Bolqarıstanda çıxış edən azərbaycanlı futbolçu: "Konfrans Liqasında pley-off matçlarından çox şey asılı olacaq" - MÜSAHİBƏ Müsahibə

Bolqarıstanda çıxış edən azərbaycanlı futbolçu: "Konfrans Liqasında pley-off matçlarından çox şey asılı olacaq"  - MÜSAHİBƏ

Bolqarıstanın "Arda" klubunda çıxış edən Cəlal Hüseynov "Report"a müsahibə verib. 22 yaşlı müdafiəçi 6 ay icarə əsasında oynadığı "Şamaxı"da təcrübə topladığını söyləyib. O, yaxın gələcəkdə daha yüksək səviyyəli çempionatda çıxış etmək istədiyini bildirib.

- Ötən mövsümün ikinci yarısını icarə əsasında "Şamaxı"da keçirdikdən sonra yenidən "Arda" komandasına qayıtdınız. Bolqarıstan klubu tərəfindən necə qarşılandınız?

- "Şamaxı"da cəmi 6 ay oynadım. Bu, elə də uzun müddət deyildi. Tanıdığım futbolçuların və məşqçilərin yanına döndüm. Hər zamankı kimi isti münasibətlə qarşılaşdım. Bildirildi ki, heyətdə rəqabət var, kim güclüdürsə, o da meydana çıxacaq.

- Son oyunlarda əsas heyətdə meydana çıxırsınız. Məşqçilər korpusu sizə tam güvənir?

- Bolqarıstan çempionatında bir neçə tur arxada qalıb. Konfrans Liqasındakı bütün qarşılaşmalarda meydana çıxmışam. Məşqçilərin güvənməyinə gəldikdə isə, sözün açığı, təlim-məşq toplanışı zamanı əsas heyətdə yer alacağıma inanmırdım. Mövqeyimdə çıxış edən futbolçu zədələndi və şans mənə düşdü. Beləcə əsas heyətdə oynamağa başladım. Hətta zədəli olan futbolçu da sağalıb. Lakin hələ də şans məndədir. Çalışıram ki, etimadı doğruldum.

- "Şamaxı"da keçirdiyiniz icarə müddətini karyeranız üçün xeyirli hesab edirsiniz?

- Əlbəttə, oradakı çıxışımın özü bir təcrübə idi. Ötən mövsüm tez-tez meydana çıxıb, oyun praktikamı yaxşılaşdırmaq istəyirdim. Düşünürəm ki, müəyyən qədər buna nail oldum. "Şamaxı"da çıxış edərkən milli komandaya dəvət aldım. Bunun özü çox sevindirici hal idi. İcarə əsasında "Şamaxı"ya gəlişim doğru addım idi.

- "Şamaxı" sizə qalmağı təklif etmişdi?

- Rəhbərlik bildirdi ki, "Arda" komandasında işlərim alınmasa, qapılar üzümə açıqdır. 2025/2026 mövsümünün sonuna qədər Bolqarıstan klubu ilə müqaviləm var.

- Azərbaycan klublarından sizinlə maraqlanan var idi?

- Azərbaycan klublarından təkliflər almışdım. Söz göndərən klublar da olurdu. Lakin dediyim kimi, "Arda" ilə müqaviləm var. Açığı desək, Azərbaycana qayıtmaq barədə düşünmürəm.

- Çıxış etdiyiniz "Arda" klubu UEFA Konfrans Liqasında Polşa təmsilçisi "Rakuv"la pley-off oyununa çıxacaq. Liqa mərhələsinə vəsiqə qazanmaq uğrunda görüşdən gözləntiləriniz nədir?

- Oyuna ciddi hazırlaşırıq. Əvvəlki matçlarda qazandığımız qələbələr bizə yüksək motivasiya verib. Təbii ki, uğurlu seriyanı davam etdirmək istəyirik. Lakin hazırda Liqa mərhələsinin sevincini yaşamaq tezdir. Baş məşqçimiz də bildirdi ki, sadəcə öz oyunumuzu sərgiləməliyik. Əsas hədəfimiz səfər matçından sərfəli nəticə ilə dönməkdir.

- "Arda" klubundakı əsas hədəfiniz nədir?

- Əsas hədəfim odur ki, bu klubda özümü yaxşı tərəfdən göstərim və daha yüksək səviyyəli çempionatlarda çıxış edim. Konfrans Liqasında pley-off matçlarından çox şey asılı olacaq. Cari mövsümün sonuna qədər müqaviləm davam edir. Bəlkə də qış "transfer pəncərəsi"ndə nəsə dəyişəcək. Bunu zaman göstərəcək.

- Hazırda yaxşı formadasınız. Azərbaycanın 2026-cı il dünya çemponatının seçmə mərhələsinin oyunlarına dəvət alacağınızı gözləyirsiniz?

- Dəvəti hər zaman gözləyirəm. Lakin bu, baş məşqçi Fernandu Santuşun qərarıdır. Sözün düzü, siyahının nə vaxt açıqlanacağını bilmirəm. Çox istərdim ki, adım həmin siyahıda yer alsın.