Prezidentin dini ekstremizmlə savaş - Çağırışı Siyasət

Prezidentin dini ekstremizmlə savaş - Çağırışı

Prezident İlham Əliyev: "Dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri göstərir ki, dinlər arasında dözümlülük münasibətlərinin alternativi yoxdur"

"Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini toleranlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilən "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquq normaları ilə tənzimlənir: "Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyətlə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir".
İlham Əliyev bildirib ki, bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etnosiyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur: "Nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət rəsmilərinin, tanınmış din xadimlərinin, alimlərin, ekspertlərin iştirak etdiyi belə bir faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, aktual mövzuya həsr olunmuş beynəlxalq konfransınız işini səmərəli müzakirələr şəraitində quracaq, dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq, qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafına öz layiqli töhfəsini verəcəkdir".