“Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər” Siyasət

“Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər”

Musa Qasımlı: "Bu sənədin imzalanması göstərir ki, Xəzəryanı dövlətlər digər məsələlərdə də bərabər hərəkət edə bilərlər"

Akif Aşırlı: "Konvensiyanın imzalanması mərasimində Prezident İlham Əliyevin söylədiyi fikirlər tarixi həqiqətləri özündə əks etdirir"


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan Qurbanqulu Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Ekspertlər sənədin əhəmiyyətini dəyərləndiriblər. Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, uzun illər boyu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedirdi və İşçi qrup işləyirdi: "Nəhayət bu fəaliyyət öz səmərəsini verdi. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Konvensiyanın imzalanması heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzəryanı dövlətlər digər məsələlərdə də bərabər hərəkət edə bilərlər".
Deputat Aydın Hüseynov bildirib ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycanın maraqlarını təmin edir. Deputat deyib ki, bu Konvensiyanın imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və ümumilikdə təhlükəsizliyin təmin olunmasına xidmət edəcək: "Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri önə çəkir. Bu razılaşmanı tarixi sənəd də adlandırmaq olar. Çünki bu istiqamətdə işlər 25 ildən artıq idi ki, davam edirdi və sonda nəhayət ki, Xəzəryanı dövlətlər razılıq əldə etdilər". Deputat bildirib ki, indiyə qədər də Xəzərin hüquqi statusu müəyyən olunmadığı üçün dövlətlər arasında müəyyən ziddiyyətlər yaranırdı: "Lakin tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz edilməsini təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək".
Deputat vurğulayıb ki, Azərbaycan bu razılaşmanın əldə olunması istiqamətində daim fəallıq göstərib. O bildirib ki, Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafeləri müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.
İqtisadçı-ekspert Vüqar Bayramov diqqətə çatdırıb ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm də mübahisəli və uzun müddət istismar edilməyən yataqların istismar edilməsi baxımından çox vacibdir". Onun sözlərinə görə, Xəzərin hüquqi statusu sözügedən yataqların istismarı baxımından çox ciddi imkanlar yaradır: "Nəzərə alsaq ki, mövcud anlaşmaya əsasən ümumi qaydalar müəyyənləşdirilib. Eyni zamanda qarşılıqlı ikitərəfli razılaşma əsasında yataqların işlənməsi məsələsi anlaşmada öz əksini tapıb. Bu isə o deməkdir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi nəticə etibarilə uzun müddət mübahisəli hesab edilən və istismar olunmayan yataqların istismarı üçün imkanlar yaradır. İran prezidenti Həsən Ruhani Azərbaycana gələn zaman mübahisəli yataqların birgə işlənməsi ilə bağlı ilkin anlaşma imzalanmışdı. Mübahisəli yataqların birgə işlənməsi ilə bağlı anlaşmanın imzalanması da nəticə etibarilə Azərbaycanın konstruktiv mövqeyi kimi qiymətləndirilir. Çünki Azərbaycan mübahisəli yataqların birgə işlənməsi ilə bağlı daimi olaraq konstruktiv mövqe nümayiş etdirib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, mübahisəli yataqların birgə işlənməsi və əldə edilən gəlirin bərabər olaraq tərəflər arasında bölüşdürməsini həyata keçirsin. Bu da təbii ki, kifayət qədər konstruktiv bir məqam kimi qiymətləndirilir. Nəticədə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi imkan verir ki, mübahisəli yataqların birgə işlənməsi ilə bağlı fəaliyyəti reallaşdırmaq mümkün olsun. Bu Xəzəryanı ölkələrin eləcə də Azərbaycanın dövlət gəlirlərinin artırılması baxımından vacibdir. Nəticədə həmin yataqların enerji resursları Avropa və eləcə də dünya bazarına çıxarılacaq. Bu da Xəzəryanı ölkələrin gəlirlərinin artması baxımından yeni imkanlar yaradır. Xəzərin statusunun müəyyənləşdirilməsi Cənub Qaz Dəhlizinə də müsbət təsir göstərən məqamlardan biridir".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, "Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər tarixi həqiqətləri özündə əks etdirir: "Hesab edirəm ki, son 20 ildə Xəzəryanı dövlətlərin danışıqlar prosesində iştirakında əldə olunan ən mühüm nəticədir". Onun sözlərinə görə, Xəzərin təbii sərvətlərindən, ehtiyatlarından istifadə ilə bağlı ümumiyyətlə Xəzərin hüquqi statusu ilə əlaqəli müəyyən problemlər, fikir ayrılıqları var idi: "Biz bu fikir ayrılıqlarını həm İranda, Rusiyada, həm də Türkmənistanda keçirilən danışıqlar prosesində müşahidə etmişdik. Sevindirici hal ondan ibarətdir ki, artıq bu problemlər arxada qalıb. Xəzər artıq barış, sülh dənizinə çevrildi və çox ciddi qərar qəbul olundu. İlk növbədə hesab edirəm ki, bu həm də Azərbaycanın bölgədə artan nüfuzunun bir göstəricisidir. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi Qazaxıstanın Aktau şəhərində reallaşdı. Qazaxıstan Azərbaycanı həmişə Dağlıq Qarabağ məsələsinin həlli yolunda çox ciddi dəstəkləyir. Baxmayaraq ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür amma buna baxmayaraq təşkilatda Azərbaycanın marağını həmişə müdafiə edib. Xəzər dənizinin hüquqi statusu ilə bağlı tarixi məqam ondan ibarətdir ki, bu qərar bir türk ölkəsində reallaşdı".
Ekspert, siyasi elmlər namizədi Zaur Məmmədov isə hesab edir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycan, eləcə də digər Xəzəryanı ölkələr üçün tarixi hadisədir: "Çünki bu, regionda və dünyada geosiyasi gündəliyə aid olan məsələlərin həlli üçün, eləcə də sıx qarşılıqlı fəaliyyət üçün geniş perspektivlər açır". Z.Məmmədovun sözlərinə görə, bu hadisəni Azərbaycan diplomatiyasının strateji qələbəsi kimi dəyərləndirmək olar: "Prezident İlham Əliyev sammit zamanı obyektiv olaraq qeyd edib ki, Azərbaycan həmin sənədin hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və bu vacib sənədin imzalanması üçün konstruktiv təkliflər irəli sürüb. Dövlət başçısı obyektiv olaraq qeyd edib ki, hələ Konvensiyanın imzalanmasınadək Xəzər təhlükəsizlik, sabitlik dənizi olub, Xəzərdə təhlükəsizlik və sabitliyin təminatı isə Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətləri olub".
Ekspert bildirib ki, Xəzərdə məhz Azərbaycanın təşəbbüsü ilə yeni infrastruktur, logistika, nəqliyyat və digər layihələrin keçirilməsi vacibdir: "Aktauda Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətinə çatdırdı ki, bu gün Azərbaycan Avrasiyanın vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkə rolunu oynayır". Ekspertin sözlərinə görə, Azərbaycanın təşəbbüs göstərdiyi və reallaşdırdığı layihələr bütün Xəzəryanı dövlətlər üçün sərfəlidir, çünki iqtisadi imkanlarla yanaşı, bu layihələr regionda sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlib: "Fikrimcə, bu Konvensiyanın imzalanması Azərbaycanın beynəlxalq tranzit ölkə qismində rolunu daha da gücləndirəcək və onun iqtisadi gücünü artıracaq".

Əli