Sahibkarlar üçün mühüm güzəştlər Siyasət

Sahibkarlar üçün mühüm güzəştlər

Milli Məclis bir sıra qanun layihələrinə dəyişikliklər etdi

Qüdrət Həsənquliyev: "Əgər zamanında Milli Bank nəzarət etsəydi və banklar krediti manatla versəydi, indi bu problem yaranmazdı"

Elman Rüstəmov: "Məzənnə üzür, üzməkdə davam edir"

"Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident tərəfindən işlər görülür. İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq".
Bunu spiker Oqtay Əsədov Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında deyib.
O, iqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı prezident tərəfindən
parlamentə təqdim olunan layihələri buna misal çəkib: "Prezidentin bu sahədə çox operativ addımları var".

"Ehtiyatlı davranmalıyıq"

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə öz çıxışında qeyd edib ki, həm Azərbaycan Dövlət Neft Fondu, həm də Mərkəzi Bank valyuta bazarında aktiv çalışırlar".
Mərkəzi Bank sədrinin qənaətinə görə, atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub: "Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Lakin, siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".
Elman Rüstəmov dolların məzənnəsi 2 - 2,5 manat olacağı barədə gəzən şayiələrin də həqiqəti əks etdirmədiyini deyib: "Bu söz-söhbətlər həqiqəti əks etdirmir".
Elman Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq".
Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran Elman Rüstəmov əlavə edib ki, neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
Mərkəzi Bankın sədri Azərbaycanın strateji valyuta ehtiyatlarının 40 mlrd. ABŞ dollarına bərabər olduğunu xatırladıb.
Onun sözlərinə görə, dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi səbəbindən xərclərimiz gəlirlərimizi ödəmir. Elman Rüstəmov əlavə edib ki, neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmadığından büdcə xərclərində qənaət edilməsi vacibdir: "Bu gün bizim strateji valyuta ehtiyatlarımız 40 milyard dollardır. Bu, sabitlik komfortudur. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyil ki, bu nə qədər davam edəcək. Buna görə, strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq".

"İdeoloji statistikadan qurtulmaq lazımdır"

Növbədənkənar iclasda iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.
Millət vəkili Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: "Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər".
Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: "Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir".
Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: "Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar".
Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: "Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur".
Fəzail Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir".
Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq".
MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov son vaxtlar iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Cənab prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Banklarla bağlı olan məsələ gündəmə gəlib. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərə bağlı ictimaiyyətə məlumat verəcək. Banklardakı vəziyyət, problemlər barədə məlumat vermək lazımdır ki, insanlar bilsinlər. Yoxsa, heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var. Son müşavirədə cənab prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni investisiyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, cənab prezidentin çağırışına dəstək versinlər, yerli istehsalın inkişafına kömək olsunlar".

"Qəti addımlar atmalıyıq"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mövcud problemlərin həlli üçün bir sıra təkliflərlə çıxış edib. BAXCP sədri bildirib ki, prezidentin son müşavirədə çıxışından sonra insanlarda inam yaranıb: "Mən bir məsələnin üzərinə gəlmək istərdim. Həmkarım Əli Məsimli də bu məsələni qaldırdı. Niyə 2 milyard manat gətirilib yerli banklarda yerləşdirilmədi? Sahibkara imkan yaratmalıyıq ki, aşağı faizlə pul götürsün və hansısa mallar istehsal etsin. Elman Rüstəmova sual verdim ki, niyə banklar dollarla kredit verir? Konstitusiyaya əsasən, bütün əməliyyatlar milli valyuta - manatla aparılmalıdır. Elman müəllim deyir ki, kredit fərqli məsələdir. Faktiki olaraq, burada dollardan istifadə edilir. Əgər zamanında Milli Bank bu işə nəzarət etsəydi, banklar krediti manatla versəydi, indi bu problem yaranmazdı. Şahin Mustafayev deyir ki, sahibkarlara 250 milyon kredit veriləcək. Əli Məsimli doğru deyir ki, 2 milyardı gətirib sahibkarlara vermək lazımdır. Başqa addımlar da atılmalıdır. Hər il 10 minlərlə tələbə xaricə gedir. Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə universitetlərinə üz tuturlar. Onlar təhsil haqqı ödəyir, qalmağa pul verirlər. Bunlar hamısı xarici valyuta ilə ödənilir. Söhbət böyük maliyyədən gedir. İndi devalvasiyadan sonra onlar da çətinlik çəkirlər. Hesab edirəm ki, əgər lazımdırsa, bu tələbələr Azərbaycan ali məktəblərinə köçürülməlidir".
Qüdrət Həsənquliyev sahibkarların qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edildiyini xatırladıb: "Biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyə qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olumurdu?"
Deputat bildirib ki, sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər: "Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq".
BAXCP sədri təklif edib ki, bəzi ölkələrlə bağlı viza rejimi aradan qaldırılmalıdır: "Türkiyə və İranla viza qaldırılmalıdır. Eyni zamanda Avropa Birliyinə üzv dövlətlərlə viza birtərəfli aradan qalxmalıdır. Bura investisiya yatıran şirkətlərə ciddi güzəştlər təqdim edilməlidir. Təbii ki, bunların hamısını eyni anda etmək olar. Bu gün ABŞ-da, Çində birjalar çökür. Neftin qiyməti düşür. Amma biz də qəti addımlar atmalıyıq. Səhiyyə obyektləri, ali təhsil müəssisələri, səhmdar cəmiyyətləri özəlləşdirilməlidir. Mən neçə illərdir ki, bunu deyirəm".

"Dövlət büdcəsinə yenidən baxılacaq"

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki,
"Çox güman ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq:
"Bir çox ölkələrdə qlobal dünya böhranının təsiri yaşanır. Onlar öz valyuta ehtiyatlarını itirir, sosial-iqtisadi göstəricilərini xeyli aşağı salır, ixtisarlar edirlər. Bu fonda Azərbaycan iqtisadiyyatı dinamiklik göstərir, inkişaf edir. Dünən cənab Prezident keçirdiyi iclasda Azərbaycan iqtisadiyyatının davamlılığı, xalqın həyatının daha da yaxşılaşdırılması naminə hökumətə mühüm tapşırıqlar verdi".
O qeyd edib ki, devalvasiya prosesindən sonra müəyyən təzyiqlər olsa da, Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, atdığı addımlar Azərbaycan iqtisadiyyatının yenə də inkişafını davam etdirəcəyinə əminlik yaradır.
Komitə sədri bildirib ki, neftin qiymətinin 4 dəfə ucuzlaşması bizdən asılı olmayan səbəblərlə bağlıdır. Onun sözlərinə görə, ölkədə iqtisadi planlar dəqiqləşdirilməli, cari xərclər azaldılmalı, milli iqtisadiyyatımızın inkişafına yönələn xərclər artırılmalıdır: "Qarşımıza qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin inkişafına nail olmaq, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək kimi vəzifələr qoyulub. Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib".
Səmədzadə bildirib ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun təşəbbüskarı bir neçə il öncə cənab Prezident olub.
O qeyd edib ki, hazırda banklarda 9 milyarda yaxın əmanət var: "6,5 milyon əmanətçi var. Onların illik aldığı divident isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividentlərdən heç bir faiz tutulmayacaq. Bu isə 1 il ərzində 90-100 milyon manata qədər pul edir. Əmanətlərin Sığortalanması Fondu da təkmilləşdirilir. Çətinlik olanda əmanətlərin sığortalanmasını hökumət öz üzərinə götürür".
Ziyad Səmədzadə deyib ki, "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin MDB-də analoqu yoxdur: "Bu qanun qüvvəyə minəndən sonra əhali heç bir hay-küyə baxmadan rahat şəkildə öz əmanətlərini banklara qoya biləcəklər. Borclu olanda belə, onların əmanətləri qorunmalıdır. Bu qanunların Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün böyük əhəmiyyəti var".
Millət vəkili vurğulayıb ki,ehtiyatlarımızı dollarla hesablasaq, Ümumi Daxili Məhsulun həcminə bərabərdir: "Ölkədən çıxan valyuta ehtiyatlarını tənzimləmək lazımdır ki, kapital Azərbaycandan qaçmasın, ölkəmizə investisiya qoyulsun. Azərbaycanda valyuta məzənnəsi də tənzimlənməlidir. Bu, ölkənin valyutasını sabit saxlamaq üçün lazımdır".
Millət vəkili Vahid Əhmədov ölkədə unun qiymətinin stabilləşdirilməsi ilə bağlı qərarın vacibliyindən söz açıb: "Ümumiyyətlə, son günlər qəbul edilən qərarlar çox ciddi addımlardır. Hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyət ehtiyatları var".

"Energetika Nazirliyi nəyə lazımdır ki?"

Zahid Oruc isə ixtisarlardan danışıb: "Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, "Azərenerji"ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq" adlı qurum var. Bu siyahını uzada da bilərik".
Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına "Sənin yerin görünür" replikası ilə cavab verib.
Müzakirələrdən sonra "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi qəbul edilib.
Sənəd barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər.
Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1% həcmindən çox olmamaq şərti ilə ödənilir. Yeni qanuna qədər əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2% həcmindən çox olmamaq şərti ilə ödənilirdi.
Bundan başqa, qanunda sığorta haqlarının ödənişinin təmin edilməsi maddəsinə də dəyişiklik edilib. Bundan sonra dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanacaq.
Əmanətlərin Sığortalanması Fondunun borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı maddəyə də dəyişiklik edilib. Qanunda edilən dəyişikliyə əsasən, Fondun likvid aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.
Milli Məclis "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini də qəbul edib.
Dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək və bu məcburi olacaq.
Qeyd edək ki, buna qədər qüvvədə olan qanuna görə, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 15%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edilib və bu məcburi xarakter daşımayıb.

Dünən keçirilən iclasda növbəti dəyişiklik "Gömrük tarifi haqqında" qanuna qəbul edilib.
Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular - 7 il müddətinə gömrük rüsumundan azad ediləcək.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da gömrük rüsumundan azad edilib.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azaddır.
Milli Məclisin plenar iclasında Vergilər Məcəlləsinə də dəyişiklik edilib.
Dəyişikliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olunur.
Başqa sözlə, 2016-cı il fevralın 1-dən 3 il müddətinə yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.