“Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti Siyasət

“Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti

Azərbaycan Avropanın enerji təhlükəsizliyi rolunda

Cavid

Azərbaycanda dünya əhəmiyyətli növbəti hadisə baş verib. Ötən gün müasir dövrün ən iddialı layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına başlanmasının əsası qoyulub.
Əlamətdar haldır ki, məhz sentyabrın 20-də "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsi) imzalanmasının 20 illiyində Bakıda Xəzər qazının Gürcüstan və Türkiyə ərazisilə Avropaya tədarükü üzrə layihənin əsası qoyulub.
Bu marşrut üzrə ilkin mərhələdə "Şahdəniz" yatağından Azərbaycan qazının nəql olunacağına baxmayaraq, bu marşrut gələcəkdə Mərkəzi Asiya və İranın enerji daşıyıcılarının Avropaya tədarükü üçün vacib yola çevrilə bilər.
Bu layihənin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayıb.
"Cənub Qaz Dəhlizi" özündə Cənub Qafqaz qaz kəmərinin (Bakı-Tiflis-Ərzurum) genişləndirilməsi layihəsini, Türkiyədə TANAP qaz kəmərinin və Avropada TAP qaz kəmərinin tikintisini birləşdirir.
Yeni marşrut, ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, özü üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək. Hazırda Avropa üçün əsas qaz mənbələrindən biri Mərkəzi Asiya ola bilər. Bu qazın boru kəmərləri vasitəsilə tədarük olunması üçün 3 istiqaməti - Rusiya, İran və Xəzər vasitəsilə Azərbaycana və daha uzağa - nəzərdən keçirmək olar. Burada Rusiya xətti istisnadır. Hər halda Rusiya qazından asılılığın azaldılması məqsədilə mənbələr axtaran Avropa İttifaqı üçün İranın ərazisi ilə marşrut da alternativ olmayacaq. Öz növbəsində, Avropa və ABŞ-ın İranla siyasi problemləri də bu ölkənin ərazisi ilə marşrutu alternativ etmir.
Daha perspektivli marşrut isə qazla zəngin olan Mərkəzi Asiya regionundan enerji daşıyıcılarının Xəzər və Azərbaycan ərazisilə nəqlidir.
Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin açılması tədarükçülər qarşısında faktiki olaraq rahat infrastrukturlu, tədarük həcmlərinin artırılması ilə miqyası genişlənə biləcək yeni marşrut açır.
2013-cü il dekabrın 17-də Azərbaycan qazının tədarüklərinin təmin edilməsi çərçivəsində "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul olunub. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.
Gələcəkdə Azərbaycanın "Ümid", "Abşeron" və digər yataqlardan hasilat hesabına qaz ixracı həcmini xeyli artıracağı gözlənilir.
Bu həcmlər Avropa üçün kritik olmasa da, "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti gələcəkdə xeyli genişləndirilə bilən yeni marşrutun açılmasındadır. Azərbaycan artıq bir dəfə bu yolu keçib.
Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsindən əvvəl bu layihənin xeyli sayda tənqidçisi var idi. Onlar bəyan edirdilər ki, bu layihə səmərəli və rentabelli deyil. Lakin zaman bu bəyanatların yanlış olduğunu göstərdi. Bu neft kəməri Xəzərdən Aralıq dənizinədək özünəməxsus yol saldı. Hazırda bu boru kəməri üzrə təkcə Azərbaycan deyil, həm də Qazaxıstan və Türkmənistan nefti nəql olunur.
Azərbaycanın həyata keçirdiyi "Cənub Qaz Dəhlizi" layihəsi və digər layihələr dünya əhəmiyyətlidir. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib ki, Azərbaycanın Türkiyə və digər ortaqları ilə həyata keçirdiyi enerji layihələri sadəcə regionda deyil, eyni zamanda, böyük bir coğrafiyada sülhün olmasına xidmət edəcək: "Çox istərdik ki, həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini digər ölkələr də anlasın və səylərimizə ortaq olsunlar".
Onun sözlərinə görə, bu gün dünyanın enerji sektorunda ciddi dəyişikliklər baş verir və enerji sahəsində yeni oyunçular meydana gəlir: "Bu gün dünyada baş verən bəzi siyasi dəyişikliklər enerji təhlükəsizliyi məsələsini daha da aktual edir".
Türkiyəli nazir TANAP-ın ən önəmli layihələrdən biri olduğunu deyib və gələcəkdə bir çox qaz qaynaqlarının bu layihəyə qoşulacağına ümidini ifadə edib: "Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ölkələri ilə əlaqələrin möhkəmlənməsinə də təsir edəcək ciddi bir layihədir".
Monteneqronun baş naziri Milo Cukanoviç isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi istər "Əsrin müqaviləsi", istər digər müqavilələr baxımından çox vacibdir. M.Cukanoviç qeyd edib ki, bu dönəm ərzində Azərbaycan həqiqətən də çox möhtəşəm inkişaf yolu keçib: "Enerji sahəsində dinamik dəyişikliklər həm ölkə daxilində, həm də qlobal səviyyədə hiss olunurdu. Monteneqro bu layihənin tərkib hissəsi olmuşdur. Tiranada imzalanmış Anlaşma Memorandumu və ondan sonra Bakıda təşkil edilmiş konfrans nəticəsində biz bu layihədə iştirakımızla bağlı qərar vermişik. TANAP və TAP layihələrinin reallığa çevrilməsinin tərkib hissəsi olmuşuq. Adriatik dənizi, Albaniya, Monteneqro, Bosniya və Hersoqovina, Xorvatiyanı birləşdirəcək kəmər çox əhəmiyyətlidir. Bu, bizim və qonşularımız üçün yeni enerji imkanları açmaqdadır. Qərbi Balkanlarda bu layihələrin mahiyyəti çox böyükdür".
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinə yönəlib: "Biz dünyanın ən böyük, eyni zamanda, ən mürəkkəb qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağının işlənməsini uğurla həyata keçiririk. İşlənmənin ikinci mərhələsində tərəfdaşlarımızla birlikdə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, TANAP və TAP kimi nəhəng qaz kəmərlərini inşa edəcəyik.
Bu layihələrə 45 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaqdır. SOCAR artıq dünya neft-qaz bazarına inamla daxil olmuşdur. Biz bu gün "Cənub Qaz Dəhlizi"nin marşrutu boyunca böyük investisiya layihələri həyata keçiririk. Bu ölkələrin bəzilərində isə ən iri sərmayəçiyik. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz 21-ci əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaqdır".
Onu da qeyd edək ki, bir neçə gün öncə Vaşinqtonda "Cənub qaz dəhlizi: Avropanın enerji təhlükəsizliyi üçün nəticələr" mövzusunda dəyirmi masa keçirilib.
Xəzər regionu üzrə tanınmış ekspert Brenda Şaffer Cənub "Qaz Dəhlizi"nin əhəmiyyəti barədə danışıb. Cozef Merfinin sözlərinə görə, əsas məqsəd Xəzərin ehtiyat mənbələrini Avropa ilə birləşdirmək, Avropa qitəsi üçün yeni qaz ehtiyatları yaratmaq və Avropanın özündə yeni birləşdirici boru kəmərləri şəkilməsini stimullaşdırmaqdır.
Ekspertlərə görə, Transadriatik Qaz Kəməri layihəsi artıq həmin layihədə iştirak edən Albaniya üçün, habelə Cənub-Şərqi Avropa regionundakı Bosniya və Herseqovina, Monteneqro və Bolqarıstan kimi ölkələr üçün yeni imkanlar yaradacaq. Avropada təbii qazın paylaşdırılması sistemlərinin ən nüfuzlu operatorlarından biri olan "Fluxys" şirkəti Transadriatik Qaz Kəməri layihəsində 16 faiz payçıdır. Həmin qaz kəmərinin tikintisinə 2016-cı ildə başlamaq və bu işi 2019-cu ildə başa çatdırmaq nəzərdə tutulur. Şirkət Albaniyada mövcud 50 körpünü bərpa etməyi və iki yeni körpü tikməyi planlaşdırır. Qaz kəməri çəkilişinin uğurlu olması üçün bu ölkədə müvafiq infrastruktur yaradılmalıdır.
Tərəfdaşlar bu layihənin həyata keçirilməsinə 45 milyard dollara qədər sərmayə qoyulmasını planlaşdırılırlar.
Cari ilin yanvar ayından bəri imzalanmış kontraktlara artıq 9 milyard dollar vəsait sərf edilib. Layihədə iştirak edən tərəfdaşlar regionda geostrateji rol oynayır və Cənub Qaz Dəhlizi Birləşmiş Ştatların və Avropa İttifaqının siyasi dəstəyi ilə bp şirkəti tərəfindən həyata keçirilən ən iri layihədir.
İqtisadçı Vüqar Bayramov bildirib ki, Qərb dövlətlərinin rəsmi nümayəndələrinin bir daha Bakıya toplaşması əslində Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edirdi. O, Azərbaycanın kəşf edilməyən qaz yataqlarının 5 trilyon kub metr olduğunu bildirib:
"20 sentyabr eyni zamanda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi ilə tarixə düşdü. Bu gün Qərb dövlətlərinin rəsmi nümayəndələrinin bir daha Bakıya toplaşması əslində Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edirdi. Heydər Əliyev Mərkəzində həm Azərbaycan prezidenti, həm də qonaqlar ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu bir daha bəyan etdilər. Yalnız "Şahdəniz" və "Abşeron" yataqlarından 2 trilyon kub metrdən çox mavi qaz hasil edilməsi gözlənilir. Ölkəmizin kəşf edilməyən qaz ehtiyatları isə 5 tirlyon kub metrə yaxındır. Bu isə Azərbaycanın tezliklə regionun "Enerji Habı"na çevrilməsi deməkdir".
O, "Cənub Qaz Dəhlizi" anlaşmasının Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına töhvə verəcəyini deyib:
"Ukrayna-Rusiya münaqişəsi fonunda idxalının 42 faizini "Qazprom"dan alan Avropa üçün enerji təhlükəsizliyi qitənin ümumi təhlükəsizliyinin ən vacib elementinə çevrilib. Brüsseldə isə enerji təhlükəsizliyini formalaşmasını Bakısız təsəvvür etmirlər. Bu baxımdan, indiki anlaşma yalnız Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına deyil, eyni zamanda Avropa enerji asıllığının azaldılmasına ciddi töhfə verəcək. "Şahdəniz"in 2-ci fazasının işlənməsi ölkəmizə yaxın illərdə 150 milyard dollar vəsaitin daxil olması deməkdir. Bununla da, ölkəmiz növbəti dekada da ixracın artan həcminin qorunub saxlanmasına nail ola biləcək. Ölkə prezidenti bildirib ki, Azərbaycan Avropa Birliyi üçün yeganə yeni alternativ mavi qaz mənbəyidir. Sadəcə bu fakt Azərbaycanın Qərbdən ötrü əhəmiyyətini izah etmək üçün yetərlidir".