“İran özü qonşu ölkələrlə genişmiqyaslı iqtisadi, ticari münasibətləri inkişaf etdirməyə meyillidir” Siyasət

“İran özü qonşu ölkələrlə genişmiqyaslı iqtisadi, ticari münasibətləri inkişaf etdirməyə meyillidir”

Tofiq Abbasov: "Lakin sanksiyalar bu istək qarşısında maneələr yaradırdı"

"Sırf geosiyasi baxımdan İranın sanksiya rejimindən çıxması müsbət dəyişiklikləri təmin edə biləcək məsələdir". Bu fikri politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, İran özü qonşu ölkələrlə genişmiqyaslı iqtisadi, ticari münasibətləri inkişaf etdirməyə meyillidir: "Lakin sanksiyalar bu istək qarşısında maneələr yaradırdı. Əslində, həmin vəziyyətdən tək İran itirmədi. Təkcə Avropa İttifaqı İran bazarında 80 milyarddan çox itirdi. O cümlədən, İslam Respublikası ilə münasibətlərin məhdudlaşmasından digər məmləkətlər də itirdilər".
Politoloq bildirib ki, indi isə bölgə iqtisadiyyatında canlanma ola biləcək: "İlk növbədə nəqliyyat-kommunikasiya, energetika, yüksəık texnologiyalar sahəsində imkan və vasitələrin birləşməsinə ehtiyac var".
T.Abbasov vurğulayıb ki, əsas məsələ odur ki, İran son illər ərzində beynəlxalq bank sistemindən xaric edilmişdi, SWIFT sisteminin orda qapadılması ticari əməliyyatların həllini mümkünsüz edirdi, ya da son dərəcə çətinləşdirirdi: "Bundan sonra İran ilk növbədə öz qonşuları ilə əlaqələrin inkişafına diqqət yetirəcək ki, bu da Xəzər bölgəsi ilə Qafqazda geoiqtisadi durumu yeni keyfiyyət mərhələsinə çıxara biləcək".
Qarabağ probleminə gəldikdə isə politoloq qeyd edib: "Nəzərə almaq lazımdır ki, Tehranın İrəvana təsir imkanları kifayət qədərdir. Sadəcə Tehran ATƏT-in Minsk qrupu ilə paralel səy göstərmək istəmir. Lakin bu ölkənin dünya birliyinə yeni statusda, yəni sanksiyalardan azad edilmiş şəkildə qayıdışı dondurulmuş münaqişəyə münasibət göstərməsinə şərait yarada bilər".
O əlavə edib ki, hər halda nəzərə almaq lazımdır ki, Qərb dairələri İran sərt sanksiyalar vəziyyətində yaşadığı zamanlarda belə Tehrandan təkidlə xahiş edirdi ki, o, Ermənistanı himayə etsin, ona iqtisadi dəstəyi əsirgəməsin: "İndi isə Qafqaz-Xəzər bölgəsində yeni siyasi durum formalaşmaqdadır və gərginliyi aradan götürə biləcək amillərin artmasına əməli konyunktura yaranır. Ola bilsin ki, Bakı ilə Tehran arasında davam edən siyasi dialoq çərçivəsində Qarabağ problemi yeni təzahürdə yer alsın".