Hikmət Eren: Ermənistan Azərbaycanın çoxşaxəli inkişaf dinamikasını həzm edə bilmir Siyasət

Hikmət Eren: Ermənistan Azərbaycanın çoxşaxəli inkişaf dinamikasını həzm edə bilmir

Azərbaycanın hərtərəfli inkişafı, həyata keçirilən beynəlxalq iqtisadi layihələrin dünya birliyi tərəfindən dəstək alması və bəyənilməsi Cənubi Qafqazda kompleks dirçəliş mühiti yaradıb. Təbii ki, bütün bu prosesdə Azərbaycan regional liderlik missiyasını əzmlə qoruyur. Belə bir şəraitdə Ermənistana ancaq işğalçılıq siyasətindən əl çəkib inkişaf tərəfdarlarına qoşulmaq yolunu tutmaq qalır. Lakin təəssüf ki, təcavüzkar tərəf proseslərə xəstə təxəyyüllə yanaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Eren ifadə edib.

Son günlər təcavüzkar tərəfin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatı beynəlxalq səviyyəli hərbi təcavüz kimi dəyərləndirən ekspert deyib: “Ermənistan Azərbaycanın çoxistiqamətli inkişaf dinamikasını həzm edə bilmir. Lakin təcavüzkar tərəfin rəhbər şəxsləri, siyasi dairələr yaxşı bilirlər ki, regiondakı beynəlxalq iqtisadi layihələrdən təcrid olunmağın iki mühüm səbəbi var: birincisi Azərbaycana qarşı işğalçılıq siyasəti və onun fəsadları, ikincisi Türkiyəyə qarşı əsassız iddialar. Hər iki halda ənənələri davam etdirmək Ermənistan rəhbərliyində sanki bir varislikdir. Yaxşı olar ki, işğalçı tərəf bütün bu məsələlərə görə, günahı özündə axtarsın və gerçək vəziyyəti dərk etsin. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi kimi: təcavüzkar tərəfin bu siyasəti olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. İndi ortada acı bir həqiqət var: Ermənistan təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin və riyakar əməllərdən istifadə edir. Vəziyyətdən normal çıxış yolu budur ki, ya Ermənistanda həqiqətən də öz xalqının maraqlarını düşünən bir lider ortaya çıxıb real konsepsiya irəli sürməlidir, ya da bu forpostun sahibi bunları başa salmalıdır ki, sizin xəyal etdiyiniz dövr, 1990-cı illərdə qaldı”.