Elmar Məmmədyarov Bazeldə Ermənistana xəbərdarlıq etdi Siyasət

Elmar Məmmədyarov Bazeldə Ermənistana xəbərdarlıq etdi

"Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının Bazeldə (İsveçrə) keçirilən iclasında çıxış edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir çıxışında deyib ki, Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir.
"Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqlarımızı birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatdır. Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xətlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi narahatlıq hiss edirik. ATƏT müstəvisindən iştirakçı dövlətlər arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır" deyə nazir qeyd edib.
Onun sözlərinə görə, ATƏT məqsədyönlü şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələlərə həddindən artıq böyük diqqət yetirir: "Demokratiya quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki, bəzən biz müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan hüquqlarına münasibətdə narahatlıqlar adı altında dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra edərkən ikili standart, coğrafi və digər üstünlüklərdən uzaq olmağa çağırırıq.
Təəssüf ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir. ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır".
Elmar Məmmədyarov xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir: "Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan dəfələrlə bəyan edib və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir. Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni verməyəcək".