Həmsədrlər gəldi, Rusiya fəallaşdı... Siyasət

Həmsədrlər gəldi, Rusiya fəallaşdı...

Sahib Alıyev: "Ciddi danışıqlar üçün birincisi, həmsədrlər özləri ciddi omalıdırlar"

Qabil Hüseynli: "Rusiya prezidentinin optimal variant məsələsi Ermənistanda hakimiyyət dəyişikliyindən başlayacaq"

Sergey Markov: "Münaqişənin ATƏT-in Minsk qrupu formatında həllini görmürəm"


"Biz prezident İlham Әliyev vә digər rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözlәyirik". Bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb. "Hәr kәs bundan faydalanacaq", - deyә C. Uorlik bildirib.
Qeyd edək ki, həmsədrlər - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşlər keçiriblər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Bu gün isə həmsədrlər İrəvana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.
Xarici işlər naziriElmar Məmmədyarov deyib kİ, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir: "Biz dəfələrlə təklif etmişik ki, sülh sazişi layihəsi üzərində işimizi başlamalıyıq". Nazir bildirib ki, Fransa prezidenti Fransua Olland, həmsədrlər bununla bağlı dəstək bəyanatları veriblər: "Hər dəfə atəşkəsin pozulması barədə fikirlər səsləndirilir. Bunun baş verməməsi, regionda sülhə nail olunması üçün ciddi danışıqlar başlamalıdır. Bunun üçün hərbçilər, əsgərlər öz yerlərinə qayıtmalı, işğal edimiş Azərbaycan ərazilərindən çıxmalıdırlar. Həmsədrlər bununla bağlı çağırış etməlidirlər, qoşunlar çıxarsa, onda atəşkəs də pozulmayacaq".
Ceyms Uorlikin açıqlamasına münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki, ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik Azərbaycanda "ciddi danışıqlar" olacağına ümid edir. Onun fikrincə, ciddi danışıqlar üçün birincisi, həmsədrlər özləri ciddi omalı, ikincisi, danışıqlar xatirinə danışıqlar təşkil etmək mərəzindən əl çəkməli, üçüncüsü, Azərbaycanla Ermənistanı "tərəflər" yox, işğala məruz qalan və işğalşı adlandırmalı, ona uyğun olaraq da hərəkət etməlidirlər: "Hələlik təəssüf ki, həmsədr ölkələrin hərəkətlərində Mitçel qanununun əlamətlərindən başqa heç nə nəzərə çarpmır. Bilməyənlərin diqqətinə çatdırıram ki, Mitçel "Əgər bir problemi müşkülə çevirmək istəyirsənsə, onun həllilə bağlı çoxlu müzakirəlr keçirmək lazımdır", deyirdi. Həmsədrlər 1994-cü ilin dekabrında ATƏM-in(o zaman ATƏT belə adlanırdı) Budapeştdə keçirilən Zirvə toplantısından, yəni həmsədrlik institutu təmsil ediləndən üzü bəri ancaq bununla məşğuldurlar. Uorlikin təbirncə desək "ciddi danışıqlar" aparmaqla".
Bu arada isə Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin maraqlı açılama verib. O bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır. Dövlət Dumasının sədr müavini vurğulayıb ki, xüsusilə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün optimal variant üzrəində işləyir.
Politoloq Qabil Hüseynli isə Vladimir Niktinin fikirlərini şərh edərkən deyib ki, Rusiya prezidentinin optimal variant məsələsi Ermənistanda hakimiyyət dəyişikliyindən başlayacaq: "Optimal variant kimi birinci Ermənistanda hakimiyyət dəyişikliyini nəzərdə tuturam. Çünki Ermənistanda hakimiyyətdə olanlar danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur və yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür. Kremlin də müəyyən çağırışlarına tabe olmurlar. Görünür, optimal variant Ermənistanda hakimiyyət dəyişikliyindən başlayacaq. Rusiya nisbətən daha az millətçilik xəstəliyinə tutulan bir şəxsin Ermənistanda hakimiyyətə gətirməyə çalışır. Bunun isə Qarabağ probleminin yenidən çözülməsi üçün iki ölkə rəhbərliyinin görüşləri seriyasından ibarət olacağını düşünürəm. Zənnimcə, görüşlər seriyasında Rusiya hələlik iqtisadi-siyasi maraqları üçün müəyyən bazarlıqlar aparacaq. Həm də Azərbaycanı öz tərəfinə çəkmək üçün Ermənistandan danışıqlarda konstruktiv olmağı, Azərbaycanınm ərazi bütövlüyünün təmin edilməsini tələb edə bilər".
Ekspertin sözlərinə görə, burada bir təhlükəli variant da var: "Rusiya Dağlıq Qarabağda öz qoşunlarını yerləşdirmək kimi o qədər də məqbul olmayan məsələni də gündəmə gətirə bilər. Bu isə Azərbaycan üçün məqbul sayıla bilməz. Rusiya bu variantda daha konstruktiv mövqedə dayana bilər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi sülh variantında da onun təsdiqinə çalışa bilər. Bu şərtlə ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyat statusu verilməklə, o statusun təmasçısı kimi öz qoşunlarını, yaxud da hərbi bazasını Dağlıq Qarabağda yerləşdirməyi də tələb edə bilər. Azərbaycan bununla razı olmaya və bunun əvəzində Avrasiya İttifaqına daxil olmağı öhdəlik kimi götürə bilər. Yəni Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi və Azərbaycanın Avrasiya Birliyinə daxil olması məsələsi gündəmdə ola bilər".
Rusiyalı ekspert, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib ki, atəşkəs müqaviləsinin imzalanmasından keçən illər ərzində Azərbaycanın ordusu da, iqtisadiyyatı da inkişaf edib. O qeyd edib ki, bunu hər kəs, o cümlədən ermənilər də hiss edir: "Digər tərəfdən, blokada vəziyyəti onları bezdirməyə başlayıb. Əminəm ki, bölgədəki insanlar sülh içində yaşamaq və sosial şəraitlərini yaxşılaşdırmaq istəyirlər. Yeni mərhələ üçün isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalı, hərbi gərginlik azaldılmalıdır. Ondan sonra xüsusi status ətrafında danışmaq olar. Ümid edirəm ki, 7 rayonun azad edilməsi ilə də bağlı danışıqlar gedir. Belə olan halda həm infrastrukturun inkişafı üçün şərait yaranacaq, həm də bölgədə davamlı sülhün yaradılması üçün əsaslar olacaq". S. Markov vurğulayıb ki, onun dediyi parametrlər Moskva tərəfindən də məqbul sayıla bilər, amma əvvəlcə, mövqelər yaxınlaşmalıdır: "Münaqişənin ATƏT-in Minsk qrupu formatında həllini görmürəm. Çünki orda ABŞ var və daim prosesi bloklamaqla məşğuldur. Kim Rusiyanın əngəl olduğunu düşünürsə, o, Amerika agentidir. Rusiya bu bölgədə müharibənin olmasında maraqlı deyil. SSRİ dövründə Azərbaycan da, Ermənistan da müttəfiq idi və münaqişə yox idi. Düşünürəm ki, hər iki ölkə yenidən Avrasiya İttifaqında təmsil olunsa, münaqişənin həllində böyük irəliləyiş əldə olunar. Mən demirəm ki, Rusiya Ermənistandan Qarabağı alıb, Azərbaycana verəcək, amma dialoq və sülh üçün daha münbit şərait yaradıla bilər". O, rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə bir erməni ailəsini öldürməsindən sonra Rusiya-Ermənistan münasibətlərindəki vəziyyət barədə də sualı şərh edib: "Rusiyanın Ermənistandan da sadiq müttəfiqləri var - Belarus və Qazaxıstan. Amma bu münasibətlərin gərginləşməsinə xidmət edən hadisənin mahiyyətini açanda başqa mənzərə yaranır. Həmin şəxs hərbi xidmətdən əvvəl bir xristian sektasının üzvü olub və həmin sekta ABŞ-dan idarə olunur. O, birdən-birə və heç bir səbəb olmadan Ermənistana göndərilməsi üçün müraciət edir, altı ay sonra da bu dəhşətli qətli törədir. Fikrimcə, kimlərsə onun dini inanclarından istifadə edərək, belə bir cinayətə sürükləyiblər. Daha sonra isə Rusiya əleyhinə nümayişlər oldu, Rusiya bayrağı yandırıldı. O qətlin törədilməsində də, Rusiya bayrağının yandırılmasında da bir xüsusi xidmət iştirak edib".

Əli