27 illik münaqişəni 27 görüş və 7 variant həll edə bilməyib... Siyasət

27 illik münaqişəni 27 görüş və 7 variant həll edə bilməyib...

Mübariz Əhmədoğlu: "Bu münaqişəni 7 günlük sanksiyalaşdırılmış müharibə birdəfəlik həll edə bilər"

27 il ərzində keçirilən 27 görüşün və 7 tənzimləmə variantınin nəticəsizliyini sanksiyalaşdırılmış 7 günlük müharibə aradan qaldıra bilər. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ötən gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 27-ci ili tamam olur. Onun sözlərinə görə, həmsədrlər indiyədək ümumilikdə 7 tənzimləmə variantı ortalığa qoyublar: "Madrid və Yenilənmiş Madrid prinsipləri ilə əvvəlki 3 tənzimləmə modeli arasında 10 illik fasilə yarandı. Bu dövrdə bu və ya digər formada ərazi mübadiləsinə dair 2 variant ortalığa qoyuldu. Madrid prinsipləri 2008-ci, Madrid prinsiplərinin yenilənmiş variantı isə 2009-cu ildə ortalığa qoyuldu. 2008-ci ildən bu günədək prezidentlər 17 dəfə görüşüblər. Ermənistanın eks-prezidenti R.Koçaryanın dövründə keçirilən görüşlərin sayı da təxminən 10-dur. 27 il ərzində keçirilən 27 görüşdə 7 tənzimləmə variantı müzakirə olunub". M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm regiona səfəri, həm də Parisdəki görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdülər: "Regiona səfərdən sonra yaydıqları ənənəvi bəyanatda daha çox əvvəlki, erməniləri qane edən mövqedə qaldıqları hiss olunurdu. Sonradan Paris görüşünün erməni ssenarisinin dəyişməsi ilə həmsədrlərin də mövqeyi dəyişildi. Həmsədrlərin Azərbaycan mətbuatına həmin dövrdə müsahibə verməsi mesaj idi. Fransa görüşündən sonra həmsədrlər bəyanat yaymadılar. Bu, onların praktikasında az rast gəlinən hadisədir. Çünki Paris görüşünün nəticələri həmsədrləri qane etməyib. Həmsədrlər Böyük Sülh Sazişinin hazırlanmasının tərəfdarıdırlar. Azərbaycan da Böyük Sülh Sazişinin hazırlanmasına tərəfdarıdır. Ermənistan tərəfi Böyük Sülh Sazişinin hazırlanmasına razılıq vermir. "Hələ tezdir" deyir. Əvvəlcə tənzimləmə prinsipləri barədə müqavilənin imzalanmasını, sonra isə Böyük Sülh Sazişinin imzalanmasını tələb edir. Böyük Sülh Sazişi Yenilənmiş Madrid prinsipləri əsasında hazırlanacaq. Ona görə xalqların bərabərliyi və xalqların öz müqəddaratını təyinetmə prinsipi də daxil olmaqla həm tənzimlənmə prinsipləri, həm də etimad tədbirləri Böyük Sülh Sazişinin tərkibində olacaq. Ermənilərin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə tənzimlənməsinə hazır olmaması göz qabağındadır. Beynəlxalq ictimaiyyət "bir görüşlə və ya qısa müddət ərzində mürəkkəb Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz", "yalnız dinc yolla", "yalnız ATƏT MQ formatında" tezislərini tez-tez təkrar etməklə ermənilərin yalanlarına inanmağa davam etməkdə olduqlarını göstərirlər".
M.Əhmədoğlu qeyd edib ki, 27 görüş və 7 variant Dağlıq Qarabağda yaşayan erməni ilə Dağlıq Qarabağdan deportasiya olmuş azərbaycanlını bir dəfə də olsun Dağlıq Qarabağda və ya kənarda görüşdürə bilməyibsə, həmsədrlərinin gücü və niyyəti ciddi şübhə doğurur.
Onun sözlərinə görə, 27 il ərzində Dağlıq Qarabağda Ermənistan hərbçisinin sayı bir nəfər də olsun azalmayıb. İşğalçı erməni hərbi birləşmələrinin sayı bu müddət ərzində yalnız artıb: "Belə olan təqdirdə Ermənistanın nəyəsə razılıq verəcəyini düşünmək özünü aldatmaqdır. Qızlarını hərbi xidmətə məcburi qaydada çağırmağa hazırlaşan Ermənistanın gələcək strategiyasında da Dağlıq Qarabağ münaqişəsini tənzimləmək niyyəti görünmür. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qərar qəbul edə bilmir. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qərar qəbul edə bilmir. Nəticədə, həm Ermənistanın vəziyyəti pisləşir, həm də regionda regional və beynəlxalq vəziyyətlər risklərlə üzləşir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə qərar qəbul edə bilməyəcək. Erməni milli xüsusiyyəti, erməni maksimalizmi, uydurma miflər, saxta tarix və beynəlxaq ictimaiyyətin bunlara inanması qərar qəbul etməyə imkan vermir. Amma beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı qərar qəbul edə bilər. Azərbaycana öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara beynəlxalq ictimaiyyətin razılığı olarsa, bu müharibə minimal itki ilə, az risklə başa çatacaqdır. Nəticədə, Dağlıq Qarabağ erməniləri azərbaycanlıları ilə birlikdə Dağlıq Qarabağda inkişafa imkan verən şəraitdə və təhlükəsiz mühitdə yaşayacaqlar. 27 illik münaqişəni 27 görüş və 7 variant həll edə bilməyibsə də, bu münaqişəni 7 günlük sanksiyalaşdırılmış müharibə birdəfəlik həll edə bilər". Onun sözlərinə görə, Azərbaycan hökumətinin ritorikası sərtləşir, yeni termin və ifadələrlə zənginləşir. Azərbaycanda İrəvanın Ermənistana verilməsi ilə bağlı elmi məlumatlar mətbuatda dərc edildi. Ordu günü-gündən möhkəmlənir. Azərbaycan hökumətinin ritorikasının sərtləşməsi, İrəvanın Azərbaycana məxsusluğu ilə bağlı elmi məlumatların dərc edilməsi, hərbi quruculuq işinin daha da inkişaf etdirilməsi Azərbaycanın nəinki indiki, hətta tarixi torpaqlarını özünə qaytarmaq iradəsini nümayiş edir.

Əli