“Qarabağ bölgəsi beş hava limanı ilə əhatə olunacaq” Siyasət

“Qarabağ bölgəsi beş hava limanı ilə əhatə olunacaq”

Adil Əliyev: “Bu, regionun iqtisadi və logistik mərkəzlərin yaradılması imkanlarını genişləndirəcək”

“Laçında beynəlxalq hava limanının tikintisinə start verilməsilə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən hava limanlarının sayı üçə çatıb”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Onun sözlərinə görə, Gəncə beynəlxalq hava limanını və hazırda fəaliyyət göstərməyən, amma gələcəkdə bərpa olunması nəzərdən keçirilən Naftalan aeroportunu da nəzərə alsaq, Qarabağ bölgəsi beş hava limanı ilə əhatə olunacaq: “Yeni aeroportların inşası üçün strateji mövqelər seçilib. Fizuli İranla, Zəngilan isə həm İranla, həm Ermənistanla həmsərhəd rayondur. Eyni zamanda, Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşir. Laçın aeroportu isə xüsusilə həssas bir nöqtədə, yəni Laçın dəhlizinin keçdiyi yerin, ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının və Ermənistanla sərhədimizin yaxınlığındadır.
Hava limanları beynəlxalq aviasiya təşkilatları tərəfindən tanınır və rəsmi qeydiyyatdan keçir. Bu isə öz növbəsində həmin aeroportların və onların yerləşdikləri ərazilərin Azərbaycan Respublikasının yurisdiksiyasına aid olduğunu bir daha beynəlxalq səviyyədə təsbit edir. Bunun əhəmiyyətini anlamaq üçün Qarabağda hələ Sovet dövründən mövcud olmuş Xocalı aeroportunu xatırlayaq. Ermənistan işğal dövründə ciddi cəhdlər etsə də, Xocalı aeroportundan istifadə edə bilmədi. Məhz ona görə ki, bu hava limanı beynəlxalq hüquqla Azərbaycanın yurisdiksiyasındadır. Beynəlxalq hüquqda mövqeyimizin güclü olması bizim xeyrimizədir. Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron erməni diasporunun nümayəndələri ilə görüşdə etiraf etməyə məcbur oldu ki, bu torpaqlar beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına məxsusdur və bu səbəbdən Fransa müharibəyə müdaxilə edə bilməzdi. Oxşar fikirləri 44 günlük Vətən müharibəsinin gedişi zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də səsləndirdi. Bu baxımdan işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanlarının inşası və strateji yerləşdirilməsi Qələbəmizin nəticələrinin beynəlxalq hüquq müstəvisində möhkəmləndirilməsinə xidmət edir. Bu isə Azərbaycan dövlətinin diplomatik gücünün təzahürüdür”.
A.Əliyev əlavə edib ki, hava limanlarının tikintisinin əhəmiyyəti təkcə beynəlxalq hüquq kontekstilə məhdudlaşmır: “Məsələnin ciddi praktik əhəmiyyəti var. Onların inşası xüsusən də, işğaldan azad edilmiş torpaqların, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə yenidən inteqrasiyası üçün önəmlidir. Təbii ki, hava nəqliyyatının olması işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması işlərinin sürətlənməsində və həmin ərazilərin məskunlaşması üçün insanların gediş-gəlişində əhəmiyyətli rol oynayacaq. Hava limanları daha sonrakı perspektivdə regionun turizm potensialının reallaşdırılması, iqtisadi və logistik mərkəzlərin yaradılması imkanlarını genişləndirəcək. Bölgədə çoxsaylı hava limanlarının olmasının praktik faydaları digər amillərlə birlikdə sıravi erməni sakinlərin yenidən Azərbaycan Respublikasının vətəndaşları kimi Azərbaycana inteqrasiyasını stimullaşdıracaq. Bu perspektivin artıq ilkin işartıları var. Cənab Prezidentin qeyd etdiyi kimi bəzi erməni sakinlər Azərbaycan tərəfinə tikinti və yenidənqurma layihələrində işləmək istədiklərini bildiriblər.
Hava limanlarının yaradılması ciddi maliyyə və iqtisadi resurslar tələb edir ki, Azərbaycan dövləti də bunu təmin etməyə qadirdir. Amma siyasi iradə və diplomatik güc olmadan təkcə iqtisadi imkanların mövcudluğu bu işlərin həyata keçirilməsi üçün yetməzdi. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə tikilən hava limanlarının, xüsusən də aeroport tikintisi üçün olduqca çətin relyefini və coğrafi şəraitini nəzərə alsaq, Laçın hava limanının inşasına başlanması Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və dövlət başçısının diplomatik məharətinin təcəssümüdür”.