Erməniləri qorxuya salan görüş Siyasət

Erməniləri qorxuya salan görüş

Ekspertlərə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi-siyasi əməkdaşlığı regionun təhlükəsizliyini təmin edə bilər

Cavid

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə dünən Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəliblər. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlərin müzakirə ediləcəyi görüş barədə məlumatlar bu formatdan kənarda qalan Ermənistanda təşvişə səbəb olub.
Əslində, hər üç ölkəyə qarşı ərazi iddiası olan Ermənistanın bu narahatlığı başa düşüləndir. Erməni mediası bu görüşə xüsusi diqqət ayırıb, regionda təkləndiklərindən yazır.
Politoloqlar isə müdafiə nazirlərinin görüşünü Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı inteqrasiya proseslərinin yeni mərhələsi adlandırır. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirib ki, regionun hər üç dövləti bir çox məsələlərdə ümumi mövqedən çıxış edirlər - enerji, nəqliyyat, indisə hərbi sahədə əməkdaşlıq vahid hərbi siyasət yerdilməsinə, ordu quruculuğunda fikir mübadiləsinə, ən vacibi regionda stabilliyin qorunmasına tövhələrini verə bilər.
Politoloq düşünür ki, Cənubi Qafqaz Avropanın enerji, nəqliyyat layihələrinin keçdiyi region olduğu üçün 3 dövlət təhlükəsizliyin, stabilliyin qarantı olduğunu ortaya qoyur. Regionda münaqişələrin həlli məsələsi hər üç ölkənin marağındadır.
Aydın Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi bu ilk növbədə Azərbaycanın məsələsidir: "Bu dövlətlərin köməyindən nə dərəcədə yararlanacağı Azərbaycanın müstəsna hüququna aid bir məsələdir".
Politoloq Vəfa Quluzadə Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Azərbaycana səfərini şərh edərkən söyləyib ki, bu görüşdə Rusiyaya qarşı heç bir şey yoxdur. Buna baxmayaraq, politoloq hər üç ölkənin ittifaq yaratmasının vacib olduğunu bildirib: "Bu, o zaman Rusiyaya qarşı ola bilər ki, ruslar Azərbaycanı işğal etmək istəsin. Məsələ ondan ibarətdir ki, Türkiyənin, Gürcüstanın və Azərbaycanın maraqları çox sıx sürətdə üst-üstə düşür. Baxın görün ki, SSRİ çökəndən sonra Türkiyə nə qədər inkişaf etdi. Ona görə ki, Sovetlər dağılandan sonra Azərbaycan və Gürcüstan Türkiyə ilə müxtəlif projelər həyata keçirdi. Ona görə də biz öz milli maraqlarımızı hərbi baxımdan müdafiə etmək qabiliyyətində olmalıyıq. Biz açıq-aşkar Putinin yaratdığı Avrasiya İttifaqının əleyhinə olan Türkiyə, Gürcüstan və Azərbaycandan ibarət Cənubi Qafqaz İttifaqı yarada bilərik. Əməkdaşlıq edəcək üç ölkədən hansısa birinə hücum olarsa, digərləri onun müdafiəsinə qalxmalıdır. Bax bu, çox gözəl təşəbbüs olardı.
Müdafiə nazirlərinin Naxçıvana getməsi məsələsi də çox gözəl addımdır. Çünki Naxçıvan kövrək bir zonada yerləşir. Hazırda Naxçıvanı hərbi baxımdan hər cür möhkəmləndirmək lazımdır. Bunu Rusiyaya qarşı yox, Rusiyanın Ermənistan vasitəsilə hücumunu dəf etmək üçün etməliyik".
Politoloq Naxçıvanda türk diviziyasının yerləşdirilməsinin vacibliyini vurğulayıb: "Cənubi Qafqazda ittifaqların bundan öncə reallaşdırılmamasının əsas səbəbi, görünür, o zaman real təhlükənin gözlənilməməsi ilə bağlı olub. O zaman Türkiyə də, Qərb də, Rusiya da rahat idi. Hətta Moskva o zaman Qərblə hərbi əməkdaşlıq da edirdi. Onlar əmin idilər ki, maraqlarına zərbə dəyməyəcək və Qarabağ məsələsi də tezliklə həll olunacaq. Son hadisələr isə onu göstərdi ki, Rusiya hansısa bir məqamda Qarabağ konfliktindən Azərbaycana hücum etmək və burada Qərbin, Türkiyənin maraqlarını puça çıxarmaq üçün istifadə edəcək. Ona görə də Türkiyə mütləq Azərbaycan və Gürcüstanla hərbi müqavilə bağlamağa cəhd etməlidir. Dəfələrlə demişəm ki, Naxçıvanda bir türk diviziyası yerləşdirilməlidir. Əgər bu reallaşsa, Naxçıvana konkret dəstək yaranmış olardı. Naxçıvanı ona görə möhkəmlətməliyik ki, Qarabağdan bizə hücum olduqda Naxçıvandan cavab verə bilək".
Hərbi ekspert Cəsur Sümərinli isə hesab edib ki, hər üç dövlət iqtisadi, siyasi və hərbi baxımdan bir-birinə yaxındır və ümumi regional maraqlara malikdir: "Üç ölkənin birgə təlimlər keçirməsi, hərbi ittifaq şəklində fəaliyyəti olduqca əhəmiyyətli və zəruridir. Çünki hər il birgə quru, dəniz və hava qüvvələrinin təlimlərini keçirmək regional təhlükəsizliyə xidmət edəcək addım olar. Bu təlimlər dünyadakı və regiondakı çox ciddi təhdidlərin qarşısının alınmasında da mühüm rol oynayar. Belə birgə təlimlər davam etdirilərsə, gələcəkdə təlimlərə NATO-ya üzv olan digər dövlətlərin qoşulması da mümkündür".
Rusiyanın təhdidlərindən danışan hərbi ekspert deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin indiyədək vahid hərbi ittifaqda birləşməsi lazım idi: "Regional enerji maraqlarının təhlükəsizliyi baxımından hərbi təlimlər ölkələrin təbii seçimidir. Ola bilsin, bu təlimlər Rusiya və ya hansısa digər dövlətlər tərəfindən tənqidlə qarşılanacaq. Amma praktika göstərir ki, regionun təhlükəsizliyi üçün əməkdaşlıq labüddür. Son dövrlər baş verən hadisələr də göstərir ki, regional təhlükəsizliyin Rusiyanın təsiri altında olması münaqişələrin daha da alovlanmasına, gərginliyin artmasına səbəb olur. Ona görə də, bölgənin təhlükəsizlik arxitekturasının formalaşmasında yeni metodlar, qaydalar ortaya çıxmalıdır".
Ekspertin dediyinə görə, hər üç dövlətin hərbi əməkdaşlığının dərinləşməsi regionun tranzit mövqeyini daha da əhəmiyyətli edəcək: "Avropa İttifaqının Mərkəzi Asiyada maraqlarını nəzərə alsaq, NATO ölkələri bu birliyi sözsüz dəstəkləyəcək".
Politoloq Qabil Hüseynli isə deyir ki, 3 ölkənin müdafiə nazirlərinin görüşü ilə bağlı uzağa gedən nəticələr çıxarmaq tələskənlik olardı. Onun sözlərinə görə, 3 ölkə arasında hərbi alyansın yaranması hazırda qeyri-real görünür: "Hələ ki, siyasi yönləri o qədər də aydın olmayan ölkələrin bir araya gəlmək təşəbbüsüdür. Yaxşıdır, amma Gürcüstan AB ilə assosiativ müqavilə imzalayıb, NATO ilə üzvlüyə iddialıdır, Amerika ilə hərbi müttəfiqdir. Türkiyə NATO-nun tamhüquqlu üzvüdür, NATO ölkəsidir. Azərbaycan isə hələ ki, tarazlaşdırılmış siyasi xəttə sadiq olduğunu bildirir, amma Rusiya münasibətləri inkişaf etdirməyə daha çox meyllidir. Bu ən çox Qarabağ məsələsində üstünlük qazanmaq naminə atılan addımlardır".
Q.Hüseynlinin fikrincə, bu toplantı daha çox region üçün Rusiya təhlükəsinə qarşı informasiya mübadiləsi və məsləhətləşmələr üçündür: "Belə bir şəraitdə siyasi oriyentasiyalarında fərq olan ölkələrin hərbi alyans yaradacağı ilə bağlı söylənilən fikirlər həqiqəti əks etdirmir. Gürcüstan Ermənistanla isti münasibətlərini qoruyub saxlayır. Türkiyə Azərbaycanla hərbi-strateji müqavilə imzalamağı hələ ki, uyğun hesab eləmir. Bu 3 ölkənin müdafiə nazirliklərinin toplanması nəyi ifadə edəcək? Belə çıxır ki, burada da daha çox Rusiyanın Cənubi Qafqazdakı hökmranlığını neytrallaşdırmağa yönəlmiş məsələlər diqqətdədir. Bunu da zəruri edən səbəblər var. Ermənistanda Rusiyanın böyük hərbi bazaları var ki, onlardan da hər 3 dövlətə, əsas da NATO üzvü olan Türkiyəyə qarşı istifadə edilməsi nəzərdə tutulur. Ermənistanın sərhədləri də Rusiya sərhədçiləri tərəfindən qorunur.
Gürcüstanın isə üçdə birini Rusiya ilhaq edib. Son 3 günlük Ermənistan-Azərbaycan lokal müharibəsində də Rusiyanın barmağı olduğu ehtimallar arasında ilk yerdə dayanır. Belə olan təqdirdə bu dövlətlər arasında ən azından hərbi-siyasi sahədə (yəni buraya müntəzəm siyasi məsləhətləşmələr, hərbi-siyasi informasiya mübadiləsi, zəruri olduğu halda isə əməkdaşlığın alyans səviyyəsinə yüksəldilməsi kimi məsələlərin müzakirəsi daxildir) müzakirələr vacibdir. Bu cür müzakirələrin ənənəvi xarakter alması istisna deyil. Mənim zənnimcə, belə bir format Qərbin də maraqlarına uyğundur. Eyni zamanda belə toplantılar Rusiya və Ermənistanın özlərindən hədsiz müştəbehliklərini müəyyən qədər tormozlaya bilər. Bu ölkələrin xarici işlər nazirlərinin də belə bir formatda görüşlərinin keçirildiyini nəzərə alsaq, siyasi perspektivin kifayət qədər uğurlu ola biləcəyini də söyləmək mümkündür".