

İran-Azərbaycan münasibətləri olmalı olan axara döndü. İkitərəfli münasibətlərdə böhran aradan qalxdı. Azərbaycan və İran prezidentlərinin görüşləri sayəsində narahatlıq doğuran məqamlar aradan qalxıb. İki qardaş və qohum xalqa yaraşmayan anlaşılmazlıqlar soyuq başla həll edildi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, ikitərəfli mənfəət gətirəcək Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur:
"Səfirliyimizin yaxın aylarda yenidən açılması bu istiqamətdə əldə olunan əsas nailiyyətdir. Səfirliyimizə hücum edən şəxsin cəzalandırılmasından sonra İran verdiyi sözü tutdu. Odur ki, iyuldan səfirliyimiz yeni binada fəaliyyətini bərpa edəcək. Yerin tapılması və uyğunlaşdırma işlərinin aparılması sadəcə vaxt tələb edib.
Azərbaycanın İrandan gözləntiləri özünü doğrultduqdan sonra ikitərəfli əlaqələrin inkişaf etdirmək istiqamətində siyasət yürütmək Azərbaycan üçün də prioritet məsələdir və Azərbaycan daim buna sadiq qalaraq əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək".
Cavid