“Minsk qrupu bütün gücünü ermənilərin maraqlarının müdafisinə qoyub” Siyasət

“Minsk qrupu bütün gücünü ermənilərin maraqlarının müdafisinə qoyub”

Üzeyir Cəfərov: "Çalışırlar ki, torpaqların işğaldan azad olunması mövzusu unudulsun"

"Cəbhə xəttində baş verən son hadisələr bir daha onu deməyə əsas verir ki, işğalçı ona verilən bütün göstərişləri canla-başla yerinə yetirməkdə davam edir. Bu başqa cür ola da bilməz. Axı, Ermənistan çox dəqiqliklə daxildən deyil, məhz kənardan idarə olunan və Qarabağla bağlı beynəlxalq güclərin, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən verilən göstərişləri yerinə yetirməyə məcburdur və belə vəziyyət hələ uzun müddət davam edə bilər. Lakin düşünmürəm ki, Azərbaycan hakimiyyəti bu vəziyyətlə razılaşsın". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin gücünü, imkanlarını görən işğalçılar yalnız qorxularından havadarlarının məsləhəti ilə atəşkəs rejimini davamlı şəkildə - gah az, gah da çox sayda pozmaqla özünü göstərməyə çalışır: "Bədnam qonşularımızın sonuncu aldıqları tapşırıq ondan ibarətdir ki, onlar cəbhədə təxribatların, toqquşmaların sayını imkan düşdükcə daha da çox artırmalı, bununla da vəziyyətin nəzarətdən çıxa bilmə görüntüsünü yaratmaqla məhz dövlət başçılarının görüşünün təşkilinə nail olmaqdır. Amma inanmıram ki, bu ilin sonuna kimi Azərbaycan dövlət başçısı daha bir mənasız, heç bir perspektivi olmayan danışıqlara razılıq versin. Xarici işlər nazirləri də görüşüb, əvvəlki qaydada hərə öz mövqeyini ifadə edəcək və məsələ bununla bitəcək. Çox təəssüf ki, 2016-cı ildə Qarabağla bağlı yaranmış şanslar da, məhz beynəlxalq qurumların, ələlxüsus da ATƏT-in Minsk qrupunun cənfəşanlığı sayəsində nəticəsiz başa çatmaqdadır. Onlar bütün güclərini ona sərf ediblər ki, məhz ermənilərin maraqlarını müdafiə etsinlər və torpaqların işğaldan azad olunması mövzusu unudulsun. Onları maraqlandıran məhz öz gələcək işləri və rifahıdır".