Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək? Siyasət

Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra nazirlər kabinetini formalaşdırması dünya mediasının da diqqət mərkəzində idi. Ən çox müzakirə olunun isə Milli İstihparat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın Xarici işlər naziri, prezidntin sözçüsü İbrahim Kalının isə MİT başçısı təyin edilməsi oldu.
Siyasi şərhçi Asir Nərimanlı bildirib ki, Hakan Fidanın xarici işlər naziri təyin edilməsindən sonra Milli İstihbarat Təşkilatının sədri vəzifəsinə İbrahim Kalın təyin olunmasını sürpriz sayanlar az deyil: “İbrahim Kalın son illər Türkiyənin önə çıxan beyinlərindəndir, onun qurduğu SETA mərkəzi dərin araşdırmaları ilə diqqət çəkir.
O, Azərbaycana xüsusi sevgisi olan şəxs kimi tanınır, lakin bu bağlılıq təkcə Ərdoğanın yürütdüyü siyasi xəttdən yox, şəxsi amillərdən də qaynaqlanır. Onun Azərbaycana bağlılığı, ərzurumlu olması önə çəkilir. Bu bağlılıq daha çox ailə-məişət dilinin Azərbaycan türkcəsi olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir...
Hakan Fidanın Xarici işlər nazirliyinə, İbrahim Kalının isə MİT-ə gətirilməsi Türkiyənin “Yeni yüzillik” adlandırdıqları dövrdə regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək planından xəbər verir”.

Sərt dillə barışdırıcı güc

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, illərdir Türkiyə Milli İstihbarat Təşkilatınarəhbərlik edərək nəhəng kəşfiyyat portfeli qazanmış Hakan Fidanın xarici işlər naziri təyin edilməsi sadə, bürokratik bir kadr dəyişikliyi sayıla bilməz: “Hakan Fidanın timsalında Türkiyə dövləti diplomatiya ilə hərbinin “səssiz ordusu” olan kəşfiyyat fəaliyyətini birləşdirir, qlobal reputasiyasını “sirr küpü” kimi tanınan MİT-in keçmiş başçısının açıqlanmayan tərəfləri ilə tarazlaşdırır.
Bu, Ankaranın xarici siyasət dizaynına yenilik gətirir, Türkiyənin kəşfiyyat-diplomatiya təcrübəsi əsasında marağı olduğu regionlardakı hərbi-siyasi dairəsini genişləndirəcəyinə işarələr verir.
Hakan Fidan MİT rəisi olanda belə, Türkiyənin əsas beynəlxalq portfellərini, xüsusən də, Suriya, Rusiya, Misir, Körfəz ölkələri, ABŞ ilə əlaqələrin tənzimlənməsində idarəedici gizli moderator funksiyası qazanıb.
İndi onun xarici siyasət sükanı arxasında əyləşməsi sərt dillə barışdırıcı güc harmoniyası kontekstində izah edilə bilər.
Fidanın xarici siyasətin diplomatiya səhnəsində rəsmiləşən rolu Türkiyənin Suriya, İraq siyasətlərində güclənən nüfuzuna, Rusiya-Ukrayna münaqişəsindəki vasitəçilik rolunda nəzərəçarpacaq irəliləyişə, Ankaranın Qərblə münasibətlərində gərgin xətti azaltmaq istəklərinə işarə edir”.

Qlobal gücə çevrilmək üçün real addımlar

Onun sözlərinə görə, bu zamana qədər Türkiyə siyasətində pərdəarxası memar olan Hakan Fidan əvvəlki kəşfiyyat portfelindən qazandığı şəxsi avtoritetini danışıqlarda xarici işlər naziri kimi sınamalı olacaq və mümkündür ki, ölkəyə daha çox investisiya üçün inandırıcı dəlillər ortaya qoyacaq: “Kəşfiyyat məlumatlarının toplanması ilə diplomatik quruculuqda yeni mərhələ arasında körpü Fidanın siyasi səhnədəki görünən və görünməyən tərəflərini birləşdirəcək.
Türkiyənin regional şahmat taxtasındakı yerinin tərpədilərək qlobal gücə çevrilmək üçün real addımlara keçməsi gözlənilir, burada Fidanın geniş beynəlxalq əlaqələri, intellekti və strateji yanaşmalarından məharətlə istifadə ediləcək.
Fidanın diplomatiyadakı yüksələn təsiri PKK problemini az qala bütün kürdlərin mübarizəsi kimi qələmə verən qüvvələrə də mesaj sayıla bilər, Ankara ümumiyyətlə növbəti illərdə PKK-nın həm ölkə daxilində, həm də İraq və Suriyadakı fəaliyyətini arxivə göndərməkdə israrlıdır.
Hakan Fidanın kəşfiyyat dəhlizlərindən siyasi səviyyənin açıq mərhələsinə keçidi Türkiyənin Cənubi Qafqazdakı ideallarına da mühüm təsirlər göstərə bilər.
Ankara Fidanın MİT-dəki kəşfiyyat damarlarından da yararlanaraq Türkiyənin Cənubi Qafqazdakı hərbi təşəbbüslərinin aktivliyini artırmağa çalışacaq.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bazası əsasında ikitərəfli əlaqələrdəki kəşfiyyat-diplomatiya kanalları faktiki olaraq vahid orqanizm kimi fəaliyyət göstərə bilər”.

“Azərbaycan bütün Qafqazda Türkiyənin gözü, canı, ürəyidir”

Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ isə Axar.az-a deyib ki, dövlətlərdə davamlılıq əsasdır və siyasət şəxslərə görə dəyişmir: “Cənab Ərdoğanın da önəm verdiyi ən vacib məsələlərdən biri də əcdaddan bizə miras qalan bu dövlətçilik ənənəmizdir. Azərbaycan bütün Qafqazda Türkiyənin gözü, canı, ürəyidir. Bunu heç kimin dəyişməyə gücü yetməz.
Başbuğ İbrahim Kalının Türkiyəyə, Azərbaycana və ümumilikdə türk dünyasına böyük sevgi bəsləyən dərin təcrübəli bürokrat olduğunu vurğulayıb: “Hazırda Türk Dövlətləri Təşkilatları çox önəmli bir inkişaf mərhələsindədir. Ən son Türk İnvestisiya Fondu quruldu. Dünya yeni bir dönəmə qədəm qoyur və biz də orada güclü şəkildə öz yerimizi tutmalıyıq. Cənab İbrahim Kalın da dövləti, onun strategiyasını dərindən bilən və Ərdoğana ən yaxın şəxslərdən biridir. Ona görə o da dövlətimizin qarşısına qoyduğu hədəfə doğru irəliləməsi işinə öz töhfəsini verəcək və əldə edilən uğurlar daha da çoxalacaq, inkişaf edəcək. Xüsusi xidmət orqanları dövlətin ən əsas orqanlarından ilkidir və onun sinir sistemi, beynidir. İbrahim Kalın da prezident sözcüsü vəzifəsində olduğu dövrdə bir çox önəmli danışıqların, proseslərin iştirakçısı olub. Çox hazırlıqlı və dərin təcrübə sahibi olan dövlət bürokratıdır. Təyinatın həm ölkəmiz, həm də türk dünyası üçün uğurlu olduğunu hesab edirəm. Ən əsası isə odur ki, Hakan Fidan kimi o da milliyyətçi duyğuları olan, ölkəmizə və türk dünyasına böyük sevgi bəsləyən vətənsevərdir”.

Əli

Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək?Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək?Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək?Hakan Fidan və İbrahim Kalın siyasi səhnədə aktiv yer alır: nə dəyişəcək?