“Ermənistanın səhvlərini, nələr itirdiyini hakimiyyət də anlayıb” Layihə

“Ermənistanın səhvlərini, nələr itirdiyini hakimiyyət də anlayıb”

15 May

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşməsi normal haldır.Bunu jurnalistlərə açıqalmasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib: "Belə çərçivədə olan özəl söhbətlər çox normal davranışdır. Biz də insanıq və biz də bir-birimizlə söhbət edə bilərik. Hər görüşümüzdə hansısa problemi həll etməməliyik".Mnatsakanyan həmçinin Paşinyanla Əliyevin növbəti görüşünün Vaşinqtonda olma ehtimalının çox olduğunu bildirib. Bununla belə, o özünü sığortalayaraq, ABŞ-ın bu barədə açıqlama verməsinin daha doğru olacağını söyləyib.

Brüsseldə daha bir hadisə isə Azərbaycan nümayəndə heyətinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammitin yekunu olaraq qəbul edilən yekun bəyannaməni imzalamaması oldu. Buna səbəb üzv ölkələrin ərazi bütvölüyünün tanınmaması idi.

Beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlərin prosesə ikili standartla yanaşmaları, Ermənistanın işğalçı addımlarına və danışıqlar prosesini pozma cəhdlərinə loyal münasibətləri vəziyyəti daha da gərginləşdirir.

Bir müddət öncə isə Ermənistan Xarici İşlər Nazirliyinin atəşkəsin əldə edilməsinin 25-illiyi ilə bağlı bəyanatı da danışıqlar prosesini pozma xarakteri daşıyır. Qeyd edək ki, Azərbaycanda sərt etirazla qarşılanan bu bu bəyanat Ermənistanda da tənqid edilir.

“Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahnazaryanın fikrincə, Ermənistan baş naziri və Xarici İşlər Nazirliyinin son bəyanatlarının Dağlıq Qarabağda sülhün təmin olunması baxımından heç bir dəyəri yoxdur. WorldMedia.Az-ın məlumatına görə, o, bunu Ermənistan Xarici İşlər Nazirliyinin atəşkəsin əldə edilməsinin 25-illiyilə bağlıbəyanatını Tert.am-a şərh edərkən bildirib: “Bu bəyanatın gündəmlə əlaqəsi yoxdur. Gördüyümüz odur ki, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, ATƏT-in Minsk qrupunun bəyanatlarında və birgə qəbul edilmiş sənədlərdə Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalar əks olunmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı həmin razılaşmaları bərpa etməyə, başqa sözlə, itirdiklərini qaytarmağa yönəlmiş uğursuz cəhddir”.

Məsələ ondadır ki, XİN-in Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsinin 25 illiyi münasibətilə yaydığı bəyanatda Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalardan (cəbhə xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi) bəhs edilsə də, ATƏT-in Minsk qrupunun son bəyanatlarında bu razılaşmalar yada salınmır. “Son günlərdə atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan-Ermənistan sərhədində bir, qoşunların təmas xəttində isə iki əsgərimiz ağır yaralanıb. Bu insidentlər atəşkəsə riayət olunmasının, atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Başqa sözlə, Vyanada və Sankt-Peterburq sammitlərində 2016-cı ilin aprel döyüşlərindən sonra əldə edilmiş razılaşmalara əməl olunmalıdır”, - deyə XİN-in bəyanatında bildirilir.

Hrant Melik-Şahnazaryan isə əmindir ki, bu razılaşmaların danışıqların gündəminə qaytarılması çox müşkül məsələdir. O, İrəvanın bu istiqamətdə atacağı addımların uğurlu olacağına inanmır: “Mən bu ehtimalın yüksək olduğunu düşünmürəm. Çünki Vyana və Sankt Peterburq görüşlərindən sonra yeni razılaşmalar əldə edilib, həmsədrlər və münaqişə tərəfləri yeni bəyanatlarla çıxış edib. Təbii ki, Azərbaycan tərəfi və vasitəçilər yeni razılaşmaları önə çəkəcək”.

Politoloq baş nazir Nikol Paşinyanın jurnalistlərlə görüşdə dediyi “Azərbaycan prezidenti İlham Əliyev belə bir razılaşmanın əldə olunduğunu qəbul etmir” fikrinə də münasibət bildirib: “Bir daha təkrar edirəm, indiki vəziyyətdə həmin razılaşmalardan danışmaq sadəcə, onları bərpa etməyə uğursuz cəhddir. Ermənistan hakimiyyətinin məqsədi bəlkə də bu məsələni gündəmə gətirmək yox, erməni ictimaiyyətini aldatmaqdır. Gördüyümüz odur ki, Ermənistan danışıqlar prosesində də təklənıb. Hər halda, ATƏT-in Minsk qrupunun bəyanatları Azərbaycan tərəfindən alqışlarla qarşılanır. Cəmi bir il öncə isə Ermənistanla Minsk qrupunun mövqeyi bir çox məsələlərdə üst-üstə düşürdü. Bu gün vəziyyət tam dəyişib”.

Politoloqun fikrincə, 2017-ci ildə əldə edilmiş sözügedən razılaşmaların danışıqların gündəmindən çıxarılması məhz Ermənistan rəhbərliyinin səriştəsizliyinin nəticəsidir. “Son dövrlərdə, yəni Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsindən sonra çox şey itirmişik. Səbəb yeni hakimiyyətin Dağlıq Qarabağ danışıqlarının incəliklərindən xəbərsiz olduğu halda, yeni təşəbbüslərlə çıxış etməsidir. Onlar hakimiyyətə gələr-gəlməz, Azərbaycan rəhbərliyilə dialoqa girdi və bunu böyük nailiyyət kimi qələmə verirdi. Lakin bu görüşlər nəticəsində Azərbaycan danışıqlar prosesində üstünlüyü tam ələ aldı. Ermənistan tərəfinin hansı itkilərlə üzləşdiyini anlamamaq üçün axmaq olmaq lazımdır. Bu barədə çox danışılıb. Fikrimcə, artıq Ermənistanın səhvlərini, nələr itirdiyini hakimiyyət də anlayıb”, - deyə o, vurğulayıb.

Hrant Melik-Şahnazaryan son dövrlərdə Ermənistanla Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin yenidən gərginləşdiyini də xatırladıb. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyev arasında Tacikistan paytaxtı Düşənbədə əldə edilmiş razılaşmalar yerinə yetirilmir: “Azərbaycan liftdə əldə edilmiş razılaşmalardan cəbhə bölgəsində öz mövqeyini daha da möhkəmləndirmək üçün istifadə etdi. İndi, Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycan tərəfinin cəbhə bölgəsində tikdiyi hərbi obyektləri görür, hansı problemlərlə üzləşdiyini anlamağa başlayır. Bu problemlərin aradan qaldırılması üçün perspektiv isə hələ ki, görünmür”.

Deputat Cavid Osmanov isə Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısı zamanı məlum bəyannamədə üzv ölkələrin ərazi bütövlüyünün tanınmaması məsələsinə mövqeyini açqılayarkən deyib ki, Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammitin yekunu olaraq qəbul edilən yekun bəyannamədə üzv ölkələrin ərazi bütvölüyünün tanınmaması təəssüf doğuran məsələdir: “Azərbaycanın suverenliyi, ərazi bütovlüyü və ümumiyyətlə Helsinki Yekun Aktının prinsipləri ilə uzlaşmayan hər hansı bir sənədin tərəfimizdən qəbul olunması qeyri mümkündür”.

Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi, şübhəsiz ki, Azərbaycan üçün önəmli məsələdir:“Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə də birmənalı şəkildə bəyan edib ki, bu qurumla əməkdaşlıq məsələsində ana xətt Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğalçı Ermənistana layiq olduğu münasibətin sərgilənməsindən keçir. Bu mənada rəsmi Bakının ərazi bütövlüyümüzün əks olunmadığı hər hansı sənədə imza atması mümkün deyil. Ümumiyyətlə yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil. Birincisi ona görə ki, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn, Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək, Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Biz isə burada bunun şahdi olmuruq və o baxımdan burada məntiqsizliyin şahidi oluruq. Azərbaycanın belə sərt mövqe sərgiləməsi doğru bir addım idi. Əslində Azərbaycan bu sərt mövqeyi ilə digər ölkələrin də maraqlarından çıxş edib”.

Azərbaycan Prezidentinin Brüsselə səfərinin əhəmiyyətindən danışan C. Osmanov bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər milli maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçika Kralı Filip ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb”.

Deputat keçirilən görüşlərin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişafına və əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Deputat eyni zamanda, onu da əlavə edib ki, Azərbaycan Prezidentinin Brüsseldə yüksək səviyyədə qəbul edilməsi və məhsuldar görüşlər keçirməsi, onun milli maraqlarımızın təmin olunması istiqamətində cəsarətli addımlar atması, təbii olaraq anti-azərbaycançı mərkəzləri narahat edir. “Lakin onların bu cəhdləri hər zaman boşa çıxdığı kimi bu dəfə də boşa çıxdı. Təbii ki, belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək, ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır”.

Əli