ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb Dünya

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb

Son bir neçə gün ərzində ABŞ-ı bürüyən qar fırtınasının nəticələri səbəbindən azı 85 nəfər həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölüm hallarının təxminən yarısı ölkənin cənub-şərqində yerləşən Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb. İnsanların ölüm səbəbləri arasında donma, isinmək məqsədilə od qalayarkən dəm qazından zəhərlənmə, hava şəraiti ilə əlaqədar yol-nəqliyyat hadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanı baş verən ürək tutmaları göstərilir.

Qeyri-sabit hava şəraiti 200 milyondan çox ABŞ sakininə təsir edib, bəzi ərazilərdə 50 santimetrdən artıq qar yağıb. Əlverişsiz şərait səbəbindən ötən həftəsonundan bəri ölkədə on minlərlə aviareys ləğv edilib. PowerOutage monitorinq resursunun məlumatına görə, hələ də təxminən 220 min istehlakçı elektrik enerjisiz qalıb və onların əksəriyyəti Tennessi və Missisipi ştatlarında yaşayır.

Dağıntıların təmizlənməsi və əhaliyə yardım göstərilməsi üçün hakimiyyət orqanları Milli Qvardiyanın yüzlərlə əməkdaşını cəlb edib.

ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə əsasən, qar fırtınasından zərər çəkmiş bəzi ştatlar son onilliklərdə ən uzunmüddətli soyuq dövrlə üzləşə bilər. Proqnozlara görə, yaxın vaxtlarda ABŞ-ı ekstremal soyuq hava dalğasının yeni mərhələsi gözləyir.

Məryəm Quliyeva