“İtaliya dünyanın Böyük yeddilərindən biri və NATO-nun üzvüdür” Siyasət

“İtaliya dünyanın Böyük yeddilərindən biri və NATO-nun üzvüdür”

Musa Qasımlı: "Azərbaycan və İtaliya həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq edirlər"
Azər Badamov: "Prezidentlərin hər bir səfəri ölkəyə böyük müsbət dəyişikliklər gətirir"
Vahid Əhmədov: "İtaliya beynəlxalq münasibətlərdə Azərbaycanı dəfələrlə müdafiə edib"


İtaliya Prezidenti Sercio Mattarellanın dünənə Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Ekspertlər səfəri şərh ediblər.
Millət vəkili Musa Qasımlı bildirib ki, İtaliya Respublikası dünyanın Böyük yeddilərindən biri və NATO-nun üzvüdür. Onun sözlərinə görə, Azərbaycan və İtaliya bir-biri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq edirlər: "Xüsusən geniş olan ticarət-iqtisadi əlaqələrin böyük potensialı vardır. Digər tərəfdən, İtaliya dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yaxşı bilir və ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. 1992-ci ildən bu məsələlərin həlli ilə bağlı sədr mandatını daşımışdır. İtaliya bu sahədə indi də müəyyən işlər görə bilər. İtaliya Respublikasıınn Prezidenti Sercio Mattarellanın ölkəmizdə keçirilən Prezident seçkilərindən az sonra Bakıya səfəri cənab Prezidentimiz İlham Əliyevin liderliyində Azərbaycan Respublikası ilə daha sıx əməkdaşlıq etmək istəyini və bu əməkdaşlığın gələcəyinə böyük nikbinliyi ifadə edir".
Millət vəkili Azər Badamov deyib ki, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında olan dostluq münasibətlərinin göstəricisidir: "Təbii ki, prezidentlərin hər bir səfəri ölkəyə böyük müsbət dəyişikliklər gətirir. O dəyişikliklər həm iqtisadi, həm də siyasi sahədə özünü göstərməyə başlayır". Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya prezidenti ilə görüşündə müzakirə ediləcək söhbətlər də təbii ki, bu istiqamətə yönələcək: "Birinci növbədə bizim ən böyük problemimiz olan torpaqlarımızın işğal altında olmasıdır. Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması problem müzakirə olunacaq. Daha sonra isə iki ölkə arasında iqtisadi əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi istiqamətində düşünürəm ki, müzakirələr gedəcəkdir. Çünki Azərbaycan artıq TAP layihəsini başa çatdırmaq üzrədir. Bu layihənin reallaşması və yaxud prezidentlərin ölkələrə qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək".
Millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Vahid Əhmədov diqqətə çatdırıb ki, İtaliya bizim üçün əhəmiyyətli dövlətdir və Azərbaycan məhsullarını qəbul edən ölkələrdəndir: "İtaliya beynəlxalq münasibətlərdə Azərbaycanı dəfələrlə müdafiə edib". Millət vəkili bildirib ki, ixrac potensialımızla bağlı olaraq, İtaliya Azərbaycan üçün önəmli dövlətdir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: "Düzdür, son vaxtlar ölkəmizin TANAP, TAP layihələri ilə bağlı olaraq, İtaliyada müəyyən qüvvələrin xoşagəlməz davranışları müşahidə olunub, layihələrin qarşısını almaq istəyənlər olub. Amma bu, mümkün deyil və layihə 2020-ci ildə istifadəyə veriləcək. Yəqin ki, prezidentlərin görüşündə bu məsələlər əsas müzakirə mövzularındandır. Bir daha qeyd edirəm ki, bu dövlətlə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. İqtisadi və siyasi cəhətdən əlaqələr güclüdür. Faktiki olaraq, İtaliya Azərbaycanı beynəlxalq təşkilatlarda müdafiə edib".


Əli