Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırdı Siyasət

Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırdı

Arif Hacılının müavinləri isə ondan "bölücü fəaliyyət"ə son qoymağı tələb edirlər

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu "facebook" səhifəsində tərəfdarlarına çağırış edib. O deyib ki, qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslər partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirib. Və əlavə edib ki, belə dialoq və polemikalar Müsavatın bütövlüyünü üçün bir sınaq meydanıdır.
Q. İbadoğlu noyabrın 8-də partiya qərargahında görüş keçirəcəyini açıqlayıb: "Müsavat Partiyasının Mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diktəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur".
Onun sözlərinə görə, görüşdə nizamnamə pozuntuları ilə bağlı hazırladıqları arayışa MNTK-nın verdiyi rəyə də münasibət açıqlanacaq.
Qubad İbadoğlu sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edib.
Müsavat başqanı Arif Hacılının tərəfdarları isə bu çağırışa sərt reaksiya veriblər. Arif Hacılının müavini Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasının qurultayda seçilmiş başqanı, Məclis üzvləri, Divanı, Mərkəzi Nəzarət Təftiş Komissiyası var və əgər kiminsə təklifi varsa, başqanla, Məclis və Divan üzvləri ilə, başqan müavinləri ilə müzakirə edə bilər: "Müsavatçılarla ayrıca görüş keçirmək başqanlığa keçmiş namizəd statusunu gündəmdə saxlamaq, partiyanın mövcud strukturlarına etimadsızlıq göstərilməsinə nail olmaq cəhdidir. Həmçinin belə görüşlər Müsavat Partiyasında bölücülük cəhdi kimi qəbul edilir. Amma bunlar əbəsdir, heç kim Müsavat Partiyasını bölə bilməz".
Müsavat başqanının digər müavini Nüşabə Sadıxlı isə deyib ki, Qubad İbadoğlu görüşdə öz tərəfdarlarını "konstruktiv müzakirələrə" dəvət etsə, Müsavatda bölücülüyə son qoymağa çağırsa, yaxşı olar: "Bu görüşə qatılmaq istərdim, lakin noyabrın 8-də Müsavatın bölgə müşavirəsində iştirak edəcəm".
Digər müavin Osman Kazımov da hesab edir ki, Qubad İbadoğlu görüş təşkil etmək istəyirsə etsin, fikir bildirmək hər bir insanın hüququdur: "Mənim özümə gəlincə, partiyadaxili işlərim çoxdur, həmin görüşdə iştirak etməyəcəm".
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Soltanlı isə Müsavat Partiyasında kiminsə tərəfdarları adı altında toplantı keçirilməsinin əleyhinə olduğunu bildirib: "Qurultaydan sonra Müsavatda nə Arif Hacılının, nə də Qubad İbadoğlunun tərəfdarı olmalıdır. Bu kimi məsələlər partiyaya ziyan vurur. Belə görüşlər keçirilməsini indiki vəziyyətdən çıxış yolu kimi qəbul etmirəm. Bu kimi görüşlərdən problemlərin dərinləşdirilməsi üçün sui-istifadə oluna bilər. Qubad İbadoğlunu öz fikirlərini, təkliflərini Müsavat Partiyasının formalaşmış strukturlarına bildirə bilər".