“Səfər və sammitdə iştirak Azərbaycana imkan verir ki, öz fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırsın” Siyasət

“Səfər və sammitdə iştirak Azərbaycana imkan verir ki, öz fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırsın”

Asim Mollazadə: "ABŞ-da keçirilən bir sıra görüşlər Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edir"

Araz Aslanlı: "Azərbaycan hazırda balanslaşdırılmış xarici siyasət kursu yürüdür"

Aytən Mustafayeva: "Azərbaycan və ABŞ hər zaman tərəfdaş ölkələr olub"

Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdədir. Dövlət başçısının səfəri olduqca məhsuldar keçib, səfər müddətində ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri, həmçinin konqresmenlərlə, müxtəlif təşkilatların təmsilçiləri ilə, ictimai xadimlərlə çoxsaylı ikitərəfli görüşlər baş tutub. Prezident İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ABŞ prezidenti Barak Obamanın adından verilən naharda iştirak edib. Demək mümkündür ki, Azərbaycan Prezidentinin səfəri Azərbaycanla ABŞ arasında fəal siyasi dialoqun, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərib. Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə səfəri çox yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, bu səfər və sammitdə iştirak Azərbaycana imkan verir ki, öz fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırsın və bölgədə olan təhdidlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırsın. Deputat qeyd edib ki, bununla yanaşı, ABŞ-da keçirilən bir sıra görüşlər Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edir:"Azərbaycanın həyata keçirdiyi bölgədə böyük layihələrə ABŞ-ın çox ciddi dəstəyi var və keçirilən görüşlərdə ölkəmizin önəmi xüsusi vurğulandı. Azərbaycan və ABŞ nəqliyyat, enerji sahəsində, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər. Azərbaycan antiterror koalisiyasının çox fəal üzvüdür və beynəlxalq terrordan əziyyət çəkmiş Azərbaycan çox gözəl anlayır ki, bu insanlara qarşı olan cinayət hamı üçün böyük bir təhlükədir. Bu sahədə də əməkdaşlığımız zənnimcə davam edəcək. Ona görə də bu səfər çox uğurlu səfərdir. Siyasətçilər, hökumət nümayəndələri ilə yanaşı Amerika ictimaiyyətinin, biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirilərək Azərbaycana Amerika Birləşmiş Ştatları investisiyalarının cəlb edilməsi, Amerika-Azərbaycan iqtisadi münasibətlərinin genişlənməsi ilə bağlı müvafiq görüşlər, fikir mübadiləsi aparıldı. Mənə elə gəlir ki, bu da gələcək münasibətlərdə çox müsbət irəliləyişin olacağının əsasını qoydu". Azərbaycan-Amerika münasibətlərinin inkişaf dinamikasını xarakterizə edən A.Mollazadə bu münasibətlərin inkişaf edən bir münasibət olduğunu vurğulayıb: "Azərbaycan-Amerika əlaqələri daimi inkişaf edən proseslərdir. Çətinlik də ilk növbədə ABŞ-ın daxilində, hətta Amerikanın özünün maraqlarına zidd olaraq çox ciddi təşkilatlanmış, zəngin erməni lobbisinin fəaliyyət göstərməsi və Azərbaycanın bölgədə həyata keçirdiyi proqramlardan narahat olan digər qüvvələrin təbii ki, bu münasibətləri pozmaq istəməsindən, münasibətlərə xələl gətirmək istəməsindən ibarətdir. Ona görə də Prezidentin səfəri mənə elə gəlir ki, bu qüvvələrin əməllərini dəf etmək üçün çox gözəl bir imkandır. Mən əminəm ki, bizim Amerika ilə münasibətlərimiz Azərbaycanın həyata keçirdiyi strateji proqramlara, layihələrə yeni bir dəstək qazandıracaq. Əminəm ki, Azərbaycanın həyata keçiridiyi strategiya Amerikanın da maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə əməkdaşlıq daha da genişlənəcək".
Millət vəkili Tahir Mirkişili deyib ki, dünyada gedən qlobal dəyişikliklər, regionda baş verən siyasi hadisələr zamanı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması fonunda dövlət başçımızın ABŞ-a səfəri və bu səfər zamanı keçirdiyi görüşlər həm miqyas olaraq, həm də keyfiyyətcə çox mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Co-Baydenin iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi, əlaqələrin yeni səviyyəyə qaldırılması, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsi, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığı ilə bağlı söylədiyi fikirlər hər iki ölkə arasında fundamental əlaqələrin möhkəm zəmində və qarşılıqlı ehtiram əsasında inkişaf etdiyini göstərir.
Deputat əlavə edib ki, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanın sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə, Avropanın uzunmüddətli strateji maraqları naminə "Cənub Qaz Dəhlizi" layihəsi kimi ciddi bir addım atdığına görə dövlətimizin başçısına minnətdarlıq etməsi, ölkəmizin qlobal və regional səylərinin Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirildiyinin əyani sübutudur.
"Prezident İlham Əliyevin ABŞ-ın "Export-İmport" Bankının sədri, "General-Electric" şirkətinin vitse-prezidenti ilə görüşləri, bu görüşlərdə Azərbaycanda son iqtisadi islahatlar paketinə uyğun olaraq yeni imkanların yaranması, bunun regional əhəmiyyəti və miqyasının müzakirə olunması, ABŞ iqtisadi strukturlarının bu prosesdə aktiv iştirakının hər iki ölkənin maraqları dairəsində olduğunun vurğunlanması birgə yeni iqtisadi layihələrin həyata keçirilməsi imkanlarından xəbər verir", -deyən millət vəkili ABŞ-Azərbaycan münasibətlərinin 25 illik mühüm tarixinin olduğunu vurğulayaraq, bu səfərlə əlaqələrin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatdığını bildirib.
Millət vəkili deyib ki, ABŞ dünyada həm də müasir texnologiya, ideya və innovasiyalar ixracatcısıdır. O vurğulayıb ki, ABŞ-Azərbaycan əlaqələrinin strateji səviyyəyə qalxması, Azərbaycan Prezidentinin bu istiqamətdə uğurlu görüşləri regionun daha da müasir və texnoloji inkişafına xidmət edəcək.
"Qafqaz" Beynəlxalq Münasibətlər və Stateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, analitik Araz Aslanlı deyib ki, Prezident İlham Əliyevin ABŞ-a dəvəti və keçirdiyi görüşlər Azərbaycan xarici siyasətinin mahiyyətindən və ardıcıllığından qaynaqlanır. O bildirib ki, Azərbaycan hazırda balanslaşdırılmış xarici siyasət kursu yürüdür, amma əvvəllər bu kursun doğru olmadığını düşünənlər də var idi: "Belə düşüncədə olanlar yanıldılar. Sonra fikirlər ortaya çıxdı ki, bu kurs doğrudur, amma 2008-ci ilin avqust hadisələrindən sonra, ya da hazırkı beynəlxalq və regional konyekturada bunu davam etdirmək mümkün deyil. Bu doğurdan da asan deyil və risklər daim mövcuddur. Amma fakt budur ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bunun əsasında da enerji siyasəti dayanır".
Araz Aslanlı qeyd edib ki, Azərbaycan Xəzər hövzəsindəki təbii ehtiyatlarının azad şəkildə istehsalını və dünya bazarlarına çıxarılmasını məqsəd kimi müəyyən edib: "Bu istiqamətdə ciddi nəticələr əldə edilib, amma davam edən layihələr də var. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində ciddi töhfələr verir. Bu Avropa ölkələri ilə yanaşı ABŞ-ın da strateji maraqlarına uyğundur. Bu sahəyə töhfə verməklə Azərbaycan sadəcə təbii ehtiyatlarını sataraq maliyyə imkanları qazanmır, eyni zamanda siyasi və digər əməkdaşlıqlarını da gücləndirir. Amma bundan narahat olan dövlətlərin hədəfinə də çevrilir. Bunun qarşılığında təbii ki, müttəfiqlərindən, əməkdaşlıq etdiyi dövlətlərdən müəyyən gözləntiləri də var. Bu gözləntilərin başında Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verilməsi gəlir".
Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan prezidentiylə son görüşləri zamanı yüksək səviyyəli ABŞ rəsmiləri yenə ölkəmizin ərazi bütövlüyünə dəstək verən bəyanatlar verdilər: "Bunlar əhəmiyyətlidir, amma Azərbaycanın haqlı olaraq gözlədiyi sadəcə bəyanatlar deyil, işğalın qeyd-şərtsiz və dərhal aradan qaldırılması üçün daha konkret töhfələr, o cümlədən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasıdır. Bu istiqamətdə ABŞ-dan bəzi kiçik səylərin şahidi olmuşuq. Ümid edək ki, bu səylər daha da artacaq. Amma 2016-cı il üçün bu istiqamətdə hansısa bir möcüzə gözləmirəm".
Millət vəkili Aytən Mustafayeva deyib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət kəsb edir: "Dünyanın yaşadığı gərgin zamanda cənab Prezidentin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması, ABŞ dövlət katibi Con Kerri və digər şəxslərlə görüşü Azərbaycana olan münasibətin, ölkəmizin regionda siyasi, iqtisadi fəaliyyətinin yüksək dəyərləndirilməsinin göstəricisidir". O qeyd edib ki, Azərbaycan və ABŞ hər zaman tərəfdaş ölkələr olub: "Ulu Öndər Heydər Əliyevin zamanında ABŞ Əsrin Müqaviləsinin həyata keçirilməsinə dəstək göstərmişdi. Hazırda Azərbaycanın çoxşaxəli istiqamətdə enerji fəaliyyəti haqda təşəbbüs irəli sürməsi və həyata keçirməsi, Avropa və digər ölkələrə enerji dəstəyi göstərməsi çox yüksək qiymətləndirilir.
Deputat bildirib ki, Azərbaycan uzun illərdir NATO-ya dəstək veri: "ABŞ NATO-da əsas rol oynayır. Əsgərlərimiz orada iştirak edir, ərazilərimiz uşaqlar üçün tranzit kimi verilir, sözügedən alyans tərəfindən qəbul olunan proqram - Əfqanıstanın yeni sülh şəraitinə adaptasiyası və təlimlərdə Azərbaycan önəmli rol oynayır. ABŞ bunu yüksək qiymətləndirir. Bu baxımdan Prezidentimizin C.Kerri və konqresmenlərlə çox uğurlu görüşləri oldu. Orada Dağlıq Qarbağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması barədə səslənən təkliflər diplomatik addımdır. Hər kəs başa düşür ki, onlar belə də deməlidirlər. Prezidentimiz onlara cəhbə zonasında yaşanan vəziyyəti izah etdi və bu şəraitdə danışıqları davam etdirdiyimizi bildirdi".
Millət vəkili əlavə edib ki, yaşanan böyük müharibələr zamanında Azərbaycan terrorla mübarizə aparan dövlətlərə böyük dəstək göstərir: "Dövlətimizin bu sahədə böyük təcrübəsi var. Biz 25 ildir beynəlxalq terrorizmin bir qolu olan erməni terrorizimi ilə üzləşmişik və onlara qarşı mübarizə aparırıq. Azərbaycanın torpaqları işğal altındadır, 1 milyon insan qaçqın və məcburi köçkün olub. Dövlətimiz belə böyük problemlərin öhdəsindən gəlir. Miqrantlarla münasibət, onların yerləşdirilməsi, problemlərin öhdəsindən gəlmək, tolerantlıq, mulikulturalizm baxımından Azərbaycan qərb ölkələrinə örnəkdir".