“Ermənistan ölkəmizin hərbi gücünü kifayət qədər yaxşı qiymətləndirə bilir” Siyasət

“Ermənistan ölkəmizin hərbi gücünü kifayət qədər yaxşı qiymətləndirə bilir”

Mütəllim Rəhimli: "Ona görə də hücuma keçməklə çox böyük həcmdə canlı qüvvə və texnika itkisi olacağını hesablamamış deyil"

"Almaniya kansleri Angela Merkelin Ümumavropa Ordusu yaradılması təklifi yeni ideya deyil və əvvəllər də belə bir fikir irəli sürülüb. Bunu siyasi analitik Mütəllim Rəhimli bildirib: "İndi yenidən Ümumavropa Ordusunun yaradılması haqqında mülahizələrin ortaya atılması, zənnimcə, iki amillə bağlı ola bilər. Birincisi, həyata keçirilməkdə olan Avropa ölkələrinin birliyini daha da möhkəmləndirmək. Çünki indiyədək Avropanın vahidləşməsi istiqamətində zaman-zaman işlər görülüb. Bir neçə vahid idarəetmə strukturları yaradılıb, vahid valyuta dövriyyəyə buraxılıb, prezident seçilib və s. Ordunun yaradılması da bu istiqamətdə atılan addımlardan biri ola bilər. Onsuz da hazırda Avropa ölkələrinin ayrı-ayrılıqda deyil, vahid Avropanın təhlükəsizliyindən danışılır. Ordunun yaradılması da bu siyasətin tərkib hissəsidir. Həm də bu fikrin indi səsləndirilməsi Avropa Birliyində ilkin işartıları görünən ittifaqdan uzaqlaşma meyllərinin qarşısını kəsməyə yönələ bilər. Çünki Avropa Birliyi ölkələrində yaranan maliyyət və iqtisadi böhranlar əhalinin onun gələcəyinə ümid və inamla baxmağa mane olur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxır. Ona görə ki, Rusiya ilə əlaqələrin kəsilməsi nəticəsində bu ölkələrdə yaranan iqtisadi böhranın aradan qaldırılması üçün AB ciddi və təmannasız iş görmür. Bu səbəbdən də Rusiyaya qarşı vahid mövqenin formalaşdırılmasını təmin etmək məqsədilə vahid ordu yaradılması ideyası ortaya atıla bilər. Bu yolla mərkəzdənqaçma meyllərinin qarşısı alınmış olar. Eyni zamanda, Avropa ölkələrində və Avropa ictimai fikrində özünə qarşı inam yaratmaq niyyətindən qaynaqlana bilər. Bu Rusiyaya qarşı daha çox psixoloji hücumdur. Belə ki, Avropa daxilində həmrəylik, Rusiyada isə gərginlik yaratmağa hesablana bilər". ABŞ-ın Ukraynaya hərbi yardımına gəlincə, Mütəllim Rəhimli deyib ki, Birləşmiş Ştatların artıq Rusiyaya qarşı müqavimət göstərmək üçün başqa yolu yoxdur: "Sanksiyalar gözlənilən effekti vermir, həm də vaxt uzanır. Bu isə Rusiyaya qarşı mübarizənin səmərəsiz olduğu qənaətini formalaşdırır, ABŞ-ın super güc imicinə zərbə vurur. Ona görə də ABŞ Ukrayna ordusunu silahlandırmaq niyyətindədir". O, deyib ki, bu addım Ukrayna uğrunda müharibəni daha da şiddətləndirəcək: "Amma amerikalı analitiklər hesablayırlar ki, bu yolla Rusiyanı daha çox zəiflətmək mümkündür. Nəticədə Rusiyanı vurub Ukraynadan çıxarmaq və bu ölkəni öz nəzarətləri altına salmaq olar". Bu kimi proseslərin Cənubi Qafqaz regionuna hansısa formada təsirinə gəlincə Mütəllim Rəhimli deyir ki, Ukrayna hadisələri məhz keçmiş sovet respublikaları üçün hesablanıb: "Yəni bu regionun gələcək taleyinin müəyyənləşdirilməsi üçün açar kimi seçilib. Bu, faktiki olaraq ABŞ-la Rusiya arasında qeyd etdiyimiz respublikalar uğrunda gedən mübarizədir. Bu mübarizə vaxtilə SSRİ ilə ABŞ arasında Əfqanıstanda üzə çıxdı və elə böyük bir problem yaradıldı ki, indiyədək də həll oluna bilməyib. Hazırda isə bu qarşıdurma Ukraynada meydana çıxıb. Böhran artıq Qafqaz regionuna təsir edib. İndi özünü daha çox maliyyə, iqtisadi sahədə göstərir. Azərbaycanla-Ermənistan arasında cəbhədə artan gərginliyi də mən buraya aid edərdim. Ancaq düşünürəm ki, Ukrayna böhranı indiki nöqtədən tərpənməsə ətraf regionlara təsiri artmayacaq. Lakin böhran vəziyyətində dəyişikliyin əmələ gəlməsi, təbii ki, Qafqazlarda da özünü göstərəcək. İnkişaf dinamikasından asılı olaraq bu yeni münaqişə ocaqlarının yaranmasına da səbəb ola bilər. Əksinə stabilliyin formalaşmasına da". Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamaq üçün hazırlıqlara start verdiyi barədə yayılan xəbərlərə gəlincə o, hesab edir ki, Ermənistanın yenidən Azərbaycanla müharibə etməyə ehtiyacı yoxdur: "Sağlam məntiq də sübut edir ki, Ermənistan müharibədən daha çox işğal etdiyi ərazilərin hüquqi cəhətdən özünə birləşdirilməsinə daha maraqlıdır. Həm də Ermənistan ölkəmizin hərbi gücünü kifayət qədər yaxşı qiymətləndirə bilir. Ona görə də hücuma keçməklə çox böyük həcmdə canlı qüvvə və texnika itkisi olacağını hesablamamış deyil. Üstəlik sərhədyanı ərazilərdən Azərbaycanın onun iri yaşayış massivlərini vura biləcəyi, hətta İrəvanın özünün də zərbə altına düşəcəyi aksiomadır. Belədirsə niyə Ermənistan müharibəyə başlasın. Bu sadəcə olaraq hərbi taktikadan və informasiya müharibəsindən başqa bir şey deyil. Ermənistan rəhbərliyinin yalnız Rusiyanın sifarişi ilə müharibəyə başlayacağı fikirlərini də bölüşmürəm. Düşünürəm ki, Daşnaksütun Partiyası ilə Ermənistanı saxlayan lobbi hansı qərarı versə, bu ölkənin rəhbərləri də onu icra edəcək. Ancaq Daşnaksütunun Qərbin, yoxsa Rusiyanın sifarişini eşidəcəyini indi birmənalı söylmək çətindir".

Əli