16:45
609
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən il gözdən əlilliyi olan 32 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 27-si kişi, 5-i isə qadın olub.
SXA-nın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilir. Benefisiarlar burada sosial, tibbi, pedaqoji, psixoloji və idman yönümlü reabilitasiya xidmətlərinə cəlb olunurlar.
Onlarla brayl əlifbasının öyrədilməsi, əl ağacından düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də ayaq hissiyyatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Gözdən əlilliyi olan şəxslərin sosial adaptasiyasının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif fəaliyyətlər, ekskursiyalar da təşkil edilir, maarifləndirici təlimlər keçilir.
Bu kateqoriyadan olan şəxslər müəssisəyə öz müraciətləri, valideynləri, qohumları və ya digər qanuni nümayəndələri, həmçinin bələdiyyələr və qeyri-hökumət təşkilatları tərəfindən edilən müraciətlər əsasında qəbul olunurlar.
Müraciətlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə edilir.


