“Müsavatın rayon təşkilatlarının 70-80 faizi iflic vəziyyətdədir” Siyasət

“Müsavatın rayon təşkilatlarının 70-80 faizi iflic vəziyyətdədir”

Səxavət Əlisoy: "Partiyada maliyyə fırıldağı mövcuddur və burada maliyyə şəffaflığından söhbət gedə bilməz"

Hikmət Hacızadə: "Müsavat mənim üçün bitib"

Qubad İbadoğlu: "Hikmət Hacızadə Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də özü onun ən böyük qurban oldu"

Əlövsət Talışxanlı: "Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm"

Müsavat partiyasında vəziyyət getdikcə gərginləşir. Son proseslər proqnozlaşdırlıdığı kimi istefalarla yadda qaldı. Bundan başqanlığa sabiq namizəd Səxavət Əlisoy tənqidi fikirlrinə görə partiyadan çıxarıldı.
Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.
Səxavət Əlisoy Müsavat Partiyasının sıralarından xaric olunmasına münasibət bildirərkən, "mən Müsavat Partiyasının sıralarında xaric edilməyimi gözləyirdim. Bu barədə məlumatı sosial şəbəkədə paylaşmışdım. Təbii ki, mən Müsavat Partiyasının qurultayının nəticələrini leqitim saymıram",- deyib: "Mən Arif Hacılını, onun Divanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK), nə də onun Məclisini leqitim hesab etmirəm. Bizim onların kimləri cəzalandıracaqları haqda məlumatlarımız var idi. Onların ötən dəfə keçirilən toplantısında da kimləri cəzalandırmaq haqqında bilgiyə malik idik. Guya onlar hələ Əlövsət Talışxanlıya lütf ediblər. Arif Hacılı ilə siyasi baxışlarımız bir-biri ilə təzad təşkil edir. O daha çox populizm, boş-boş cəfəng danışmaq və addımlar atmağın tərəfdarıdır. Mən isə siyasi proseslərin intellektual çərçivədə aparılmasının tərəfdarı olmuşam. Bizim onunla aramızda illərlə bu cür siyasi mübarizə gedib". Müsavat Partiyası başqanlığına keçmiş namizəd hesab edir ki, Partiyada bütün populizt çıxışların başında Arif Hacılı dayanıb: "Onun partiyasının rayon təşkilatlarının 70-80 faizi iflic vəziyyətdədir. Müsavat Partiyasında maliyyə fırıldağı mövcuddur və burada maliyyə şəffaflığından söhbət gedə bilməz. Buna da birbaşa rəhbərlik edən Arif Hacılıdır. Yəni, bizim onunla birgə siyasi fəaliyyətimiz mümkün olan proses deyildi. Onlar çox gözləyirdilər ki, mən özüm istefa verim. Heç şübhəsiz ki, burada başqa səbəblər də var. Niyə məhz mənim üstümdə dayanmaları ilə bağlı zamanla açıqlama verəcəm".
Qeyd edək ki, Müsavat Partiyası divanının toplantısında partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib. Divan Səxavət Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.
Müsavat Partiyası sıralarından istefa verən Hikmət Hacızadə "universitetdə işləmək kimi bir təklif olsa idi, yaxşı olardı",- deyə vurğulayıb. O, partiyadakı istefasının işsiz qalması ilə heç bir əlaqəsi olmadığını deyib: "Mən "Müsavat"da işləmirdim ki, işdən də çıxam. Bu mənim partiya və siyasi baxış mənsubiyyətimi əks etdirən qurumla əməkdaşlığım idi. Məsələn, bundan sonra ali təhsil müəssisələrində dərs demək kimi bir iş olsaydı, yaxşı olardı". Politoloq Hikmət Hacızadə istefadan sonrakı fəaliyyətinə də aydınlıq gətirib: "Müsavat"dan sonra da mənim siyasi fəaliyyətim necə var, elə də qalacaq. Demokratiya, demokratik maarifləndirmə, demokratik mübarizə fəaliyyətlərim yenə əvvəlki qaydada davam edəcək. "Müsavat haqqında heç nə demək istəmirəm, mənim üçün daha elə bir anlayış yoxdur. Müsavat mənim üçün bitib".
Xatırladaq ki, Hikmət Hacızadə Müsavat Partiyasından istefa verib. O, "söz azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə dözümsüzlük kampaniyasına etiraz olaraq" Müsavat Partiyasının üzvlüyündən istefa verdiyini açıqlayıb. Müsavat partiyasının üzvü Qubad İbadoğlu da Hikmət Hacızadənin istefasına münasibət bildirib: "Hikmət bəy Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də özü onun ən böyük qurbanı oldu".O, bildirib ki, bu olayda itirən Müsavat olub: "Müsavatın ən dözümlü, emosional, ömrünün yarısından çoxunu demokratiya, azad və müxtəlif fikirlilik uğrunda mübarizəyə sərf edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla zarafatla deyil, ciddi şəkildə vidalaşdı. O, partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat partiyasının üzvlüyündən istefa verdi. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin agrısını yaşayanda onun miqyasini dərk edəcəyik və onda Hikmət bəyin yerini də görəcəyik. Hikmət bəy çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən də o, Müsavatın payına düşmüşdü". Qubad İbadoğlu vurğulayıb ki, Hikmət Hacızadə mübarizəsini davam etdirəcək: "Biz sizi çox istəyirik, əziz Hikmət bəy! İnanırıq ki, sizin partiya daxilində başladığınız mübarizənin əhəmiyyətini başa düşən və dəyərini verən müsavatçılar sizin partiyadakı xəttinizi davam etdirəcək, tezliklə partiyamızda ədalət bərpa olunacaq, repressiyalara son qoyulacaq, heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalanmayacaq. Yetər bəylər və xanımlar, nəticə çıxarın, sonra gec olacaq, ən azı növbəti dəyərlərimizi itirməmək üçün qisasçılıq və intiqam hissindən kənar soyuqbaşla qərarlar verin və elə mühit yaradın ki, partiya əvvəlki axarı ilə yoluna davam etsin. Unutmayın ki, bu yol yalnız partiyadaxili demokratiyadan, birlik və həmrəylikdən keçir".
Bundan başqa Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı da partiyadan istefa verdiyini bəyan edib. Əlövsət Talışxanlı Divanın toplantısında çıxarılan qərarlara etiraz etdiyini qeyd edib. O, bəyanatında deyir: "Mən Əlövsət Sayadxan oğlu Talışxanlı qeyri-legitim Divanın Səxavət Əlisoyu partiya üzvlüyündən çıxardığı barədə qərara etiraz olaraq bu andan Müsavat Partiyası üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Daxilən müsavatçı olaraq qalsam da, partiya sıralarını tərk edirəm. Mən bu cür demokratiyaya zidd olan insanlarla birlikdə addımlaya bilmərəm. Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey İsa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm".
"Vəhdət" partiyasının Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev bildirib ki, Müsavat Partiyasının qurultayında yeni başqanın seçilməsindən sonra narazılıqların pik həddə çatması, kütləvi istefaların baş verməsi gözlənilən idi: "Arif Hacılının başqan seçiləcəyi qaçılmaz idi. İsa Qəmbər tərəfdarları, başqa namizədlərinin tərəfdarları bu seçimin qarşısını almaq üçün uzun illərlə çalışsalar da, buna nail ola bilmədilər".
Müsavatda baş verən son olayları şərh edən Vasif Əfəndiyev qeyd edib ki, İsa Qəmbərin susqunluğu təəccüb doğurur: "Belə çıxır ki, İsa Qəmbər Müsavat partiyasını məqsədli şəkildə dağıdır. O gözəl bilirdi ki, Arif Hacılını başqan postuna gətirəndən sonra partiyada böyük narazılıqlar olacaq, hətta partiya dağılacaq. Belə də oldu. Bəs o bu addımı niyə atdı? Təbii ki, bu sualın cavabı çoxlarına bəllidir. İsa Qəmbər uzaqgörən siyasətçi deyil, onun hesab makinası ümumilikdə partiyanı darmadağın etdi".
Millət vəkili Siyavuş Novruzov Müsavat Partiyasında baş verənlərə münasibət bildirərkən deyib ki, partiyada saxtakarlığı açıq-aşkar bəyan edənlər işdən çıxarılır: "Səxavət Əlisoy da həqiqəti dediyi üçün Müsavatdan qovuldu". Millət vəkilinin sözlərinə görə, partiyada təkrar başqan seçkilərinin keçirilməsi labüddür: "Artıq Müsavatın sütunları sayılan Hikmət Hacızadə, Nəsib Nəsibli kimi insanlar istefa veriblər. Onların da tələbləri partiyada söz azadlığının pozulması və seçki saxtakarlığı olub. Əgər təkrar başqanlıq seçkiləri olmasa Müsavatın işi çətin olacaq". Siyavuş Novruzov Səxavət Əlisoyun Müsavatdan qovulma səbəblərindən də danışıb: "Səxavət Əlisoy Arif Hacılının başqanlığını tanımadığını dəfələrlə deyib. O, da partiya daxilində yeni demokratik qurultay və seçki keçirilməsini tələb edir. Çünki bir qrup tərəfindən Müsavat Partiyası monopoliyadadır. Demək olar ki, repressiya başlayıb. Ömrü boyu yalandan demokratiyadan danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxta olduğunu deyənlər indi özləri partiyadaxili seçkilərdə saxtakarlığa əl atırlar. Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının, Müsavat nizamnamələrinin pozulduğunu partiyadan gedənlər də deyir. Amma Müsavatı əlində saxlamağa çalışan bir qrup var. Onlar da bunu qəbul etmək istəmir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında deyib ki, Müsavat Partiyasının taleyi Azərbaycan Milli İstiqlal Partiyasının, Liberal Partiyanın taleyindən fərqli olmayacaq.
Sərdzr Cəlaloğlu bildirib ki, Azərbaycanda innovasiya deyilən xəstəlik var, siyasi situasiyanın, rəhbərliyin, yerin, zamanın dəyişməsi insanlarda bu cür diskomfort yaradır: "Tutaq ki, deyilən ittihamlar düzdür, qurultayda hansısa müəyyən hərəkətlər olub, İsa Qəmbər kimisə müdafiə edib, kimsə kiminsə tərəfindən çıxış edib. Bunların heç biri o cür reaksiyalara adekvat deyil. Ortada Azərbaycan müxalifətinin ən tənəzzül dövrünü yaşadığı vəziyyət, sərhədlərimizdə çox təhlükəli proseslərin getdiyi bir zaman var. Belə bir şəraitdə "filankəs partiyanın sədri oldu, filankəs partiyanın sədri olmadı" deyərək istefa vermək, yaxud öz partiyasının əleyhinə piar üçün zəmin yaradan fikirlər səsləndirmək yanlışdır. Ancaq mən əvvəlcə də İsa Qəmbərə demişdim ki, gedişin Müsavat Partiyasında çox ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Müxalifətdə yanlış bir fikir var, deyirlər ki, Lalə Şövkət olmasın, Əvəz Temirxan olsun, İsa Qəmbər olmasın, Arif Hacılı olsun, nə fərqi var?! Belə deyəndə də axırda bu cür vəziyyət yaranır. Liderin nə rolunu şişirtmək, nə də liderin rolunu azaltmaq lazımdır. Müsavat Partiyasındakı indiki vəziyyət liderin rolunun kiçildilməsi ilə bağlı yaranmış vəziyyətdir. İsa Qəmbərin gedişindən sonra partiyadakı qüvvələrin bir-birinə üfüqi istiqamətdəki münasibətləri konfliktlərə, ziddiyyətlərə gətirib çıxarır ki, bu da Müsavat Partiyasını zəiflədir. Təbii ki, proses elə aparılmalı idi ki, məğlub tərəf qalib tərəfi qəbul etsin. Amma orada tendensiyalar olub, şərait pis olub, imkan olmayıb, yaxud kimlərsə subyektiv olaraq prosesə müdaxilə edib və nəticədə də belə vəziyyət yaranıb. Hər halda proseslər Müsavat Partiyasının lehinə inkişaf etməyəcək.".
Sərdar Cəlaloğlu hesab edir ki, bu gün Qubad İbadoğlu, Vurğun Əyyub Müsavat Partiyasının rəhbərliyini qəbul etmirlərsə, rəhbər orqanlarda təmsil olunmurlarsa, bu o deməkdir ki, onlar Müsavat Partiyasında formal, müvəqqəti qalırlar: "Onları artıq Müsavat Partiyasından getmiş adamlar kimi qiymətləndirirəm, ərizələrini nə vaxt yazacaqlar, yazmayacaqlar, bu, fərq etmir. Bu gün bu insanlar və adını çəkmədiyimiz digər insanlar haqlı və haqsız olmağından asılı olmayaraq, partiyanın nüfuzuna zərbə vuran fikirlər deyirlərsə, ictimaiyyətdə partiya ətrafında qeyri-sağlam atmosfer yaradırlarsa, mən onları Müsavat Partiyasında olan adamlar hesab etmirəm. Hər bir partiyada problemlərin həlli nizamnamələrində nəzərdə tutulub. Partiyalarda Mərkəzi Nəzarət-Təftiş Komissiyası var, çıxardığı qərar bütün tərəflər üçün nümunə olmalıdır. Əgər o qərarla razı deyillərsə, "Siyasi partiyalar haqqında" qanuna əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməlidirlər. Qubad İbadoğlu, o cümlədən Vurğun Əyyub da məhkəməyə müraciət etməlidirlər və MNTK-nın qərarını məhkəmə predmetinə çevirməlidirlər. Heç kəsin öz əleyhinə olan qərarı səmimi şəkildə qəbul etmədiyini nəzərə alsaq, belə çıxır ki, partiyanın ali orqanının istənilən qərarına etiraz edəcəksən ki, bu, ədalətsizdir, vəssalam! Partiyanın üzvlər, üzvlərin də partiya qarşısında hüquqları var, belə məsələlər hüquq müstəvisində müəyyənləşməlidir".

Əli