“Udan populistlər və şüarçılar oldu” Siyasət

“Udan populistlər və şüarçılar oldu”

Səçavət Əlisoy: "Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi"
Qubad İbadoğlu: "Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəldiyinə inanmaram"
Samir Kazımlı: "Partiyanın daxilində təşkilatçılıq işləri çox zəifdir və bu problemin aradan qaldırılmasına ümidlərim də azdır"

Müsavat partiyasının qurultayından sonra partiyada gərginlik atmosferi hiss olunur. Bir sıra ekspertlər hesab edirlər ki, uduzan namizədlər Arif Hacılının başqanlığını həzm etməyəcəklər. Onların tərəfdarları ilə birgə istefa verəcəyini deyənlər də az deyil. Sabiq namizədlərin qurultaydan sonrakı açıqlamaları da bunu deməyə əsas verir.
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılıya işarə edərək bildirib ki, 50 dəfə "mən" deyən biri başqan seçildi: "Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu. Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı "çete"sinin hər cür oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər, hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacağam".
Sabiq namizəd Qubad İbadoğlu isə deyib ki, o və tərəfdarları Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyil: "İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilir ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulub. Bütün bunlara baxmayaraq, mən bu hadisəni Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik". O bildirib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultay ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: "Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi.
Əvvəla, onu da qeyd edim ki, mənə səs verənlər əksəriyyəti Müsavat partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib hesab edənlər, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar oldu. O da az olmadı. Bu, onu göstərdi ki, Müsavat partiyasında bunu istəyən kifayət qədər adam var. Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən İsa Qəmbərin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı".
O, əlavə edib ki, müşahidə etdiyi məqamlar əslində elə bu və digər səbəblər eləcə də sui-istifadə halları ilə bağlıdır: "Sui-istifadə məsələsində icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu rəsmi qəbul olunmuş mesaj idi. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəldiyinə inanmaram".
Onun sözlərinə görə, partiyada kifayət qədər tərəfdarları var: "O özünü yalnız seçkinin nəticələri ilə ifadə etmir. Bilirsiniz ki, seçkidən kənarda qalan xeyli gənc, partiyanın qadınlar təşkilatı, ziyalıları, açıq şəkildə mənə dəstək verib. Seçkinin nəticələri də az göstərici deyil, kifayət qədər böyük göstəricidir. Biz bu qərarı birlikdə veririk, yəni bu, təkcə mənim fərdi qərarım deyil. Hər halda bizim məsləhətləşmələrdə ilkin rəy ondan ibarətdir ki, partiyada fəaliyyətimizi davam etdirək. Fəaliyyətimizin hansı formada, hansı formatda, hansı səviyyədə olması ilə bağlı müzakirələr gedir. Hələ ki, bizim nə seçkili orqanlarda, nə təyinatlı vəzifələrdə yer almaq fikrimiz var. İstəyirik ki, həm də yeni seçilmiş komandaya, eyni zamanda, onların köhnə platformasına bir meydan verək. Davam etsinlər, görək, Müsavatı hara aparırlar, necə inkişaf etdirirlər?".
Onu da qeyd edək ki, artıq Samir Kazımlı Müsavat Partiyasından istefa verib. O, Müsavat Partiyasının daxilində təşkilatçılığın ciddi şəkildə zəif olduğunu bildirib: "...Bu problemin aradan qaldırılmasına ümidlərim də azdır. İstəyirsən partiyaya 100 yox, 200 illik partiya de, amma bu belədir. Məsələn, 10 ildən çoxdur bilmirəm ki, mənim üzv olduğum rayon təşkilatının (Nərimanov) sədri, sədr müavini, özək sədri və üzvləri kimdir. Yəqin ki, onlar da bilmirlər ki, mən onların təşkilatının üzvüyəm".
Samir Kazımlı istefa bəyanatında partiyanın illərdir 1000 nəfərlik zal istəməsinə baxmayaraq qurultayını 448 nəfərlə keçirməsi barəsində də öz fikirlərini yazıb:
"Neçə ildir ki, deyirdilər ki, bizə 800-1000 nəfərlik yer verilsə, bundan sonra qurultay keçirə bilərik. Səhv etmirəmsə, sonda qurultayı heç bir qonaq çağırmadan 600 nəfər qurultay nümayəndəsi ilə keçirməyi planlaşdırmışdılar. Amma cəmi-cümü 450 nəfərlə keçirə bildirlər. Əgər belə idisə, bəs hanı yerdə qalan qurultay nümayəndələri? Həmin günün qurultay nümayəndələrinin birinin rəhmətə getdiyini elan etdiniz, Allah ruhunu şad etsin. Bəs qurultaya gəlməyənlərin harda olmasını niyə elan etmədiniz? Əgər belə olacaqdısa, bəs neçə ildir ki, 800-1000 nəfərlik yer deyə-deyə camaatın baş-beynini niyə aparırdınız? Bundan başqa partiya başqanı vəzifəsinin müddəti keçməsinə baxmayaraq bir neçə il partiyada başqan kimi qaldı və səbəbini də belə izah etdilər ki, hakimiyyət qurultay keçirməyə şərait yaratmır. Tamam. Amma bütün bunlara baxmayaraq başqan demokratik dəyərlərə hörmət edərək hakimiyyətini qurultay keçirmək üçün yer verməməsinə etiraz olaraq istefası haqda ərizə yazıb, səlahiyyətlərini partiyanın ikinci şəxsinə da ötürə bilərdi. Amma bu baş vermədi. Buna da hakimiyyət mane oldu? Bəlkə də olub, bizim xəbərimiz yoxdur?".

Əli