Prezident İlham Əliyevin verdiyi mesajlar… Siyasət

Prezident İlham Əliyevin verdiyi mesajlar…

Elçin Mirzəbəyli: "Gerçəkdən, baxmaq və görmək lazımdır ki, Avropa İttifaqına necə bir Azərbaycan lazımdır?"

Sahib Alıyev: "Dövlət başçısı bütün vətənpərvər azərbaycanlıların hamısının ürəyindən tikan çıxaran fikirlər səsləndirdi"

Rasim Musabəyov: "Tənqid olunan hökumət üzvləri çox qısa zamanda özləri üçün ölçü götürəcəklər"

Vahid Əhmədov: "Hesab edirəm ki, bu mesajlardan sonra mühüm dəyişikliklər olacaq"

Prezident İlham Əliyevin iyulun 13-də keçirilmiş müşavirədə Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkənin milli maraqlarına tam cavab verən mövqe kimi qiymətləndirilib.
Dövlət başçısı müşavirədəki çıxışının bu məsələyə dair hissəsində Azərbaycana ikinci dərəcəli ölkə kimi yanaşılmasının yolverilməzliyini diqqətə çatdırıb: "Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi?
Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik".
Prezident İlham Əliyevin bu fikirlərini şərh edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dövlət başçısının hər zaman olduğu kimi, indi də ölkənin milli maraqlarına uyğun prinsipial mövqedən çıxış etdiyini diqqətə çatdırıb: "Cənab Prezident həqiqətən də, çox aktual məsələyə toxunub. Gerçəkdən, baxmaq və görmək lazımdır ki, Avropa İttifaqına necə bir Azərbaycan lazımdır?
Çox təəssüf ki, Avropa İttifaqı onunla yaxınlaşmaq, inteqrasiya etmək istəyən ölkələrə münasibətdə də özünün ikili standartları əsasında davranır. Biz bunu "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrə yanaşmada bir daha açıq-aşkar şəkildə gördük.
Bu qurumun strukturları öz mövqeyində sabit və ardıcıl olan Azərbaycanı haqsız tənqid etdikləri halda, son anda assosiativ sazişi imzalamaqdan imtina edən Ermənistanı həvəslə təqdir etməyə başladılar.
Tək bu məqam Azərbaycanın Avropaya inteqrasiyasının vacib olub-olmaması məsələsini aktual sual kimi qarşıya qoyur.
Təbii ki, Azərbaycan dünya birliyinin üzvü olaraq, inteqrasiya prosesində maraqlıdır. Amma söhbət hansı inteqrasiyadan gedir? Əlbəttə ki, bərabərhüquqlu və beynəlxalq hüquqa əsaslanan inteqrasiyadan.
Amma biz Avropa İttifaqının müstəqil mövqeyi və siyasəti olmayan, müti, Qərbin istənilən planında qeyd-şərtsiz iştiraka hazır olan bir Azərbaycan görmək istədiyini açıq müşahidə edirik. Yenə təəssüflə bildirirəm ki, Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin güclü olduğu zaman kəsimlərində də Qərbin bizə münasibəti fərqli olmayıb.
O baxımdan, cənab prezidentin Avropaya inteqrasiya ilə bağlı söylədiyi fikirlər tam yerinə düşür və reallılğı olduğu kimi təsəvvür edib qiymətləndirməyə imkan verir".
Milli Məclisin (MM) deputatı Sahib Alıyev öz "Facebook" statusunda qeyd edib ki, müşavirədə dövlətimizin başçısı bütün vətənpərvər azərbaycanlıların hamısının ürəyindən xəbər verən, hətta deyərdim ki, tikan çıxaran fikirlər səsləndirdi. "Daha çox adamın tanış olması üçün hissə-hissə siz də öz səhifənizdə həmin fikirləri paylaşa bilərsiniz. Və hər birimizin ürəyindən olan bu fikirləri "like" etməyi də unutmayın" - deyə, qeyd edən millət vəkilinin yazdığına görə, qoyun həmin çıxışdakı tənqid hədəfləri, Azərbaycanımıza diş qıcayanlar görsünlər ki, bu xalq öz liderinin arxasındadır. "Çünki məhz onun maraqlarının təmsilçisi kimi çıxış edir, məhz onun adını ucaltmağa çalışır və məhz onun içindən keçənləri səsləndirir" - deyə, S. Alıyev daha sonra vurğulayıb.
"Bu gün dünyada həm geopolitik, həm də iqtisadi durum çox mürəkkəbdir. Belə olan halda Azərbaycan Prezidenti İlham Əliyev hökuməti səfərbər olub işləməyə çağırmalı idi", - deyən millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Prezident İlham Əliyevin iclasda konkret, tamamilə əsaslandırılmış təndiqlərindən sonra tənqid olunan hökumət üzvləri çox qısa zamanda özləri üçün ölçü götürəcəklər:
"Azərbaycan dövləti dəfələrlə vurğulayıb ki, böyük-kiçik münasibətini qəbul etmir. Avropa Birliyi müəllim-şagird münasibəti qurmaq istəyirsə, başqa yerdən özü üçün müştəri tapsın. Azərbaycan Avropa Birliyi ilə praqmatik şəkildə münasibət qurmağa hazırdır. Yəni, qarşılıqlı maraqlar üzərində. Digər məsələlərə gəlincə Azərbaycanın kiminsə, arxasınca sürünməyə marağı və ehtiyacı yoxdur. İlham Əliyevin çıxışı ölkəmizə qarşı çıxış edənlərə, çirkin kampaniya aparanlara dərs olmalıdır və bu mesajlardan nəticə çıxarmaq lazmdır".
Millət vəkili ölkə başçısının Avropa təsisatlarının Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyə görə tənqidini haqlı və yerində olduğunu və bu tənqidlərə şərik olduğunu bildirib.
Onu da deyək ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev Avropa təsisatlarını sərt tənqid edib: "Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Prezident İlham Əliyev hökumətin altı aylıq yekun hesabatında çox ciddi mesajlar verdi: "Hesab edirəm ki, bu mesajlardan sonra mühüm dəyişikliklər olacaq". O, İlham Əliyevin bir sıra nazirliklərlə bağlı haqlı iradını xüsusilə dəstəkləyib: "Prezident ayrı-ayrı nazirliklərin, icra orqanlarının sahibkarların işinə müdaxilə etməsi, özbaşınalıqları barədə çox ciddi mesajlar verdi. Doğrudan da bu hallar mövcuddur. Azərbaycanda hər zaman sahibkarlığın inkişafına böyük diqqət yetirilir. Dövlət başçısı faktiki olaraq Sahibkarlığa Kömək Fondunun yaradılması ilə sahibkarlığın inkişafı üçün il ərzində təxminən 250-300 milyon manatlarla kreditlər verir.
Bunun müqabilində sahibkarlığın əsas vəzifəsi yüksək keyfiyyətlə xidmətini yerinə yetirmək, məhsul istehsal etmək, dövlətin onun qarşısında qoyduğu tələblərə riayət etməkdən ibarətdir. Yəni vergini vaxtında ödəməlidir. Amma onların işinə müdaxilələr yolverilməzdir. Biz hətta Milli Məclisdə sahibkarlıqla bağlı xüsusi qanun qəbul etdik ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçsin, vahid reyestr müəyyən edilsin. Amma təəssüf ki, buna əməl olunmur. Bir çox nazirliklər, icra orqanları tərəfindən sahibkarların işinə əngəllər törədilir, prezidentin dediyi kimi, "krışalıq" edirlər.
Vahid Əhmədov səlahiyyətlilərin Vergilər Nazirliyi ilə bağlı tutulan iradlardan nəticə çıxaracağına ümid edir: "Bu nazirliklə bağlı irad birbaşa vergi ilə əlaqədardır. Hesab edirəm ki, Vergilər Nazirliyi bundan nəticə çıxarmalıdır".
Deputat Səhiyyə Nazirliyi ilə bağlı iradların tamamilə düzgün olduğunu da vurğulayıb: "Dərman preparatları ilə əlaqədar məsələni bir neçə dəfə parlamentdə də qaldırmışıq. Məndə olan məlumata görə, hazırda baş nazirin müavini Əli Əhmədovun başçılığı ilə müəyyən işlər görülüb və proses davam edir. Cənab prezidentin qeyd etdiyi kimi, dərmanların qiymətlərinin yuxarı həddi müəyyən edilməli və əhali bu qiymətlər barədə məlumatlandırılmalıdırlar. Bu sahədə də ciddi addımlar atmağa ehtiyac var".
Vahid Əhmədov ölkə başçısının çıxışı ilə bağlı xüsusi məqama diqqət çəkib:"Hesab edirəm ki, ölkənin birinci şəxsi haqlı iradlar bildirirsə, mütləq şəkildə dönüş olmalıdır. İlham Əliyevin çıxışı zamanı xüsusilə bir məqam diqqətimi cəlb etdi. Cənab prezident çıxışını oxumurdu, onun özünün qeydləri vardı və onlara baxaraq bu məsələlərə toxunurdu. Bu onu göstərdi ki, ölkə başçısının ictimaiyyəti narahat edən məsələlərdən faktiki olaraq xəbəri var və bunlar onu ciddi narahat edir".

Əli