“Mitinqlərə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var” Siyasət

“Mitinqlərə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var”

Tural Abbaslı: "Eyni təşkilatlar müxtəlif problemlər ətrafında insanları küçələrə çağırırlar"

Səxavət Əlisoy: "23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik"

Azər Verdiyev: "Qaragüruhçuların mitinq adı altında toplantılar keçirməsi xalqın maraqlarına hesablanmayıb"

Hacı Surxay Məmmədli: "Radikal müxalifətin dindarları özlərinin siyasi alətinə çevirmək cəhdləri yolverilməzdir"

Milli Şura və AXCP-nin mitinqinə qatılanların sayının az olması müzakirə mövzusu olaraq qalır. Əksər ekspertlər bunun radikal müxalifət düşərgəsinin sosial bazasının zəif olması ilə əlqaələndirirlər. Radikallar dini amildən istifadə etməyə çalışsalar da bu addım da uğursuz alınıb. Qeyd edək ki, "Milli Şura"nın və Müsavatın mitinqlərindən sonra hər iki siyasi qurum əvvəlcə daha bir aksiya keçirməyi planlaşdırsalar da, sonradan bu fikirlərindən imtina ediblər.
Müxalifətyönlü "AĞ Partiya"nın sədri Tural Abbaslı "Milli Şura"nın və Müsavat partiyasının mitinqlərinin zəifliyi və xalq tərəfindən dəstəklənməməsi barədə fikirlərini bölüşüb. Tural Abbaslı hesab edir ki, əslində, radikal müxalifətin mitinqlərinə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var: "Burada öncəliklə siyasi proseslərə olan inamsızlıq əsas rol oynayır". "AG Partiya" sədrinin fikrincə, digər səbəb də uzun illərdir narazı elektoratı təmsil edən liderlərin dəyişməməsidir: "Eyni adlar, soyadlar, eyni şüarlar, eyni təşkilatlar müxtəlif problemlər ətrafında insanları küçələrə çağırırlar. 23 illik uğursuzluğu bunların üzərində gəldikdə məlum olur ki, xalq artıq ənənəvi müxalifətə inanmır. Müxalifətin stabil 15-20 min civarında elektoratı var. Artım və azalma müxalifətin içərisində olur".
Müxalifətçi partiya sədri sonda bildirib ki, radikal müxalifət 23 ildir ki, lider olduqlarını iddia edənlərin simasında dəyişilməlidir və düşərgədə yenilik mütləq faktora çevrilib: "Artıq üzlər, təşkilatlar, adlar, soyadlar dəyişməlidir. İnsanlar yenilik istəyirlər".
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini, Müsavat partiyası başqanının sabiq müavini Səxavət Əlisoy isə radikal düşərgə liderlərini yalan danışmaqda ittiham edib və bildirib ki, ötən 23 ildə keçirilən hər mitinqdən sonra eyni fikirlər müzakirəyə çıxarılır: "23 ildir mitinqlər keçiririk. 23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik. 3 minə 10 min deyirik, 10 minə 50 min, 30 minə 100 min. İqtidar də tərsini deyir. Sayı şişirtməklə özümüzə təskinlik veririk. Və ən başlıcası bir nəticəyə nail ola bilmirik".
"Milli Şura" qeyd edib ki, müxaalifət heç nəyə nail ola bilməməklə yanaşı, dağılır və məğlubiyyətə uğrayır. "Əvəzində müxalifət ikiyə, dördə, altıya bölünür və parçalanma baş verir"-deyə qeyd edən Əlisoy həmçinin bildirib ki, parçalanıb zəif düşənlər sonra ayrılıqda mübarizəyə cəhd edir və bu mübarizənin də nə qədər səmərəsiz olduğu göz önündədir: "...Kimin ucbatından? Təbii ki, liderlərin üzündən bu birlik baş tutmur. Adama deməzlər ki, qardaş siz 5-6 adam birləşə bilmirsizsə, 10 milyonluq bu xalqı hansı ağ günə çıxarmaqdan danışırsınız".
Səxavət Əlisoy sonda bildirib ki, referendumdan sonra da 1-2 mitinqin keçirilməsi mümkündür: "Lap belə o mitinqlərə 50-100 min də adam gəlsin. Sonra? Yeni bir 2003 ortaya çıxmasını istəyirsiniz? Uzaqgörən partiya sədri 2003-cü ildən ciddi nəticə çıxarmalıdır. Görünən odur ki, kimsə nəticə çıxarmayıb".
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, müstəqil ekspert Azər Verdiyev hesab edir ki, özlərini müxalifət adlandıran bir qrup qaragüruhçunun mitinq adı altında toplantılar keçirməsi heç də xalqın maraqlarına hesablanmayıb: "Referendum hər bir xalqın həyatında olub və birmənalı şəkildə inkişaf konsepsiyasına hesablanıb. Milli Şura isə referendumu boykot edir. Bu insanlar referendum sözünün mənasını belə bilmirlər. Bu ümumxalq səsverməsidi, bunu necə boykot eləmək olar axı? Bu sadəcə olaraq biabırçılıqdı. Yuxarıda da qeyd etdim ki, bir qrup özünü müxalifət adlandıran qaragürühçü. Bunu təsadüfən demədim. Əgər tarixə nəzər salsaq görərik ki, cəmiyyətin tanımadığı və qəbul etmədiyi Milli Şura yalnız və yalnız seçkilər öncəsi fəallaşır. Bu da təsadüfi deyil. Məqsəd sırf mövcüd siyasi situasiyadan istifadə edərək ermənipərəst təşkilatlardan qrantlar əldə etməkdir…Qərb hər zaman imkan düşdükcə Azərbaycan kimi demokratik, inkişaf edən dövlətlərdə xaos yaratmağa çalışır. Dövlətin siyasi gücünü zəiflətmək onu özündən asılı salmaq deməkdir. Ermənistan hər kəs bilir ki, müstəqil dövlət deyil, sadəcə olaraq müstəmləkədir. Azərbaycanı da məhz bu günə qoymaq istəyirlər. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti bizi hələ çox illər qoruyacaq".
Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli isə mitinqlərdə dindən vasitə kimi istifadə olunmasını pisləyən bəyanatla çıxış edib. O "biz, son vaxtlar dünyada cərəyan edən müxtəlif hadisələri, savaşları, eləcə də dini, irqi diskriminasiyaları müşahidə etdikcə bir daha şahidi olmaqdayıq ki, bütün bunlara rəğmən, Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə nümunədir, örnəkdir",- deyə bildirib: "Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir, bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyinə zərbə vurmağa çalışırlar. Əsasən ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin indi də dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir. Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistlərinin, işğal olunmuş ərazilərimizdə qondarma separatçı rejimin nümayəndəsi - Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər...
Belələri, şəhid qanlarını batıranlardır. Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir. Qəhrəman şəhidlərimizin ailələrinin heysiyyatına toxunmaqdır. Bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır. Bu, müstəqilliyimiz uğrunda fəda olmuş, ərazi bütövlüyümüz, Qarabağ uğrunda canlarından keçmiş, Xocalıda vəhşicəsinə qətl edilmiş soydaşlarımızın ruhlarını narahat etməkdir. Bu, həm də doğma yurd-yuvasından qovulmuş, məcburən köç etmiş qaçqın, köçkün həmvətənlərimizin təhqir olunması, onların nisgilinə hörmətsizlik deməkdir.
Vətəni sevmək imandandır — buyurub Peygəmbərimiz Mühəmməd Salavatullah. Vətənini sevməyən, onu siyasi ambisiyaları, məkrli iddialarına qurban verən şəxslərə nə ad vermək olar... Vətəninin mənafelərinə xaincəsinə yanaşan, satqın xislətli belələrinin imanlı insanlarlarla nə işi, nə əlaqəsi ola bilər. İmanlı dindarlara müraciət etməyə mənəvi haqqı belə çatmayanların dindarlara təəssübkeşliyi növbəti xain əməldir. Dindən siyasi alət kimi istifadədən başqa bir şey deyildir. Dini şüarları siyasətlə istifadə edənlərin mənfur niyyətləri puçdur.
Dinimiz haqqı-nahaqdan, batildən, dogrunu-əyridən seçməyi vacib buyurur. Dogru yalanı kəsməlidir mütləq. Təhqir olunmuşlar — milyonlar bu təhqirin ünvanını — bir ovuc çirkin siyasətbazları susdurmalıdırlar. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən olan, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan münafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcək".