bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib.

Son dövrlərdə yerli istehsalın həcmi artıb, eyni zamanda növbəti ildən elektrik və hibrid avtomobillərin ölkəmizdə istehsalı da planlaşdırılır. Yerli istehsalın ardıcıl genişlənməsi ölkədə əlavə dəyərin yaranmasını təmin edir. Bu baxımdan dövlətin həyata keçirdiyi proteksionist siyasət minik avtomobilləri üzrə istehsalın stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə yönəlib. Dövlətin bu siyasətinin vergi təşviqləri ilə müşayiət olunması tamamilə məntiqlidir və mövcud vergi güzəştləri məhz yerli sənayenin inkişafı və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

Hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilib. Yerli istehsalın təşviqi və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2026-cı ildən bu sahədə vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bununla yanaşı, yerli istehsal məqsədləri üçün yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək.

- Azərbaycana xarici investisiyaların cəlbini və stimullaşdırılmasını təmin etmək istiqamətində Dövlət Vergi Xidməti tərəfindən indiyədək hansı addımlar atılıb və bu sahədə yaxın perspektivdə hansı tədbirlər planlaşdırılır?

- Vergi siyasətinin əsas hədəflərindən biri məhz əlverişli investisya mühitinin yaradılmasıdır. Bu məqsədlə hazırda investisya təşviqi sənədi mexanizmi, sənaye və texnologiyalar parkları, tenoparkdan kənar rezidentlik imkanları, dəyəri 30 milyon manatdan yuxarı iri investisiyalar üçün dövlət-özəl sektor tərəfdaşlığı mexanizmləri, işğaldan azad olunan ərazilər və yeni dəyişiklik təklifi ilə Naxçıvan MR-sı üzrə geniş həcmli tam əsaslı güzəştlər sistemi tətbiq edilməklədir.

Qeyd edilən investisya imkanları üzrə biznes subyektləri birbaşa vergi yükü olan mənfəət, gəlir, əmlak və torpaq vergilərindən tamamilə (investisiya təşviqi sənədi üzrə mənfəət/gəlir vergisi 50 faiz həcmində) azad edilib. İdxal üzrə əsas vəsaitlərin, xammal materialların idxalında, həmçinin dividendlərə güzəştlər verilib.

Bununla yanaşı, ölkənin əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan vermək, kapital bazarlarında səhmlərə investisiyanı təşviq etmək, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşmasına nail olmaq məqsədilə dividendlər üzrə vergi dərəcəsi, həmçinin qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.

Eyni zamanda, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaları cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin, yerli məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi, ixracın və məşğulluq səviyyəsinin artırılması sənaye siyasətinin əsas prioritetləri hesab olunur.

İnvestisiya imkanlarını təşviq edən üsullarla yanaşı Ələt Azad İqtisadi Zonasına verilən təşviqlər də investisiya fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir. “Ələt azad iqtisadi zonası haqqında” Qanuna əsasən, Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və səlahiyyətli qurumun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən hüquqi şəxslər buradakı fəaliyyətlərinə aid bütün vergilərdən azaddır.

Beləliklə, göründüyü kimi, investisiya fəaliyyətinin cəlbediciliyinin artırılması üçün kifayət qədər geniş təşviqlər sistemi mövcuddur.

Yeni dəyişikliklər paketində bir məqamı da diqqətə çatdırım ki, fiziki şəxslər tərəfindən xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 5%-ə endirilməsi təklif olunur. Bu xaricdə əldə edilən gəlirlərin ölkəyə köçürülməsinə, investisiya imkanlarının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.

Qeyd etdiyim vergi təşviqləri öz növbəsində ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini vermiş olacaq.

- Sahibkarlar üçün vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində 2026-cı ildə hansı yeniliklər gözlənilir?

- Vergi inzibatçılığının sadələşdirilməsi və sahibkarlar üçün daha rahat vergi mühiti yaradılması istiqamətində 2026-cı ildə bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Əsas məqsəd şəffaflığın artırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi və vergi administrasiyasının müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyi, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti ardıcıl şəkildə təkmilləşdirilir.

Beynəlxalq təcrübəyə uyğun olaraq vergi nəzarətində yeni mərhələyə keçid də planlaşdırılır. Gələn ildən beynəlxalq təcrübədə istifadə olunan “üfüqi monitorinq” mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğv edilməsi təklif olunur. Bu model vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin daha açıq, operativ və əməkdaşlıq əsaslı şəkildə qurulmasına imkan verəcək. Yeni sistem çərçivəsində sənədlərin və məlumatların rəqəmsal platforma üzərindən qarşılıqlı mübadiləsi nəzərdə tutulur ki, bu da həm hesabatlığın, həm də nəzarətin effektivliyini artıracaq.

Bundan başqa, “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın “AYNA” informasiya sistemi vasitəsilə elektron qaydada verilməsi planlaşdırılır. Bu dəyişiklik prosedurları daha sürətli və şəffaf edəcək, xidmət keyfiyyətini yüksəldəcək və vergi ödəyicilərinin məmnunluğunu artıracaq.

- Vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin stimullaşdırılması istiqamətində 2026-cı ildən hansı dəyişikliklərin edilməsi planlaşdırılır?

-2026-cı ildən etibarən vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin (KOB) stimullaşdırılması istiqamətində bir sıra mühüm dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Bu il edilən dəyişikliklərdə də əsas prioritet məhz sahibkarların vergi yükünün optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir. Gözlənilən əsas yeniliklərə gəlincə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi planlaşdırılır. Bu, regionda sahibkarlığın stimullaşdırılmasına ciddi dəstək olacaq.

Balıq kürüsü istehsalı istisna olmaqla balıqçılıq fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalı kateqoriyasına daxil edilir. Bununla da kənd təsərrüfatı sektoruna tətbiq olunan mövcud vergi güzəştləri balıqçılığa da şamil olunacaq ki, bu da sahənin inkişafına mühüm töhfə verəcək.

İctimai iaşə sektorunda nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə mühüm vergi üstünlükləri tətbiq olunacaq. POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan dövriyyədən çıxılacaq. Sadələşdirilmiş vergi ödəyiciləri üçün isə nağdsız dövriyyəyə tətbiq olunan vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir.

Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilir. Bu dəyişiklik həm investisiya mühitini yaxşılaşdırmağa, həm də kapital axınının artırılmasına yönəlib.

Kənd təsərrüfatında istifadə olunan mineral gübrələrlə yanaşı, orqanomineral gübrələrin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Bu da aqrar sektor üçün xərclərin azalmasına və məhsuldarlığın artmasına şərait yaradacaq.

Nəhayət, nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə ƏDV qeydiyyat həddinin artırılması nəzərdə tutulur. Xüsusilə pərakəndə ticarət və vergi uçotunda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız dövriyyələrə münasibətdə limit 200 min manatdan 400 min manata qaldırılacaq. Bu dəyişiklik biznesi nağdsız əməliyyatlara daha çox yönləndirəcək və “kölgə iqtisadiyyatı” ilə mübarizədə effektiv rol oynayacaq.

- Azərbaycan vergi sisteminin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək üçün hansı addımlar planlaşdırılır?

- Azərbaycan vergitutma sahəsində bir sıra beynəlxalq təşəbbüslərə qoşulub, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib. Ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirmək məqsədilə milli vergi qanunvericiliyinin mütəmadi olaraq beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu proses həm idarəetmənin səmərəliliyini artırır, həm də biznes mühiti üçün daha şəffaf, proqnozlaşdırıla bilən və rəqabətədavamlı vergitutma sisteminin formalaşmasına xidmət edir.

Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində əhəmiyyətli təşəbbüslər həyata keçirərək 30-a yaxın ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, 57 ölkə ilə isə ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlər imzalayıb. Bununla yanaşı, bir çox dövlətlərlə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında müvafiq razılaşmalar mövcuddur ki, bu da vergitutma sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Ölkəmiz ötən il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu” tərəfindən ən yüksək "compliant" (uyğundur) reytinqinə layiq görülüb və bu, Azərbaycanın vergi şəffaflığı və beynəlxalq öhdəliklərin icrası sahəsində yüksək tələblərə cavab verdiyini göstərir.

Davamlı islahatlar nəticəsində investorlar üçün yaradılan əlverişli biznes mühiti, tətbiq edilən vergi güzəştləri, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına yönələn investisiyaların artmasına, yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına mühüm təsir göstərir. Beynəlxalq təşkilatların apardığı sorğular da göstərir ki, Azərbaycanda biznes mühiti ardıcıl şəkildə təkmilləşir və investorların gözləntiləri daha da yaxşılaşır.

Həmçinin, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlıq çərçivəsində 2024–2025-ci illər üzrə prezidentliyin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq vergi mühitində artan rolunu nümayiş etdirir. IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində keçirilən inzibati sessiyada Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təşkilatın prezidenti seçilib və bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna və ölkəmizə göstərilən yüksək etimada əsaslanır.

Bu əməkdaşlıq vergi sisteminin təkmilləşdirilməsi, idarəetmənin müasir dünya standartlarına uyğunlaşdırılması və qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. IOTA platforması vasitəsilə ölkəmiz vergi inzibatçılığı sahəsində yeni yanaşmalar tətbiq etmək, rəqəmsal həlləri genişləndirmək və idarəetmədə innovativ mexanizmləri mənimsəmək imkanları əldə edir.

Beynəlxalq səviyyədə artan tanınma və nüfuz ölkəyə xarici investisiyaların cəlb edilməsini dəstəkləyir, iqtisadi fəallığın yüksəlməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır. Beləliklə, IOTA prezidentliyi Azərbaycanın beynəlxalq əməkdaşlıq mövqeyini gücləndirib, vergi idarələrinin modernizasiyasını təşviq edib və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verib.