Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi Ədəbiyyat

Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi

1-ci yazı

Türk-müsəlman mədəniyyətinin görkəmli nümayəndəsi olan Məhəmməd Cəlaləddin Rumi 30 sentyabr 1207-ci il tarixində indiki Əfqanıstan ərazisində yerləşən Bəlx şəhərində anadan olub. Bəzi mənbələrdə isə Mövlananın doğum tarixi 1200, 1201 və 1203-cü il kimi göstərilir. Mövlananın əsl adı Məhəmməddir, Cəlaləddin onun ləqəbidir. Lakin eyni zamanda salnamələrdə o, "Xudavəndigar" (hökmdar) adı ilə də yad ediir. "Bizim əfəndimiz və ağamız" mənasında işlənən Mövlana isə daha çox övliyalara, xalqın sevdiyi insanlara verdiyi addır. Rumi deyilişinə gəldikdə isə, qeyd etməliyik ki, bu ad onun həyatının böyük bir dövrünün keçdiyi Rum diyarı (Anadolu) ilə bağlıdır. Lakin bununla yanaşı o, Cəlaləddin Bəlxi və Cəlaləddin Konəvi adları ilə də tanınıb. O da maraqlıdır ki, Cəlaləddin Rumi "Şəms Təbrizi" təxəllüsü ilə şeirlər yazıb, nadir hallarda bunu "Xamuş" təxəllüsü ilə əvəz edib.
Cəlaləddin Ruminin atası Bahəddin Vələd adı ilə tanınmış Hüseyn Məhəmməd dövrünün ən böyük sufi alimi kimi "Sultanül-üləma" (alimlər sultanı) ləqəbini alıb. Rəvayətə görə Məhəmməd peyğəmbər Bahəddin Vələdin yuxusuna girib, bu ləqəbi ona verib. Təkcə alimlərin və elmin yox, həm də mənəviyyat sultanı olan bu şəxs islami elmlərin inkişafında böyük xidmət göstərib, xüsusilə "Maarif" əsərində mütləq varlığa, Allaha qovuşma fəlsəfəsinin orijinal nəzəri müddəalarından bəhs açıb. O dövrün böyük alimi olan Fəxrəddin Razi ilə Bahəddin Vələd arasında olan elm və məzhəb rəqabəti Mövlananın atasının Bəlxdən köç etməsinə (bəzi mənbələrdə bu fakt əsassız hesab edilir) səbəb olub. Tarixi dəqiq bilinməyən köç zamanı Bahəddin Vələd Xarəzmşahlar xanədanına mənsub olan xanımı Möminə xatun, böyük oğlu Ələddin Məhəmməd, kiçik oğlu Cəlaləddin Məhəmməd (Rumi) və ən yaxın müridləri ilə birlikdə Bəlx şəhərini tərk edir. O, əvvəlcə Bağdaddan keçərək Həcc ziyarətinə gedib, bir neçə şəhəri dolaşdıqdan sonra Larəndəyə (Türkiyənin Qaraman şəhəri) gəlib. Şəhərin hakimi Əmir Musadan böyük hörmətlər görən alim 7 il burada yaşayıb. Bahəddin Vələd 18 yaşlı C.Rumini Səmərqəndli Xoca Şərafəddinin qızı Gövhər xatunla evləndirir. Bu nigahdan C.Ruminin iki oğlu - Sultan Vələd və Ələddin dünyaya gəlir. Qeyd edək ki, Gövhər xatunun ölümündən sonra C.Rumi Konyada ikinci dəfə Kərrə xatunla evlənmiş, həmin xanımdan bir oğlu və bir qızı dünyaya gəlib. Bahəddin Vələd Səlcuq hökmdarı Ələddin Keyqubadın dəvətilə təxminən 1229-cu ildə ailəsi ilə birlikdə Konyaya gedir. Konyanın ən əzəmətli bir yeri olan "Sultan köşkü"ndə onun üçün mədrəsə inşa edilir. Cəlaləddin Ruminin irfani görüşlərinin formalaşmasında atasının böyük rolu olub. O, atasından islami elmlərin dərinliklərini öyrənib, atasının vəfatından sonra (1231-ci il) onun müridi Seyid Bürhanəddin Tirmizi Rumini şagirdliyə götürüb. Böyük alimlərin, mötəbər elmi-dini mənbələrin, xüsusilə atasının "Maarif’ adlı əsərinin təsiri Cəlaləddin Rumini dövrünün irfan sahibi edib, sufilik məqamına yetirib. Lakin Ruminin Şəms Təbrizi ilə görüşü, onunla yaxından əlaqəsi daha fərqli təsirdə olub. Bu təsir ona kitablardan kənardakı mətləbləri agah edib, "dünya sirlərinin yerləşdiyi məkanın qapısı"nı göstərib. Hətta vəziyyət elə bir məqama yetişib ki, Cəlaləddin Rumi müridlərinə dərs deməkdən imtina edərək özü Şəms Təbrizinin müridinə çevrilib. "Bu iki insan arasındakı ruh anlaşması və könül buluşması o dərəcəyə çatdı ki, Mövlana bütün həyatını, həyəcanını Şəmsin varlığında topladı, bu həyəcanla şeir söyləməyə başladı və bu hadisə dünya təsəvvüf ədəbiyyatına Mövlana ölçüsündə böyük bir şair qazandırdı".
Rumi ilə Şəms Təbrizi arasında olan yaxınlıq Rumini müridlərindən uzaq saldığı üçün müridlərinin və bir qrup Konya əhlinin Şəms Təbriziyə düşmən münasibət bəsləməsinə səbəb olub. Bunu hiss edən Ş.Təbrizi Konyanı tərk edərək Şama köçüb. Ş.Təbrizinin Konyanı tərk etməsi Mövlananı pərişan edib, onun həyatında üzüntüyə çevrilib. Mənbələrdə göstərilir ki, Mövlananın bu halından onun müridləri də peşman olub, şairin böyük oğlu Sultan Vələd Şəmsi geri qaytarmaq üçün Şama yola düşüb. Sultan Vələdin xahişinin və Mövlananın qəm dolu məktublarının təsiri nəticəsində Ş.Təbrizi Konyaya qayıtmışdır. Lakin yenidən Ş.Təbrizi əleyhdarlarının meydana gəlməsi və bunun başında Ruminin kiçik oğlu Ələddinin dayanması onu təkrar olaraq birdəfəlik Konyadan getməyə məcbur edib. C.Rumi böyük irfan sahibi Ş.Təbrizini axtarıb tapmaq, onunla görüşmək ümidi ilə iki dəfə Şama getsə də, axtarışları nəticəsiz qalmış, bir daha onunla görüşə bilməyib. Rəvayətə görə Ş.Təbrizini C.Ruminin kiçik oğlu 7 nəfərlik bir dəstə ilə öldürərək (1247-ci il) quyuya atıb, bunu bilən Sultan Vələd gecə ilə onun meyidini quyudan çıxararaq əski Mövlana mədrəsəsi yaxınlığında dəfn edib. Qeyd edək ki, Sultan Vələd bu hadisəni insanlardan gizlədib, yalnız ömrünün sonunda Ş.Təbrizinin qəbrinin harada olduğu barəsində sirri açıqlayıb. C.Ruminin Ş.Təbrizidən ayrı düşməsi onun həyatında kədərə çevrilir və bu hal şairin yaradıcılığında qəmli misralar şəklində əksini tapır:

Ey Təbrizli Şəms,
Dinim eşqdir mənim.
Sənin üzünü gördüm, görəli
Mənim dinim sənin üzündə oxunur, ey sevgili
Gəl, nə olur artıq, gəl
"Gəl" deməkdən qurtar məni.

Bundan sonra C.Rumi öz həyatını ona yaxın olan iki müridi Səlahəddin Zerkub və Çələbi Hüsaməddin ilə bağlayır, Ş.Təbrizidə gördüyü "ilahi halları" onlarda axtarır. Qeyd edək ki, C.Rumi ilə Çələbi Hüsaməddin arasında ruhi yaxınlıq daha güclü olmuş, ona "Məsnəvi" yazmaq ideyasını məhz Çələbi Hüsaməddin verib və "Məsnəvi"ni yazıya da o alıb. C.Rumi ömrünün 40 ildən çoxunu Konyada yaşayıb, Şərqin ən mütəfəkkir alimləri ilə burada görüşüb və dünyanı heyrətə gətirmiş əsərlərini burada qələmə alıb. Mövlana Cəlaləddin Rumi 1273-cü ildə Konyada vəfat edib. Vaxtilə Səlcuq hökmdarı Ələddin Keyqubadın Ruminin atası Bahəddin Vələdə bağışladığı Konya qalasının şərqindəki saraya məxsus "Gül bağçası"nda atasının yanında dəfn olunub.
Mövlana Cəlaləddin Rumi XIII əsr türk təsəvvüf ədəbiyyatının ən böyük şairidir. Əsərlərini fars dilində yazmış dahi söz ustadının yaradıcılığında türkdilli nümunələr say etibarilə cüzi yer tutur. Lakin Cəlaləddin Rumi yaradıcılığında anadilli şeirlər az olsa da, o, yaşadığı bölgədə XIII əsrin ilk türkdilli şairi kimi tanınıb. Rumi sənətində bu halın olması Anadoluda fars dilinin sənət dili kimi hakim mövqe tutmasından irəli gəlir. Məlumdur ki, Qaramanoğlu Məmməd bəyin "Bu gündən sonra divan, dərgah və bargahda, məclis və meydanda türkcədən başqa dil işlədilməyəcək" tələbli 15 may 1277-ci il tarixli fərmanı bu nisbəti türk dilinin xeyrinə dəyişdirib, nəticədə türk dilində yazmaq ənənəsi formalaşıb. Məsələn, Anadoluda başqa sənətkarlarla yanaşı C.Ru- minin oğlu Sultan Vələdin (1226-1312) yaradıcılığında türkdilli poeziya nümunələrinin yaranması bunun nəticəsi kimi qiymətləndirilməlidir. Sultan Vələd yaradıcılığına məxsus aşağıdakı parça türk dilində yaranmış şeirin sadə və gözəlliyini bir daha təsdiqləyir:

Sənin yüzün günəşdir, yoxsa aydır
Canım aldı gözün, dəxi nə eydir
Mənim iki gözüm, bilgil canımsan
Məni cansız qoyasan sən bu keydir.
Gözümdən çıxma kim bu ev sənindir.
Mənim gözüm sənə yaxşı saraydır.
Tamaşa çün bəri gəl kim görəsən
Necə gözüm yaşı irmağu çaydır
Vələd yoxsuldu sənsiz bu cahanda
Səni buldu, bu gözdən bəyü baydır.

Mövlananın müxtəlif vaxtlarda yazmış olduğu "Məsnəvi", "Divani-Kəbir", "Fihi-Mahif", "Məcalisi-Səba" və "Məktubat" əsərləri nəinki türk, həm də Şərq və Qərb xalqları ədəbiyyatının bəzəyinə çevrilib, dünya ədəbi-bədii fikrinin, insanlarda yüksək dərəcəli mənəviyyatın formalaşmasında mühüm rol oynayıb. C.Rumi bir din alimidir. Onun əsərlərinin əsas qaynağı Quran və Həzrəti Peyğəmbər kəlamlarıdır. Bu barədə C.Rumi belə yazır: "Bu can bu təndə olduğu müddətdə mən Quranın köləsiyəm, Mən seçilmiş Məhəmmədin ayağının tozuyam".
C.Rumi böyük bir sufi və təsəvvüf əhlidir. Səmavilik xüsusi bir təriqət xətti kimi onun yaradıcılığında əhəmiyyətli yer tutur. Rumiyə görə, səma edən həqiqət mərtəbəsinə yetişir. Səma etmək gözəl səs eşitmək və zövq almaq deməkdir. Sufilər səmanı zikr etməyin, nurlanmağın mənbəyi kimi dəyərləndirirlər. Mövlanadan əvvəl Söhrəverdi, Qəzali və Cüneydi Bağdadi səmadan bəhs ediblər.
Mövlana Cəlaləddin Rumi lirikası bütünlükdə insanı Allah eşqinə, Allaha qovuşmağa qanadlandıran irfani düşüncə mənbəyidir. O, Allaha qovuşmağın yeganə yolu kimi hiss və məhəbbəti ön plana çəkir. Onun sənəti daim eşq dalğalarından təlatümə gələrək insanı ağuşuna alan göz yaşı kimi dumduru və tərtəmiz dəryaya bənzəyir. Bu sənətin mərkəzində vəhdəti-vücud, İslam panteizm fəlsəfəsi dayanır:

Yoxluqla qovuş, varlığı, dünyanı burax.
Vüslətsə yolun axirəti üqbayi burax.
Tanrıysa muradın, düşünüb durma dərin,
Dünyanı unut, maddəyi, mənayi burax.

"Divani-Kəbir" Mövlana Rumi yaradıcılığında mühüm yer tutur. Divanda şeirlər əruzun 24 qəlib və ya ölçüsü daxilində əlifba sırası ilə yazılıb. Maraqlıdır ki, Divandakı qəzəl, qəsidə, rübai və digər şeir şəkilləri Şəms Təbrizi təxəllüsü ilə yazıya alınıb, ona görə də "Divani-Kəbir"i eyni zamanda "Divani-Şəms Təbrizi" kimi də adlandırırlar.
"Mövlana yer üzünə səmalardan yönəlmiş ruhların təkrar səmalara dönmək üçün girişdikləri bir könül savaşının sərdarıdır" (N.S.Banarlı). Ona görə də Rumi əsərlərində (formasından asılı olmayaraq) ilahi varlığın əzəməti poetik təqdimatda yarımçıq yox, bütöv səciyyə daşıyır.

Sevgilim təkmil cahandan gizlidir
Duyğudan hər türlü zəndən gizlidir
Aşikar könlümdədir bir ay kimi
Can və təndir, tən və candan gizlidir.
Gizli sirlərini söyləmədə cahanın
O yanıq ney, o yanıq ney, yanıq ney.
Ney nədir? O, busəsi gözəl cananın
Öpdüyü şey, öpdüyü şey, öpdüyü şey.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor