“Azərbaycanın Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib” Siyasət

“Azərbaycanın Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib”

Nurlan Qələndərli: “Bu Prezident İlham Əliyevin əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladığını bir daha təsdiq edir”

“Müəyyən müddətdir ki, bəşəriyyət olduqca mürəkkəb situasiyanın fonunda yeni qlobal çağırışla üzləşib. Daha dəqiq desək, dünya ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılaraq pik həddə çatması günümüzün acı reallığına çevrilib. Ayrı-ayrı regionlarda və bütövlükdə dünya miqyasında ümumi mənzərə qənaətbəxş deyil. Ölkələr bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin gərginləşməməsi üçün mövcud imkanlardan maksimum istifadə edirlər. Bütövlükdə, yeni növ koronavirus infeksiyasının sürətlə yayılaraq ölkələri cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkəmizdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib: “Azərbaycan dövlətinin pandemiya ilə mübarizə sahəsində səmərəli siyasət həyata keçirib, yeni laboratoriyalar ölkəyə gətirilib, modul tipli xəstəxanalar istifadəyə verilib, il ərzində karantin rejimi vəziyyətə uyğun tənzimlənıb, Azərbaycanın Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladığını, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir”. Politoloq qeyd edib ki, koronavirus pandemiyasının müşahidə edildiyi dönəmdə Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb: “Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünün, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19 ilə mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi də bu kontekstdə müstəsna əhəmiyyətə malikdir. Heç şübhəsiz, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış etməsi qlobal strateji önəm daşıyır. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzatması, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verməsi və digər faktlar xüsusi qeyd edilməlidir. Bütün bunlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bütövlükdə, koronavirusla mübarizənin Azərbaycan nümunəsi cəlbedici və spesifik model kimi beynəlxalq arenada diqqət mərkəzində saxlanılır”.

Əli Zülfüqaroğlu